Tarix: 19.06.2024 / 11:23
Soydaşlarımızın çoxsaylı problemlərindən biri təhsildir   - İsmixan Məmmədov

Soydaşlarımızın çoxsaylı problemlərindən biri təhsildir - İsmixan Məmmədov

“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı əlimizdən gələni etməyə çalışırıq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Qaraçöp mahalı, Yor-Muğanlı kəndi ictimai məktəbinin müəllimi İsmixan Məmmədov deyib.

Müsahibimiz bildirib ki, torpaqlarımız işğal altında olduğu zaman, Azərbaycan dövlətinin haqlı olduğunu bütün vasitələrlə təbliğ etməyə çalışıblar:

“Bundan başqa, Azərbaycan dövlətinin nə qədər demokratik və dözümlülük göstərdiyini yaşadığımız ölkədə izah etməyə çalışmışıq. Eyni zamanda 44 günlük ikinci Qarabağ savaşı zamanı Marneuli və Qaraçöpdə dəstək mitinqləri də təşkil etmişik”.

İ.Məmmədov əlavə edib ki, Gürcüstanda yaşayan soydaşlarımızın çoxsaylı problemlərindən biri də təhsildir:

“Ana dilində təhsil almaq Gürcüstanda yaşayan soydaşlarımız üçün günü-gündən çətinləşir. Xüsusən də Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində dərsliklərin olmaması çox ciddi çətinliklər törətməyə davam edir. Düşünürəm ki, getdikcə bu problem daha da ciddiləşəcək. Bundan başqa, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən kadrların böyük əksəriyyəti təqaüdə çıxıb. Yeni gələn kadrların isə əlavə təhsilə ehtiyacları var. Eyni zamanda Gürcüstan ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatını tədris edə biləcək kadr hazırlayan xüsusi fakültə və institutlar yoxdur”.

İ.Məmmədov qeyd edib ki, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni irsinin qorunub saxlanması üçün tədbirlərin keçirilməsi və müəyyən addımların atılmasına ehtiyac var:

“Bundan başqa, milli adət-ənənələrin, dini mənəviyyatın qorunub saxlanılması və tarixi abidələrimizin bərpasına da ehtiyac olduğunu düşünürəm”.

Müsahibimiz “Parlaq gələcək” kitab evi barədə də məlumat verib:

“Kitab evində pulsuz Azərbaycan və gürcü dillərinin öyrədilməsi kursu, musiqi, saz, şahmat dərnəyi təşkil etmişik. Həmçinin, milli musiqimizin yaşaması və gənclərimizin milli ruhda böyüməsi üçün yaxın zamanlarda rəqs qrupu açmağı da planlaşdırırıq”.

İ.Məmmədov sonda qeyd edib ki, Gürcüstanda mədəniyyət ocağının açılmasının vacib olduğunu düşünür.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...