Tarix: 14.07.2024 / 09:15
Сiddi məsələləri daha böyük kütləyə çatdırmaq üçün...   - Fatih Solmaz

Сiddi məsələləri daha böyük kütləyə çatdırmaq üçün... - Fatih Solmaz

“Hər bir Azərbaycan gənci gündəlik həyatında Azərbaycanın mədəniyyəti, tarixi və bir çox özəlliyini insanlarla bölüşür. Lakin ciddi məsələləri daha böyük kütləyə çatdırmaq üçün birlik lazımdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Manisa Azərbaycanlı Tələbələr Birliyinin təmsilçisi Fatih Solmaz deyib.

“Manisa Azərbaycanlı Tələbələr Birliyi 2012-ci ildə sosial mediada bir qrup olaraq fəaliyyətə başlayıb. Birliyimiz Azərbaycan həqiqətlətinin tanıdılması ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Buna misal olaraq, Xocalı soyqırımı, 20 Yanvar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı və s. göstərə bilərik”, - deyə müsahibimiz bildirib.

O, əlavə edib ki, tələbələrin hər hansı bir problemi olduğu təqdirdə (iş, ev tapmaq) daima kömək etməyə çalışırlar:

“2020 və 2022-ci illərdə Manisa Celal Bayar Üniversiteti tarixində ilk dəfə xarici tələbələr üçün illik ödənişlərdə müəyyən endirim etməyə məcbur olub. Buna universitetdəki xarici tələbələrin əksəriyyətini təşkil edən Manisa Azərbaycanlı Tələbələr Birliyi sayəsində nail olduq. 2023-cü ildə Manisa Azərbaycanlı Tələbələr Birliyi Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi ilə birgə Manisa ilə Şirvan şəhərlərinin qardaşlaşması ideyasının müəllifidir”.



F.Solmaz qeyd edib ki, bu il uzun illərdir xəyalını qurduqları bir ideyanı həyata keçirmək üçün ilk addım atıblar:

“Türkiyə Azərbaycanlı Tələbələr Birliyi (TALEB) üçün ilk iclas Manisa, İzmir, İsparta, Bursa, Eskişehir, Karabük şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirildi. İclasımızda birliyin qurulması üçün birgə razılaşma əldə etdik. Əsas hədəfimiz bütün Türkiyədə Azərbaycanlı tələbələrin birliyinin reallaşmasıdır”.

Müsahibimiz vurğulayıb ki, diasporanın hədəf kütləsi daha çox xaricdəki tələbələr deyil, orada yaşayan insanlar olmalıdır:

“Tələbələr daimi təhsil aldıqları ölkələrdə qalmayacaqlar. Diaspora rəsmiləri ilə hər zaman əlaqəmiz olub. Fikrimcə, diasporanın təcrübəsi ilə gənclərin enerjisi və dinamizmi birləşməlidir. Mərkəzi İstanbulda olan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası bu fikirdə bizimlə tamamilə razıdır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...