Tarix: 12.06.2024 / 10:35
Soydaşlarımızın tanıdılmasında media böyük rol oynaya bilər    - MÜNASİBƏT

Soydaşlarımızın tanıdılmasında media böyük rol oynaya bilər - MÜNASİBƏT

“Xarici ölkələrdə yaşayan elm adamları və alimlərin Azərbaycana gətirilməsi üçün büdcə lazımdır”.

Bu sözləri Diaspora.TV-yə kulturoloq Nigar Sultanova deyib. Onun fikrincə, Azərbaycan əsilli alimlərin tanıdılmasında ilk öncə dövlət maraqlı olmalıdır:

“Bu məsələ ayrı-ayrı fərdlərin deyil, dövlətin diqqət mərkəzində olmalıdır. Əgər xaricdə nüfuzlu, savadlı, bir sözlə Azərbaycana gərəkli alimlərimiz yaşayırsa, onları vətənində tanıtmaq dövlətin borcudur. Bunun üçün layihələr keçirilməli, onların hər biri həmin layihələr əsasında Azərbaycan ictimaiyyətinə tanıdılmalıdır. Bundan əlavə ictimai təşkilatlar və birliklər də belə layihələrin təşkilində maraqlı olmalıdırlar. Hansı ki, dövlət həmin təşkilatlara vəsait ayırır. Elm elə bir şeydir ki, burada vəsaitsiz bir iş görmək olmur”.

N.Sultanova qeyd edib ki, həmin soydaşlarımızın tanıdılmasında media dəstəyi də böyük rol oynaya bilər:

“Media təbliğatını respublika səviyyəsində qurmaq daha düzgün olar. Ayrı-ayrı şəxslər, ziyalılar da media dəstəyi verə bilərlər. İlk öncə bu alimlərin Bakıya gətirilməsində böyük büdcəyə ehtiyac var. Reallıqdan danışırıqsa, bir alim Bakıya dəvət olunur, onu tanıtmaq üçün məkan və publika lazımdır. Bunlar da pulsuz başa gəlmir”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...