Tarix: 30.08.2024 / 08:36
Soruşmaq istəyirəm ki, siz diaspora üçün nə etmisiniz?!  -  Cəmiyyət rəhbəri

Soruşmaq istəyirəm ki, siz diaspora üçün nə etmisiniz?! - Cəmiyyət rəhbəri

“Uşaqlıqdan Hamburqda yaşamağıma baxmayaraq, hər il Azərbaycana gəlib, vətənimin təbiətini gəzib, təamlarını dadıb Almaniyaya qayıdıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında 35 ildir Almaniyada yaşayan, media üzrə mütəxəssis, Amerika şirkətində fəaliyyət göstərən soydaşımız, Hamburq Azərbaycanlıları Akademik Birliyinin sədri Elmar-Elçin Satterhoff deyib.

E.E.Satterhoffun sözlərinə görə, Azərbaycanın tanıdılması üçün keçirilən tədbirlərdə yaxından iştirak edir:

“Almaniya vətəndaşı olmağıma baxmayaraq hər il Azərbaycanın əlamətdar günlərində həmvətənlilərimizlə bərabər tədbirlər keçiririk. Vətənimizin tanıdılması üçün çalışırıq. Çünki bizim şəhərdə müxtəlif millətlərdən xeyli sayda gəlmələr var. Hər kəs özlüyündə öz milli dəyərlərini təbliğ edir. Demək olmaz ki, Azərbaycan mədəniyyəti tanınmır, kifayət qədər də tanıyırlar. İki Cəmiyyətin idarə heyətində varam. Bütün azərbaycanlılar bir-biriləri ilə yaxından əməkdaşlıq, dostluq edirlər. “Alman-Azərbaycan Körpüsü” Cəmiyyəti, “Ana dili” Cəmiyyəti, “Hamburq Azərbaycanlıları Akademik Birliyi” buna bariz nümunədir”.

“Alman mediasında vətənimiz əleyhinə səsləndirilən fikirləri aradan qaldırmağa çalışırıq. Bunun üçün soydaşlarımız bir araya toplanır, etiraz aksiyaları keçirirlər. Hətta Almaniyada erməni deputatlarının saxta məlumatlarına qarşı da mübarizə aparırıq. Bu səbəbdən məhkəməyə qədər gedib çıxmışıq”, - deyə sədr bildirib.

E.E.Satterhoff qeyd edib ki, xaricdə yaşayan hər bir azərbaycanlı diaspordur:

“Hamının şüarı var ki, “diaspora nə edir?” Bizim də şüarımız var ki, tam əksinə insanlar diaspora üçün nə edirlər?! Problem ilk növbədə Azərbaycanda yaşayan azərbaycanlılardadır ki, diasporla bağlı düşüncələri dəyişməlidir. Diasporla İş üzrə Dövlət Komitəsində də qonaq oldum və bu problemdən söhbət açdım. Düşünürəm ki, diasporları bir araya toplamaq üçün Azərbaycan evlərinin fəaliyyət göstərməsi alternativ variantlardan biridir”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...