Tarix: 14.10.2024 / 11:08
Sinqapurda yaşayan Azərbaycan icması ilə    görüş keçirilib

Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş keçirilib

Sinqapur şəhərində yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Azərbaycan və Sinqapurun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər böyük layihələr barədə geniş məlumat verilib.

Daha sonra Azərbaycan diasporunun fəaliyyətini, eləcə də Azərbaycanın Qarabağ zəfərini əks etdirən videoçarxlar nümayiş olunub.

Görüşdə iştirak edən azərbaycanlı iş adamları, tələbələr və müxtəlif sahələrdə çalışan soydaşlarımız Sinqapurdakı Azərbaycan icmasını ilk dəfə bir araya gətirdiyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirib.

Azərbaycanın İndoneziya və Sinqapurdakı səfirliyinin konsulunun da iştirakı ilə qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Sinqapur üzrə koordinatorları seçilib.

Toplantı Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun ifaları ilə başa çatıb.


Şərhlər

Yaz...