Tarix: 17.08.2024 / 23:50
Təbrizin bələdiyyə başçısı Pezeşkiana səsləndi  - AÇIQLAMA

Təbrizin bələdiyyə başçısı Pezeşkiana səsləndi - AÇIQLAMA

Son 50 ildə hökumət Şərqi Azərbaycan əyalətinə kifayət qədər sərmayə qoymayıb, əyalətin və Təbrizin iqtisadiyyatının dirçəldilməsi üçün ciddi tədbirlərə ehtiyac var.

Diaspora.TV xəbər verir ki, bu sözləri Təbriz bələdiyyəsinin başçısı Yəqub Huşyar deyib.

"Şərqi Azərbaycan əyaləti ölkədə iqtisadiyyatının 96%-i özəl sektorun əlində olan yeganə əyalətdir və bu səbəbdən də bura dövlət sərmayəsinin cəlb olunması zəruridir", - deyə Y.Huşyar bildirib.

O, Şərqi Azərbaycan əyaləti və Təbriz şəhərinin uzun illərdir İranın iqtisadi mərkəzlərindən biri olduğunu və qeyri-neft ixracatında mühüm rol oynadığına diqqət çəkib və bunun son illər zəiflədiyini söyləyib.

Y.Huşyar əlavə edib ki, bütün çətinliklərə baxmayaraq ötən il Şərqi Azərbaycan əyalətindən dünya bazarlarına 1 milyard 542 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib.

Bələdiyyə başçısı Təbriz və Şərqi Azərbaycan əyalətinin ötən illərdə müxtəlif istehsal sektorlarında xarici sərmayədarların cəlb olunması baxımından ölkədə ikinci sırada olduğundan narahatlığını ifadə edib.

"Əyalətin yüksək potensiala malik olduğuna görə Prezident Məsud Pezeşkian hökuməti əyalətə investisiya cəlb olunması məsələsinə ciddi yanaşmalıdır", - deyə Y.Huşyar bildirib.

Y.Huşyar bununla yanaşı Vərziğanın Süngün mis mədəninin vergi gəlirlərinin əyalətdə sərmayə kimi yatırılmasının azərbaycanlıların əsas tələblərindən biri olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu vəsaitin tam təmin olunması təqdirdə Şərqi Azərbaycanda istehsal, kənd təsərrüfatı və sənaye sahələri əhəmiyyətli dərəcədə inkişaf edəcək./GünazTV


Şərhlər

Yaz...