Tarix: 29.05.2024 / 13:14
Soydaşlarımızla əlaqələr lazımı səviyyədə qurulmur   – Partiya sədri

Soydaşlarımızla əlaqələr lazımı səviyyədə qurulmur – Partiya sədri

“Hər zaman dediyim bir fikirin üzərində dayanmaq istəyirəm. Azərbaycanın xarici ölkələrdə olan diaspor təşkilatlarının fəaliyyəti qənaətbəxş deyil. Biz bunu dəfələrlə müşahidə etmişik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Sədr bildirib ki, Azərbaycan əleyhinə keçirilən aksiyalarda qarşılıqlı olaraq Azərbaycanın həmin ölkələrdə mövcud diaspor təşkilatlarının fəaliyyətinin zəifliyi göz önündə olub:

“Bir çox hallarda hansısa tədbirin keçirilməsi ilə bağlı müşahidə etmişik ki, çox az sayda soydaşlarımız prosesə cəlb olunur. Xaricdə yaşayan bir sıra dostlarımızla, eyni zamanda tərəfdaş partiyaların nümayəndələri ilə də söhbətdə məlum olub ki, həmin diaspor təşkilatları mövcud olduqları ölkələrdə işləyən soydaşlarımızla əlaqələri lazımı səviyyədə qurmurlar. Bir çox hallarda tədbirlərə dəvət olunma ilə bağlı problemlər yaşayırlar. Əslində diaspor təşkilatlarının xarici ölkələrdəki zəif fəaliyyətinin göstərici olaraq çox misallar gətirmək olar. Eyni zamanda bunu lobbi təşkilatları barəsində də demək olar”.

Partiya sədri Diasporla İş üzrə Dövlət Komitəsinin geniş imkanları olduğunu vurğulayıb:

“Komitə Azərbaycan dövlət büdcəsindən maliyyələşir. Bildiyim qədəri ilə xarici ölkələrdə mövcud diaspor təşkilatları ilə əlaqələr qurmaq, bütövlükdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və digər ölkələrdə olan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı komitəyə büdcədən kifayət qədər vəsait ayrılır. Komitə də bu vəsaiti təyinatı üzrə yönləndirməlidir. Eyni zamanda bir sıra ölkələrdə lobbi təşkilatlarımız da var. Artıq uzun müddət ərzində həmin ölkələrdə yaşayan soydaşlarımızın formalaşdığı təşkilatlar da mövcuddur. Öz imkanları daxilində bu və ya digər formada fəaliyyət göstərirlər”.

A.Əlizadə Azərbaycana düşmən mövqe sərgiləyən diaspor təşkilatlarının kifayət qədər güclü olduğunu qeyd edib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...