Tarix: 15.08.2024 / 15:32
Soydaşlarımız atəş xətlərinin altındakı nöqtələrdən axın edirdi  - Ukrayna cəbhəsi

Soydaşlarımız atəş xətlərinin altındakı nöqtələrdən axın edirdi - Ukrayna cəbhəsi

“Rusiya-Ukrayna savaşı başlayandan sonra Azərbaycanın Kiyevdəki səfirliyinin heyəti konsulla birlikdə Lvov şəhərinə köçüb. Soydaşlarımız əsasən qaynar atəş xətlərinin altında olan nöqtələrdən kütləvi axın edirdi. Həm Polşa istiqamətinə, həm də Odessadan Moldovaya, oradan isə vətənə və yaxud da Avropaya axın edilirdi. Biz vaxtaşırı səfirliyin konsulluq xidmətləri ilə əlaqədə oluruq”.

Bu sözləri Diaspora.TV-yə Odessa azərbaycanlılarının “Birlik” diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu deyib. O bildirib ki, soydaşların müraciətlərinin hər biri vaxtaşırı konsulluq xidmətlərinə yönləndirilir:

“Əhalinin səhhətində problem olanda qayıdış vərəqəsi və digər sənədlərin həlli məsələlərini kifayət qədər aktiv həll edirdilər. Bura həm Azərbaycanın Ukraynadakı, həm də Moldavadakı səfirlikləri və eyni zamanda konsulluq xidmətləri aiddir. Paytaxt təhlükədən qurtarandan sonra Azərbaycanın oradakı konsulluq əməkdaşları Kiyevə döndü və fəaliyyətinə orada davam edir. Burada təəssüflər olsun ki, gözləmə zalı yoxdur. Sadəcə balaca bir otaqdır. Bu barədə müzakirə gedir. Bəlkə gələcəkdə gözləmə zalının olması, soydaşlarımızın daha rahat şəraitlə təmin olunması ilə bağlı məsələ öz həllini tapar”.

Sənədlərin surətlərinin çıxarılması, xarici pasportların dəyişdirilməsinə gəlincə Anar Natiqoğlu vurğulayıb ki, bu proseslər konsulluqda həyata keçirilir:

“Rüsumun ödənilməsi bank yolu ilə həll olunur. Hətta pasportun vaxtı bitibsə vətənə dönüş izninin verilməsi də eyni prosedurla həyata keçirilir. Anket doldurulur, sənədlərin kopyası konsulluğa göndərilir, Azərbaycana sorğu verilir. Sorğunun cavabı gələndən sonra vətəndaşa SMS gəlir ki, sənədiniz hazırdır. Biz bu prosesdə diaspor olaraq vasitəçilik rolunu daşıyırıq. Azərbaycanın yeni təyin olunan səfiri Seymur Mərdalıyev Odessaya gəlmişdi. Azərbaycan evində soydaşlarımızın bir qrupu ilə görüş oldu, problemlər müzakirə edildi”.

Anar Natiqoğlu sonda əlavə edib ki, Yeni il, Novruz bayramı və anım günləri ilə bağlı keçirilən tədbirlərə bölgələrin diaspor rəhbərlərinə dəvətnamələr göndərilir.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...