Tarix: 08.04.2024 / 11:30
Soydaşlarımıza Ana dilimizi kim öyrətməlidir:  Bu strateji məsələnin həlli niyə yubanır?

Soydaşlarımıza Ana dilimizi kim öyrətməlidir: Bu strateji məsələnin həlli niyə yubanır?

Xaricdə yaşayan uşaq, yeniyetmə və gənc soydaşlarımızın, hətta bır sıra hallarda yaşa dolmuş şəxslərin belə, ana dilimizdə çox çətinliklə danışması, bəzən heç danışa bilməməsi yəqin ki, hamımızın diqqətini çəkib. Əlbəttə, bir şəxsin mənsub olduğu xalqın, millətin dilində danışa bilməməsi utancvericidir. Daha çox utanmalı və ayıbına kor olmalı olanlar isə həmin şəxslərin öz doğma dillərini öyrənə bilməməsinin səbəbkarlarıdır. Bəzilərimiz bu istəyin hər bir şəxsin içindən doğan milli hisslə, yaxud ailədən gələn milli tərbiyəyə bağlı olmasını iddia edə bilər. Lakin bir əsas və mühüm faktoru unutmayaq: Doğma dildə danışmaq təşəbbüsünün içdən gəlməsi üçün milli kimlik dərk olunmalıdır.

Bəli, bu hissin aşılanmasında ən böyük yük və məsuliyyət valideynlərin üzərinə düşür. Lakin insanın böyüdüyü mühitin ailədən də daha ciddi və təsirli tərbiyəçi olduğunu da unutmayaq.

Yetişməkdə olan şəxsiyyətə milli hissləri aşılamaq, onu milli kimiliyini dərk etmək kimi çətin bir prosesdən keçirmək kimi ağır və məsuliyyətli yük hər ailənin, valideynin çəkə biləcəyi asan iş deyil. Bunun üçün kiçik soydaşlarımızın böyüdüyü ailələrə ciddi, hərtərəfli və əhəmiyyətli dəstək verilməlidir. Heç olmasa, kiçik milli mühitlər (uşaqları və yeniyetmələri fəal olan milli mədəniyyət mərkəzləri, dərnəklərə cəlb etməklə) yaradılmalı, həmin mühitlərin yaradılması və yaşadılması üçün ən yüksək səviyyədə hərtərəfli kömək göstərilməlidir.

Qeyd edək ki, belə kiçik mühitlər dövlət dəstəyi olmadan, məhdud imkanlar çərçivəsində xaricədəki mühacirlərimiz tərəfindən hələ ötən əsrdə yaradılmışdı. 20-ci əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə getmiş milli ziyalılarımızın yaratdığı təşkilatlar nəzərə alınmazsa, xaricdə sırf milli dil, mədəniyyət və kimlik şüarları ilə aktiv fəaliyyət göstərən Azərbaycan qurumları əsasən güneyli mühacirlər tərəfindən təsis olunub. Bu təşkilatlar əsasən, Avropada, xüsusən də Cənubi azərbaycanlıların Avropada böyük sayda yaşadığı ölkədə - Almaniyada yaradılmışdı. Sözügedən prosesin qeyd olunan arealda getməsi bir neçə önəmli faktorla bağlıdır.

Əvvəla, qeyd etidiymiz kimi, kəmiyyət amilidir.

İkinci mühüm amil ənənələr və indiyə qədərki təcrübə amilidir. Belə ki, İran coğrafiyasından olan mühacirlər bu ölkədə hələ 1930-cu illərdən etibarən çoxsaylı, fəal və mütəşəkkil olublar.

Üçüncü önəmli amil isə parçalanmış ölkə olmaq təcrübəsini yaşamış Almaniyada parçalanmış xalqın nümayəndələri olan azərbaycanlıların bu tipli təşəbbüslərinə rəğbətlə yanaşılması idi.

Lakin həmin təşkilatlar subyektiv və obyektiv səbəblərdən fəaliyyətlərini genişləndirə bilməyərək tədricən ictimai-mədəni səhnədən çıxıblar.

Əsas səbəb bütövlükdə mühacirlər arasında milli özündərkin və milli təəssüb hissinin zəifliyidir. İdeoloji düşüncə fərqləri, şəxsi ambisiyalardan doğan intriqalar milli əsaslarla formalaşmış monolit təşkilatın davamlı fəaliyyətinə ciddi əngəl olub. Bu əngəllər milli kimliyin tam olaraq dərk edilməsi prosesinin də qarşısını kəsib.

Güneyli mühacirlər arasında indi də özünü iranlı sayaraq farscaya təzim edən, Azərbaycan dilini bəyənməyən çoxlu azərbaycanlılar olub və indi də var.

Bundan əlavə, cənublular arasında solçu siyasi baxışlara malik olub İran daxilində federasiya tərəfdarı kimi çıxış edənlər də var idi ki, onlar hər cür açıq antirejim çağırışlardan qaçaraq Cənubi Azərbaycana İran sərhədləri daxilində yalnız dil və mədəniyyət azadlığı tələb edirdilər. Bu tələblər əsasən cənublu tələbələrin hər həftə yataqxanalarda qurduğu ədəbi-musiqili gecələrdə və disputlarda səslənirdi. Həmin tədbirlərdə səslənən milli-mədəni hüquqlar uğrunda mübarizə konteksində Ana dili məsələsi də meydana çıxmışdı.

Lakin Ana dili kimi vacib dəyərin yaşadılması və ötürülməsində müstəsna rolu milli təəssüb hissi ilə alışıb yanan, aktiv fəaliyyət göstərən soydaşlarımız oynayıb. Hələ 1970-ci illərin sonlarında Almaniyada adında “Azərbaycan” sözü olan ilk milli təşkilatlar yaradılmışdı.

Cənublu mühacirlərin təşkilatlanması prosesi tarixin müxtəlif dövrlərində davam etmiş, Avropanın bir çox ölkələrində ayrı-ayrı adlar altında cəmiyyətlər, birliklər yaranmışdı.

Bəzi qaynaqlara görə Ulu Öndər Heydər Əliyevin də “Vətən” cəmiyyəti vasitəsilə bu təşkilatların yaranmasında təsiri olub.

Bu təşkilatlar gənc soydaşlarımıza milli mədəni dəyərlərimizin, xüsusən də ana dilimizin aşılanmasında əvəzsiz xidmətlər göstərmişdilər. Yeri gəlmişkən, haşiyə çıxaq ki, əgər diqqətli izləyicinin diqqətini çəkibsə, xaricdən ölkəmizə gələn gənc nəsildən olan soydaşlarımız arasında ana dilimizdə az-çox danışa bilən yenə güneyli azərbaycanlıların olduğunu görürük. Şimali Azərbaycandan gedənlər arasında Ana dilinin yaşadılması istiqamətində əhəmiyyətli təşəbbüslərə çox az rast gəlinir.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bu proses - Ana dilinimizin xaricdəki soydaşlarımız arasında yaşadılması üçün mühitin formalaşdırılması son zamanları demək olar ki, səngiyib. Bir-iki təşkilatın zəif fəaliyyəti nəzərə alınmazsa, bu sahədə ciddi işin getdiyini və uğurlu layihələrin həyata keçirildiyi söyləyə bilmərik. Sözügedən istiqamətdə təsis edilmiş təşkilatların əksəriyyətinin yalnız adları var.

Yalnız və yalnız milli, yaxud dövlət bayramlarında “xala xatirin qalmasın” tədbirləri keçirərək, sanki, plan doldururlar. Diaspor fəaliyyətini sözün əsl mənasında hərəkata çevirmiş xalqların təcrübəsindən isə heç faydalanmaq istəmirik. Bir çox xalqların diaspor təşkilatları uşaq və yeniyetmə soydaşlarına Ana dilinin öyrədilməsi, milli dəyərlərin ötürülməsi üçün xüsusi təşkilatlar yaradır, həftəsonu məktəbləri təşkil edir, müxtəlif elektron və çap vasitələri dərc edir, kitabxanalar yaradırlar.

Yaxşı olar ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun bu istiqamətdə əhəmiyyətli nəticə verən genişmiqyaslı layihələr həyata keçirsin. İndiki məqamda Fond sanki, ancaq və ancaq milli bayramların, ümummili hüzn günləri ilə bağlı kiçik tədbirləri maliyyələşdirmək missiyasını üzərinə götürüb. Halbuki, əsas milli indentiklik göstərcisi olan Ana dilinin milli dəyər olaraq gənc nəslə ötürülməsi strateji məsələdir. Bu müqəddəs və tarixi missiyanın həyata keçirilməsində əsas və xüsusi vəzifə məhz Diasporla İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun üzərinə düşür. Yaxşı olar ki, Komitə xarici ölkələrdə soydaşlarımızın daha çox yaşadığı şəhərlərdə Ana dilli pulsuz həftəsonu məktəbləri, kursları, qiraət dərnəkləri formalaşdırsın. Milli dəyərlərin, o cümlədən Ana dilimizi aşılayan layihə kimi ildə ən azı bir dəfə uşaq və yeniyetmə azərbaycanlılar üçün Vətəndə düşərgələr təşkil etsin.

Əgər Komitə bu işin öhdəsindən gələ bilmirsə, yəni qüvvəsi və potensialı bu işə yetmirsə, Elm və Təhsil Nazirliyinə əlavə və xüsusi səlahiyyətlər verərək səfirlik və konsulluqlarımızda xarici ölkələrdə yaşayan uşaq və yeniyetmə soydaşlarımıza milli dəyərlərimizin, xüsusən də Ana dilinin öyrədilməsinə məsul nümayəndə vəzifələrinin təsis edilməsi yaxşı olardı.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...