Tarix: 17.09.2024 / 09:52
 Soydaşımız Cənubi Koreya Prezidenti ilə birlikdə bayram    videosuna çəkilib

Soydaşımız Cənubi Koreya Prezidenti ilə birlikdə bayram videosuna çəkilib

Cənubi Koreyada yaşayan soydaşımız və övladı bu ölkənin prezidentinin Çusok (məhsul) bayramı münasibətlə Koreya xalqına təbrik videosunda çəkilib.

Diaspora.TV xəbər verir ki, çəkilişləri Prezident sarayında baş tutan 4 dəqiqəlik bayram təbriki videosunda Prezident Yun Sok Yol və birinci xanım Kim Keon Hi Koreya xalqının əziz bayramlarından olan Çusok münasibətilə firavan bayram arzulayıblar.

Dövlət başçısının videotəbriki üçün Azərbaycan, Çin, Pakistan və Özbəkistan da daxil olmaqla 12 çoxmədəniyyətli ailənin 3-11 yaş arasında övladları dəvət olunublar. Onlar arasında Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin çoxmədəniyyətli ailələr komitəsinin üzvü, Ədliyyə Nazirliyinin sosial inteqrasiya immiqrantlar mentor qrupunun üzvü Rahil Əhmədova və üçyaşlı qızı Li Arin də olub.

Çəkiliş zamanı Cənubi Koreya Prezidenti və xanımı soydaşımız və qızı ilə söhbət edib, onu Çusok münasibətilə təbrik edib, işində uğurlar arzulayıblar.

Qeyd edək ki, 2008-ci ildən Cənubi Koreyada yaşayan soydaşımız bu ölkəyə Koreya Dövlət Təqaüd Proqramı vasitəsilə gedib, 2013-cü ildə biznesin idarəedilməsi ixtisası üzrə Kyunqpuk Dövlət Universitetinin magistraturasını bitirib. Cənubi Koreyada multikultural problemlər haqqında məlumatlılığın artırılması və ölkədə əcnəbi sakinlərin sabit məskunlaşmasına dəstək vermək kimi sahələrdə göstərdiyi xidmətlərə görə 2023-cü ildə Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. Bundan başqa, Gender Bərabərliyi və Ailə Nazirliyinin mükafatını alıb. Hazırda Koreya Dövlət Tarix Muzeyində bələdçi vəzifəsində, paralel olaraq özəl sektorda fəaliyyət göstərir./ AZƏRTAC

Şərhlər

Yaz...