Suriya prezidenti Bəşər Əsədin ölkədə baş verən son hadisələrlə əlaqədar paytaxt Dəməşqi tərk etməsi təkcə Suriyanın daxili siyasətinə deyil, həm də Yaxın Şərqin ümumi dinamikasına dərindən təsir edəcək hadisə kimi qiymətləndirilir. Əsədin gedişi illərlə davam edən vətəndaş müharibəsi və beynəlxalq müdaxilələrdən sonra dönüş nöqtəsi də ola bilər. Bu hadisə bölgədəki güc balansını, müttəfiqlikləri və Suriyanın gələcəyini yenidən formalaşdıra bilər. Bu kontekstdə sual meydana çıxır: bundan sonra Yaxın Şərqdə hadisələr hansı xəttlə davam edəcək?
Bəşər Əsədin Dəməşqi tərk etməsi əslində Suriyada vətəndaş müharibəsinin bitmədiyini, ölkənin parçalanmasını bir daha ortaya qoyur. Əsədin nüfuzunun zəifləməsi müxalif qrupları və xüsusən də kürdlərin daha çox güc qazanacağı anlamına gələ bilər. Amma nəzərə alsaq ki, bölgədə kürdlərdən daha çox ərəblərdən sonra turkmanlar (5.5 milyon) yaşayır, onda vəziyyətin tamamilə fərqli məcraya yönələ biləcəyi istisna edilmir. Ümumulikdə isə Suriyanın gələcəyi Türkiyənin diktəsi ilə həm regional aktorların, həm də qlobal güclərin müdaxilə üslublarından asılı olaraq inkişaf edəcək.
Əsədin bölgəni tərk etməsinin ardınca ölkədə əsas iki ssenari ortaya çıxır:
Keçid hökumətinin qurulması: Bu ssenari Suriya vətəndaş müharibəsinin sona çatması baxımından ümidləri artırır. Ancaq Əsədin gedişi ilə yeni administrasiyanın qurulması prosesi ölkədəki etnik və məzhəb ayrı-seçkiliyini nəzərə alsaq, kifayət qədər mürəkkəb ola bilər. Hələb və Əl-Laziqiyyə kimi Əsədə sadiq bölgələrlə yanaşı, Suriyanın şimalındakı kürd bölgələri və İdlibdə də müxalif qrupların iddia irəli sürməsi ehtimalı bu prosesi çətinləşdirəcəyini istisna etmir.
Bölünmə və regional hegemonluq mübarizəsi: Əsədin gedişi Suriyanın faktiki olaraq bölünməsinə səbəb ola bilərmi?
Əlbəttə ki, kürdlərin nəzarətində olan, Türkiyə və İranın təsiri altında olan və qərb güclərinin müdaxiləsinə açıq olan bölgələr arasında daha dəqiq sərhədlərin çəkilmə ehtimalı yox deyil. Amma yuxarıda qeyd etdiyimiz kimi, Suriyanın gələcəyi ona azadlıq yolunda dəstək olan kənar aktorlar, xarici qüvvələrdən daha çox Türkiyənin təsiri ilə formalaşacaq. Artıq biz bunun simptomlarını müşahidə edirik. Türkiyə faktoru təkcə Əsədin devrilməsində deyil, illərdir suriyalılara qucaq açmasında da özünü təsdiqləyir.
Yaxın Şərqdə yeni ittifaqlar və güc balansları : Suriyada baş verən mövcud proseslər Yaxın Şərqdə ciddi dəyişiklikdən xəbər verə bilər. Suriyadakı hökumətin gələcəyi xüsusilə Türkiyə, İran, Rusiya və ABŞ-nin münasibətlərində yeni balans yaradacaq.
Türkiyə və kürdlər: Türkiyənin, xüsusilə Suriyanın şimalında PYD və YPG-yə qarşı ciddi təhlükəsizlik kimi narahatlıqları var. Əsədin gedişi Türkiyənin Suriyanın şimalında təsirini artırmaq üçün əməliyyatlarını daha da sürətləndirə bilər. Eyni zamanda kürdlər Əsədə qarşı mövqelərini gücləndirə, müstəqillik və ya muxtariyyət tələblərini daha sərt şəkildə səsləndirə bilərlər.
İran və Rusiyanın rolu: İran Əsədin getməsini istəməyən əsas qüvvələrdən biri kimi qiymətləndirilirdi. Əsədin devrilməsi İranın da bölgədəki təsirini zəiflədəcək. Digər tərəfdən, Rusiya da Suriyada əhəmiyyətli hərbi mövcudluğunu saxlayır və Əsədsiz Suriya Rusiya üçün böyük itki ola bilər. Ona görə də Rusiyanın bu keçid prosesində fəal iştirakı gözlənilir.
ABŞ və Qərbin reaksiyası: ABŞ heç vaxt Əsədin hakimiyyətini tanımayıb və birbaşa ölkəni hədəfə alıb. Bu vəziyyət Əsədin gedişindən sonra qərb ölkələrinin Suriyaya müdaxilə siyasətlərini necə formalaşdıracaqları ilə bağlı qeyri-müəyyənlik yaradır. Bununla belə, qərb ölkələri Suriyanın yenidən qurulmasında daha çox iştirak etmək istəyə bilər.
Regionda yeni perspektivlər: Suriyadakı hadisələr Yaxın Şərqin digər ölkələrə də təsirsiz ötüşməyəcək. Misir, Səudiyyə Ərəbistanı və İordaniya kimi ölkələr Suriyanın gələcəyi ilə bağlı atılacaq addımları diqqətlə izləyəcək. Bundan əlavə, Əsəddən sonrakı dövrdə Livan Hizbullahının və Fələstindəki qrupların tutacağı mövqe bölgədəki sabitliyə birbaşa təsir edəcək.
Bəşər Əsədin Dəməşqi tərk etməsi Yaxın Şərqdə yeni eranın başlanmasından xəbər verə bilər. Bununla belə, Suriyanın gələcəyi və bölgədəki güc balansı böyük ölçüdə beynəlxalq aktorların müdaxiləsindən və Suriya daxilində etnik və məzhəb münaqişələrinin necə idarə olunacağından asılıdır. Yaxın Şərqdə davam edən qeyri-müəyyənlik və yeni ittifaqların yaranması regionun gələcəyi üçün kritik əhəmiyyət kəsb edəcək.
Bir sözlə suriyalılar və antiəsədçi regional güclər Əsəd problemindən qurtulsa da Suriya xalqı hələ uzun müddət narahatlıqlardan xilas olmayacaq.
Ayşən Rəhim
Diaspora.TV