Tarix: 11.07.2024 / 18:39
Soydaşlarımıza güzəştlər etməliyik   - TƏKLİF

Soydaşlarımıza güzəştlər etməliyik - TƏKLİF

“Xarici ölkə vətəndaşı olan azərbaycanlı gənclərə yerli ali təhsil müəssisələrində güzəştlərin tətbiqi qaçılmazdır. Bu hər halda müsbət addımlardan biridir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Ekspert bildirib ki, xarici ölkə vətəndaşı olan soydaşlarımızın Azərbaycan universitetlərinə gəlməsi üçün bir sıra addımlar atılmalıdır:

“Biz bütün gücümüzlə buna çalışmalıyıq. Çox təəssüflər olsun ki, Azərbaycan universitetlərində xarici ölkə vətəndaşlarından yalnız qardaş Türkiyə, qonşulardan İran, Pakistan və digər dövlətlərə aid olan vətəndaşlar təhsil alırlar. Digər vətəndaşlar deyəndə onların arasında Avropa ölkələrinə təbii ki, az rast gəlinir. Bizim ümumilikdə 52 universitetimiz var, onlardan yalnız 7-si xüsusi təyinatlı təhsil müəssisələridir. Elə ölkə var ki, onun yalnız bir tələbəsi Azərbaycanda oxuyur. Amma yenə də statistika olduğuna görə, həmin ölkələrin siyahısına əlavə ediblər. Təəssüf ki, bizim ölkədə İngiltərə, Danimarka, Filandiya, Yaponiya kimi nəhəng ölkələrin vətəndaşları təhsil almırlar”.

E.Nuri qeyd edib ki, Azərbaycan universitetləri əcnəbi tələbələri özlərinə cəlb etməyin yollarını tapmalıdır:

“Bu məsələdə axsaqlıq yaranır. Çünki birinci növbədə yataqxana, müəyyən infrastruktur, bahalı yaşam tərzi problemi var. Belə olduğu halda biz xarici ölkələrdə yaşayıb oranın vətəndaşlığını daşıyan soydaşlarımıza müəyyən güzəştlər etməliyik. Heç olmasa onların yaşadıqları xarici ölkələrdə, eləcə də onların qonşuluğundakı ölkələrdə deyil, qanı-canı ilə bağlı olduqları Azərbaycanda oxumalarına şərait yaratmalıyıq. Bununla bağlı təkliflər paketi çox zəruridir”.

Ekspert bildirib ki, əcnəbi ölkə vətəndaşı olan soydaşlarımız özləri ilə paralel yeni yanaşmalar da gətirə biləcəklər:

“Onlar gördükləri ölkənin orta təhsil sistemindən keçiblər, oranın özəlliklərini bilirlər, müəyyən bir yanaşma tərzləri var. Onları biz özümüzə qazandırmaq üçün mütləq addımlar atılmalıdır. Onlar hansı addımlardır? Biz bunu təklif kimi irəli sürə bilərik. Onlar dövlət səviyyəsində verilən qərarlar nəticəsində bəlli olacaq proseslərdir. Məsələn, həmin şəxslər ödənişli təhsildən azad olmalıdırlar. Müəyyən bir həvəsləndirici təqaüdün olması vacibdir. Onları qazanmaq üçün xüsusi tələbə kartı da vermək olar. Həmin kartda müəyyən güzəştlər əks olunmalıdır. Məsələn, ictimai nəqliyyatdan istifadə, yaxud da əyləncə mərkəzləri, iaşə obyektləri onların köməyinə çata bilər. Bu kimi stimullaşdırıcı addımlar əcnəbi ölkələrdə yaşayan soydaşlarımızın cəlbi üçün əlverişli şərait yaratmış olar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...