Tarix: 22 İyul 2024 10:45 | Baxış sayı: 449
Şuşa Forumu:  Qlobal informasiya etibarlılığının yeni beynəlxalq platforması

Şuşa Forumu: Qlobal informasiya etibarlılığının yeni beynəlxalq platforması

Azərbaycan daim dezinformasiyadan əziyyət çəkən, beynəlxalq səviyyəli iftiraların, qarayaxmaların fəsadlarını yaşayan dövlət olub. Bu haqsız zərbələri almağımızın əsas günahkarı mizanı əyilmiş beynəlxalq ədalət tərəzisinin başında duran istismarçı imperialist güclərdir. Lakin özümüzün də müəyyən mənada təqsirimiz var. Düşmənlərimiz beynəlxalq siyasi mərkəzlərlə, informasiya mətbəxləri ilə əməkdaşlıq qurarkən, biz daxili auditoriyaya oynamış, Tomrisdən doğma, Koroğludan əmələgəlmə olmağımızla fəxr edə-edə arxayınlaşmışıq.

Bütün bu deyilənlər öz təsdiqini 2020-ci ildə ikinci Qarabağ müharibəsində və ondan sonrakı yeni dövlətçilik mərhələsində əyani şəkildə tapdı. Azərbaycanın qüdrətlənərək istismarçı və talançı güclərin qarşısında dayanmasını sindirə bilməyən qlobal siyasi-iqtisadi vampirlərin, ölkəmizin regionun liderinə, beynəlxalq səviyyəli oyunçuya çevrilərək geopolitik məkrli oyunların önünü kəsməsindən qəzəblənən imperialistlərin yedəyində gedən transmilli media korporasiyalarının ifrat ədalətsizliklərinin, yalan istehsal edən dezinformasiya maşınına çevrildiyinin əyani şahidi olduq. Müharibə dövründə hətta mühacir müxaliflər belə, Fransa, Almaniya kimi Qərb ölkələrində böyük media quruluşlarının əsl həqiqətin dərc olunmasından imtina etdiklərini açıq mətnlə bildirirdilər. Biz belə iftira kampaniyaları ilə, qarayaxma silsilələri ilə ilk dəfə deyildi ki, rastlaşırdıq. İndi ötən əsrin əvvəllərindən başlayaraq davam edən haqsız savaşın növbəti kəskin mərhələsindəyik. Ötən dövrlərlə fərq hazırkı hücumların kütləviliyində və genişmiqyaslı olmasında, yeni texnologiyalar və alətlərdən istifadə edilməklə aparılmasındadır.

Hələ 1980-ci illərin sonunda erməni-daşnak sindromunun yenidən baş qaldırdığı vaxtlarda SSRİ və Qərb mediasında nahaq dezinformasiyaları qəzəblə oxuyur, görür və dinləyirdik. Sonra müstəqillik illərində də ədalətsiz dezinformativ hücumların yaralarını sarmaqla məşğul olduq. Lakin yaralarımızın müalicəsi zamanı bir daha yaralanmamaq üçün hansısa konseptual, planlı və sistemli cavab tədbirləri gördükmü, addımlar atdıqmı? 5-10 epizodik addımları nəzərə almasaq, köklü heç bir iş görülmədi.



Yenə təkrar edirik, yaşadığımız dezinformasiya acılarının əsl və mütləq səbəbkarı yuxarıda qeyd etdiyimiz kimi qüdrətli Azərbaycan görmək istəməyən qlobal güclər və imperilast mərkəzlərdir.

Vətən müharibəsi dövründə imperialist çevrələrin daimi morianeti olan Ermənistanın rüsvayçı məğlubiyyətini görən bu qüvvələr bizə qarşı aparılan informasiya savaşının miqyasını və çapını daha da genişləndirərək hücumların intensivliyini və davamlılığını artırmağa başlayıblar. Dövlət başçısı bu vəziyyəti belə ifadə edir:

“... bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir”.



Belə bir şəraitdə sözügedən hücumlara çevik cavab verən və əks-həmlələri bacaran, operativ reaksiya qabiliyyəti olan, sürətli və dərin analitikaya, intellektə malik, mükəmməl böhran kommunikasiyaları hazırlaya bilən mütəxəssislərdən ibarət peşəkar komandaya ehtiyac var idi. Hərb cəbhəsində parlaq sərkərdəlik qabiliyyəti, siyasi zəkası, mükəmməl idarəçiliyi və diplomatik məharəti sayəsində möhtəşəm Qələbə qazanan Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev informasiya müharibəsindəki zəif cinahlarımızı aydın şəkildə görürdü. Müdrik Rəhbər gözəl bilir ki, hərbdə və diplomatik cəbhədə mütləq Zəfərin təmin olunması informasiya müharibəsində də dik dayanmaqdan keçir. Müzəffər Ali Baş Komandanın informasiya savaşındakı boşluqları qapatmaq, haqlı davamızda qələbəmizi təmin etmək üçün həyata keçirdiyi sistemli və müdrik siyasətin tərkib hissələrindən biri də media və informasiya sahəsində reallaşdırılan qlobal miqyaslı tədbirlərdir.

Ölkə başçısı hərbdə olduğu kimi, informasiya savaşında da çoxgedişli mükəmməl kombinasiyalardan faydalanmaqla həm müdafiəni təşkil edir, həm də əlverişli şəraitdə zəruri həmlələr edərək əsas nöqtələrə zərbə endirə bilir. Məhz bu zərbələr haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Prezident bir tərəfdən qlobal media mühitinin sağlamlaşdırılması istiqamətində yorulmadan iş aparır, digər tərəfdən haqq səsimizin dünyaya çatırılması üçün transmilli informasiya korporasiyaları ilə əməkdaşlığı diqqətdə saxlayır, həm də milli media subyektlərinin beynəlxalq təcrübəsinin qayğısına qalır. Tarixi Şuşa Qlobal Media Forumu da bu məqsədləri hədəfə almışdı.

50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı İkinci Şuşa Qlobal Media Forumu iştirakçıların mövqeyini öyrənmək, həmçinin həqiqətin onlara çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bildiyimiz kimi, sözügedən forum ev sahibliyi etdiyimiz ikinci beynəlxalq media tədbiridir və tədbirə qatılan dünyaca nüfuzlu media adamlarının da qeyd etdiyi kimi, bu toplantı artıq informasiya etibarlılığının prakitk platformasına çevrilib.



Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatınının beynəlxalq aləmdə söz sahib olmasına müstəsna töhfələr verən, Türk Dövlətləri Birliyinin güclənməsində xüsusi rol oynayan, "Bakı Prosesi" və ya Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Təşəbbüsü kimi qlobal miqyaslı platformalar yarada bilmiş İlham Əliyev Azərbaycanının bu layihəsi də şübhəsiz ki, beynəlxalq ədalətin təmin olunmasında tarixi addım olacaq.

Bu forum eyni zamanda, milli mediamızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və təcrübələrinin daha da zənginləşdirilməsi, dünya görüşlərinin artırılması nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs