Fransada sürücülük vəsiqəsinin əldə edilməsinin çətinliyi barədə dəfələrlə yazılıb. Lakin qeyri-mümkün heç nə yoxdur. Hətta bu ölkədə sürücülük vəsiqəsi alan azərbaycanlılar da az deyil. Vəsiqələr qarşılıqlı tanınmadığı üçün bu ölkəyə işləməyə və ya daimi yaşamağa gedənlər yenidən imtahan verərək vəsiqə almalı olurlar.
Diaspora.TV Avtosfer.az-a istinadən xəbər verir ki, Fransada yaşayan azərbaycanlı ailə bu günlərdə sürücülük üzrə nəzəri imtahanda yerli əhalini əməlli başlı təəccübləndirə bilib. Belə ki, Quliyevlər ailəsi sübut edib ki, bir azərbaycanlı fransız dilini və qanunvericiliyini sürücülük imtahanını uğurla verə biləcək səviyyədə öyrənə bilər.
Bir neçə həftə əvvəl Asif bəy beşinci dəfədən nəzəri imtahanı verərək fransızları təəccübləndirmişdi. Bu günlərdə isə onun həyat yoldaşı Samirə xanım daha sanballı nəticə göstərə bilib. O, nəzəri imtahanı ikinci cəhddə verməyə nail olub. Halbuki, belə bir göstəriciyə nail olmaq fransızların özündə belə hər kəsə nəsib olmur. İmtahandan bu nəticə ilə keçən tanışlarım barədə fransızlar da öz təəccüblərini gizlətməyiblər.
Asəf bəy ilk sürücülük vəsiqəsini Rusiyada alıb, Azərbaycanda isə yeniləyib. Avtosfer.az-a danışan ailənin dediyinə görə Fransa və MDB məkanında sürücülük vəsiqələrinin verilmə sistemi, suallar, yanaşma tam fərqlidir. Fransada nəzəri imtahan müxtəlif mövzularda 40 sualdan ibarətdir. Müvəffəq olmaq üçün azı 35 suala düzgün cavab təlb olunur.
Hazırlıq məsələsinə gəlincə. Nəzəri imtahana həm məktəblə, həm də fərdi hazırlaşmaq mümkündür. Quliyevlər ailəsi ikinci yolu seçib. Məktəbdə nəzəri hazırlıq regiondan asılı olaraq 600-1500 avro arası dəyişir. Müəyyən hallarda bu xərci dövlət də ödəyə bilər.
Həmsöhbətimiz bildirdi ki, Fransada əyri yolla sürücülük vəsiqəsi almaq demək olar qeyri-mümkündür. Bunu bildikləri üçün fransızlar başqa variantlar axtarmırlar. Lakin MDB ölkələrindən gedənlər çox vaxt oxumadan vəsiqə almaq istəyirlər. Hazırda Quliyevlər ailəsi indi praktik imtahana hazırlaşır.