Tarix: 22.05.2024 / 17:17
Soydaşlarımıza viza məsələsində sadə mexanizm tətbiq etmək olar  - Ekspert

Soydaşlarımıza viza məsələsində sadə mexanizm tətbiq etmək olar - Ekspert

“Əslində, "Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi bir neçə ildir müzakirə olunur, bir çox millət vəkilləri də zaman-zaman bu məsələni gündəmə gətiriblər, ayrı-ayrı diaspor fəalları da öz fikirlərini, istəklərini səsləndiriblər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Soydas.az saytının redaktoru, Diaspor məsələləri üzrə mütəxəssis İlqar İlkin deyib.

O, hesab edir ki, məsələni qəlizləşdirən hallardan biri də “Soydaş kartı” və yaxud digər imtiyazların verilməsilə bağlı fikirlərin aydın olmamasıdır:

“Bu məsələni vaxtaşırı biz də dilə gətirmişik”.

İ.İlkin bildirib ki, xaricdə yaşayan soydaşlarımız bu qanunun qəbulunun maddi tərəflərindən daha çox mənəvi tərəflərini düşünürlər:

“Onlar öz ölkələrinə gəldikdə daha çox isti münasibət, fərqli yanaşma, xoş qarşılanma arzulayırlar. Bu onların təbii haqqıdır. Onlar öz vətənlərinə gəlirlər, baxmayaraq ki, hansısa ölkənin vətəndaşlığını daşıyırlar. Ona görə də, xaricdə yaşayan soydaşlarımıza ilk növbədə elə yanaşmalıyıq ki, onlar Ulu öndərin də dediyi kimi sərhədlərimizdə ilk düşündükləri “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlməsi olmalıdır. Biz belə yanaşmanı yəhudilərin öz həmvətənlərinə münasibətdə görə bilirik. Bir yəhudi hansı ölkədə yaşamasından, hansı pasportu daşımasından asılı olmayaraq, İsrail onu öz övladı kimi bağrına basır, onlara öz yəhudiliyi ilə fəxr etməyə imkan verir. Bu soydaşlıq üçün vacib olan əsas mənəvi tərəfdir ki, ilk növbədə bunu yaratmalıyıq”.


İ.İlkin təklif edib ki, soydaşlarla bağlı məsələyə həm də iqtisadi tərəfdən baxmaq lazımdır:

“Əvvəla Azərbaycandan kənarda milyonlarla soydaşımız yaşayır və onlar il ərzində bir neçə dəfə ölkəmizə gəlirlər. Bunların Milli bayramlarda və yaxud istirahət etmək üçün ölkəmizə gəlməsində qarşılıqlı iqtisadi münasibətlərin formalaşa bilməsi üçün müxtəlif təşviqedici fəaliyyətlər də olmalıdır. Təbii ki, buna görə soydaşlarımız üçün hava limanlarında və yaxud viza məsələlərində çox sadə mexanizm tətbiq etmək olar. Onların ölkəmizdə qısamüddətli qaldıqları zaman telefonlarının fasiləsiz işləməsinə də güzəşt oluna bilər və yaxud öz ölkəsinə olan bağını daha canlı və hissiyatlı tutmaq üçün muzeylərə girişi onlara sərbəst etmək olar”.

İ.İlkin əlavə edib ki, ölkəmizdə xaricdə yaşayan soydaşlarımıza bu yanaşmanı ehtiva edən qanunun tezliklə qəbuluna ehtiyac var:

“Bundan yararlanan yalnız Azərbaycan dövləti və Azərbaycan xalqı olacaq. Ona görə də, qanunun qəbulu sadəcə müzakirə olunub, arxivlərə atılmamalıdır. Bir an öncə qəbul olunub, işlək bir mexanizmlə soydaşlarımıza xidmət etməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...