Tarix: 23.05.2024 / 10:03
Soydaşlarımız Azərbaycanda əlavə xərclərlə yüklənməməlidirlər   - Əli Orucov

Soydaşlarımız Azərbaycanda əlavə xərclərlə yüklənməməlidirlər - Əli Orucov

“Müstəqil Azərbaycan dövləti dünyada yaşayan 50 milyondan çox soydaşımızın doğma vətənidir. Onlar Azərbaycana güvənc yeri, qürur mənbəyi və özlərinə dayaq kimi baxmalıdır. Kimliyindən və harada yaşamasından, hansı dövlətin vətəndaşlığından asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycanla mökhəm bağlarla bağlanmasına, əlaqələrinin genişləndirilməsinə, Ana vətənlərinə məhdudiyyəsiz giriş-çıxışına imkan yaradılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov deyib.

O, xaricdə yaşayan soydaşlarımızın bəzi istəklərini haqlı hesab etdiyini önə çəkib:

“Xüsusən də, Gürcüstanda, Rusiyada, İrandakı azərbaycanlılar Azərbaycanla daha sıx qohumluq əlaqələrinə malik olduğundan mütəmadi surətdə müəyyən problemlərlə üzləşirlər. 2020-ci ildən COVİD-19 pandemiyasından sonra sərhədlərin indiyədək qapalı saxlanılması ölkə vətəndaşları üçün də böyük çətinliklər yaradır. Bir müddət əvvəl Gürcüstandan Azərbaycana quru sərhədi keçən azərbaycanlı ailənin saxlanılması müzakirələrə yol açdı və sərhədlərin bağlı qalmasının fəsadları bir daha isbatlandı. Mən o fikirdə də deyiləm ki, azərbaycanlı olduğu üçün xarici vətəndaş qeyd-şərtsiz Azərbaycana sərbəst giriş-çıxış etsin, istədiyi qədər qalsın, yaşasın və s”.

Ə.Orucov hesab edir ki, bu məsələlər dövlətlərarası razılaşmalarla və beynəlxalq Konvensiyalarla tənzimlənir:

“Lakin Azərbaycanda qohumluq əlaqələri olan şəxslərə viza rejiminin, yaxud da vaxt məhdudiyyətinin qoyulmasını düzgün saymıram. Elə şəxslər var ki, Azərbaycan vətəndaşı ilə ailə qurub, uşaqları dünyaya gəlib, on illər burda yaşayır, onlara vətəndaşlıq verilimir, əsassız süründürməçilik edilir. Halbuki qanunvericilkidə də nəzərdə tutulur ki, Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.” Mən ailələr tanıyıram ki, Gürcüstan vətəndaşı Azərbaycan vətəndaşı ilə ailə qurub, uşaq tərbiyə edib böyütsələr də onun vətəndaşlıq almasından imtina olunur. Heç bir hüquqi izah da verilmir”.

Ə.Orucov bildirib ki, sərhəd bölgələrimizdə belə problemli ailələr çoxdur:

“Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində də vurğulayıb ki, dünyada yaşayan bütün azərbaycanlıların prezidenti olacaq. Etiraf etmək lazımdır ki, güneyli soydaşlarımzın İran rejimi tərəfindən əzilməsinə qarşı sərt bəyanatlar verilidi, dövlət öz sərt üzünü göstərdi. Bütün bunlar təqdirəlayiqdir. Eyni zamanda hesab edirəm ki, xaricdə yaşayan soydaşlarımzın hüquq və mənafelərinin qorunması üçün hüquqi baza yaradılmalıdır. Onlara Azərbaycan dövlətinin qayğı və diqqətini göstərmək üçün qanunvericilikdə müəyyən dəyişikliklər və düzəlişlər edilməlidir. Soydaşlarımız Azərbaycana gələrkən əlavə xərclərlə yüklənməməlidirlər”.

Ə.Orucovun fikirincə, dünyaca tanınan məşhur soydaşlarımıza müstəsna hal kimi ikili vətəndaşlıq verilməsi də düzgün yanaşma olardı:

“Praktikada da belə hallar var. Görkəmli müğənni Müslüm Moqamayev Rusiya vətəndaşı olsa da ona Azərbaycan vətəndaşlığı da verilmişdi. Bu Azərbaycan dövləti ilə münasibətdə həmin soydaşımızı daha da məsuliyyətli edər. Düşünürəm ki, yaxın perspektivdə dövlət xaricdə yaşayan soydaşlarımızın qarşılaşdıqları problemləri qanuni qaydada tənzimləyəcək”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...