Tarix: 20.05.2024 / 09:00
Soydaşımız Polşada nikaha girə bilmir:   XİN “HƏ”, konsulluq “YOX” deyir

Soydaşımız Polşada nikaha girə bilmir: XİN “HƏ”, konsulluq “YOX” deyir

Respublikamızın hüdudlarından kənarda Azərbaycan vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, Ailə Məcəlləsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycanda etibarlı hesab edilir. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah da Azərbaycanda tanınır. Yəni, ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşları daimi və ya müvəqqəti yaşayış icazəsi olmadan da konsulluq şöbələrində rəsmi nikah bağlaya bilərlər.

Lakin bir neçə müddətdir Polşada yaşayan soydaşımız Elxan Niftaliyev qanunun ona verdiyi bu hüquqdan istifadə edə bilmir. E.Niftaliyev Diaspora.TV-yə bildirib ki, bu barədə Azərbaycanın Polşadakı səfirinə də müraciət edib.


“Bəlkə də səfirin bu özbaşınalıqdan xəbəri yoxdur. Amma mənim kimi yüzlərlə azərbaycanlı var ki, Polşada bu və bunun kimi məsələlərdən əziyyət çəkirlər”, - deyə E.Niftaliyev əlavə edib.

Bu məsələ ilə bağlı uzun müddətdir problem yaşadığını qeyd edən E.Niftaliyev səfirliklə dəfələrlə danışdığını, lakin probleminin həll olunmadığını qeyd edib:

“Mənə bildirildi ki, yalnız hər iki şəxsin həmin konsulluq şöbəsinin yerləşdiyi ölkədə ya daimi, ya da müvəqqəti yaşayış icazəsi olduğu halda rəsmi nikah mümkündür. Məsələn, əgər sizin aktiv vizanız varsa, oturum kartı üçün müraciət etmiş olsanız belə, siz rəsmi nikah bağlaya bilməzsiniz. Və ya, siz hər hansı bir Avropa ölkəsindən oturum kartı almısınız, ailə quracağınız şəxsdə isə başqa ölkənin oturum kartı varsa, siz yalnız Azərbaycanda nikah bağlaya bilərsiniz”.



Soydaşımıza uzun araşdırmadan sonra bəlli olub ki, belə bir qayda artıq 2018-ci ildə ləğv edilib:

“Səfirliklərin saytında isə 2018-ci ilə qədər olan qanunun tələbi qeyd edilib. Aprelin 19-da Konsulluq şöbəsi ilə danışmışam. Mənim Polşada rəsmi nikah bağlaya bilməyəcəyim bildirildi. Sonra ailə üzvlərim Xarici İşlər Nazirliyi ilə danışıb. Nazirlikdən isə nikah bağlaya biləcəyim bildirilib. Sonra da bütün rəsmi mənbələri araşdırıb məsələnin qanuni tərəflərini öyrəndim. 2018-ci ildə Nazirlər Kabineti tərəfindən qərara əlavələr edilsə də Konsulluq şöbəsi buna əməl etmir? Niyə mən bu qədər vaxtı oturub qanun araşdırmağa sərf etməliyəm?”

E.Niftaliyev bildirdi ki, qanun onun tərəfində olsa da hələ də nikaha girə bilmir:

“Haqqımızı istəyə bilmirik. Hərəsi saytına bir məlumat yazıb, deyir saytımızı oxu. Dövlətin qanunu qalıb qıraqda, baxan yoxdur”.

Xəyalə
Diaspora.TV

Şərhlər

Inam İmanov

Inanıram ki, tezliklə bütün Məsələlər dövlət səviyyəsində həll olunacaq. Gənclərə dəstək olmaq Lazımdı.

20.05.2024 / 13:39

Yaz...