Tarix: 27.08.2024 / 11:53
Soydaşlarımız xarici xidmət orqanlarının təsirinə düşməmək üçün    nə etməli?

Soydaşlarımız xarici xidmət orqanlarının təsirinə düşməmək üçün nə etməli?

“Bir vətəndaşın xarici ölkədə həmin ölkənin xüsusi xidmət orqanlarının təsirinə məruz qalması təkcə din sahəsində baş verməz”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında ilahiyyatçı Fazil Əhməd deyib. Onun sözlərinə görə, xarici ölkəyə istər təhsil, istərsə də işləməyə gedən hər bir vətəndaşın başına belə bir iş gələ bilər:

“Amerika, Fransa, Avropanın digər ölkələrinə, eləcə də Şərq ölkələrinə çoxsaylı tələbələr və ya iş adamları gedir. Onlar bu cür təkliflə qarşılaşa və təsirə məruz qala bilərlər. Düşünmürəm ki, bu yalnız din sahəsində baş verə bilər”.

İlahiyyatçı xarici ölkələrə uzun müddətli səfərə gedənlər üçün elə Azərbaycanın özündə hər hansı bir qurumun tərkibində maarifləndirmə mərkəzinin açılmasını məqsədəuyğun hesab edib:

“Bu olsa daha yaxşıdır. Məsələn, tələbələr xarici ölkələrə təhsil ardınca gedirlər, onlar siyahıya alınır. Hamı da bilir ki, bu il nə qədər tələbə hansı ölkəyə gedəcək. Onlara həm milli-mənəvi dəyərlər baxımından, həm də mənfi təsirlər mövzusunda 3-5 dəfəlik maarifləndirmə istiqamətində seminarlar keçirilməlidir. Yəni artıq xaricə gedənlər qabaqcadan buna hazır olurlar. Necə ki, hər hansı bir xəstəlik baş verəndə, məsələn, pandemiya yayılanda peyvəndlənmə aparılır, insanlar artıq qarşıda onu gözləyən təhlükəyə hazır olur. Həm öz dövləti tərəfindən xəbərdarlıq alır ki, xarici ölkənin təsiri altına düşməsin, həm də maariflənir. Yəni belə bir təkliflər edilərsə hansı addımı atmalıdır. Bu daha məqsədəuyğundur”.

Fazil Əhməd hesab edir ki, tələbələr, iş adamları hamısı bu maarifləndirici tədbirdən faydalana biləcəklər:

“Əgər dövlət orqanlarından kimsə bunu məndən soruşsa, bunu təklif edərdim. Azərbaycanın daxilində belə bir mərkəz olsun və insanlar bundan faydalansın”.



Jalə
Diaspora.TV

Şərhlər

Yaz...