Tarix: 20.09.2024 / 17:42
Soydaşımız beynəlxalq tədbirdə uğurla    iştirak edib

Soydaşımız beynəlxalq tədbirdə uğurla iştirak edib

Nyu-Yorkda keçirilən 2024 AFS Gənclər Assambleyasına (2024 AFS Youth Assembly) 100-dən çox ölkədən gəlmiş 800-dən çox gəncin sırasında Varşavada yaşayan soydaşımız İlknur Səmədzadə də olub.

Diaspora.TV Diasporla İş Üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, soydaşımız “Changemaker” Akademiyasına qoşularaq digər gənclərlə birlikdə iqlim dəyişikliyi, təhsil, humanitar böhranlar kimi qlobal çağırışlara yönəlmiş müzakirələrə və tədbirlərə qatılıb.

Tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Kanadanın baş naziri Castin Trüdo, UNICEF-in sabiq icraçı direktoru Henriyetta For, ÜST-nın Baş direktoru Tedros Adhanom Qebreyesus, Nobel mükafatı laureatları və tanınmış elm xadimləri iştirak edib.

Assambleyanın konfransından əvvəl BP və AstraZeneca İqlim Sahibkarlığı Akademiyası müxtəlif akademiyalara qoşulan 125 gəncə xüsusi təqaüdlərlə dəstək göstərib.

Nyu-Yorkda BMT-nin baş ofisinə gedən iştirakçılar yoxsulluğun aradan qaldırılması, təhsilin yaxşılaşdırılması, gender bərabərliyi və iqlim dəyişikliyinə diqqət çəkərək gənclərin öz icmalarında bu məqsədlərə necə töhfə verə biləcəyinin müzakirəsini aparıblar.
Gənclərə, o cümlədən İlknur Səmədzadəyə sertifikat və mükafatlar verilib.

Polşa Respublikasında fəaliyyət göstərən Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası gənc soydaşımızı tədbirdə istifadə üçün müxtəlif təbliğat vasitələri ilə təmin edib.


Şərhlər

Yaz...