Tarix: 09.09.2024 / 16:06
 “Sibirdə rəqs məktəbi yox idi” - Rusiyada məktəb açan 20 yaşlı    azərbaycanlı

“Sibirdə rəqs məktəbi yox idi” - Rusiyada məktəb açan 20 yaşlı azərbaycanlı

“Rusiyada anadan olmuşam və Novosibirsk şəhərində yaşayıram. Buna baxmayaraq, vətənim Azərbaycanı çox sevirəm və onun tanıdılması üçün çalışıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Novasibirskdə yaşayan 20 yaşlı azərbaycanlı Toğrul Cəbrayılov deyib.

T.Cəbrayılovun sözlərinə görə, Rusiyada Biznes İnformatika fakültəsinin 3-cü kursunda təhsil alır, ixtisası proqramçıdır:

“Uşaqlıqdan Azərbaycan Milli rəqsləri ilə məşğul olurdum. Təxminən 4-5 il məşqlərimiz davam etdi, amma sonra qrup bağlandı. Mən daima evdə və el şənliklərdə rəqs edib bildiklərimi unutmamağa çalışırdım. Rəqslərimi hər kəs bəyənirdi. Sibirdə azərbaycanlı çox, Rəqs məktəbi isə yox idi. Belə olan halda yaxınlarım rəqs məktəbi açmağı məsləhət gördülər. Beləliklə, kirayə zal götürdüm və "Turan" Azərbaycan Milli Rəqslər Məktəbini açdım. Dostlarım, yaxınlarımın dəstəyi ilə sosial şəbəkələrdə elanlar paylaşdıq. Soydaşlarımız və övladları məşqlərə qatıldı”.

T.Cəbrayılov qeyd edib ki, rəqs dərsləri həm kişilər, həm də xanımlar üçün nəzərdə tutulub:

“Bu günə kimi rəqslərimiz sadəcə bəylər üçün idi, amma xanımlar tərəfindən müraciətlər çoxaldığından artıq xanımlar üçün də məşqlərimiz olacaq. Bu işi çoxdan fikirləşmişdim, amma icrasına cəsarət edə bilmirdim. Çox məsuliyyətli bir işdir. Mənə rəqs öyrədən Elməddin müəllimə fikrimi söylədim. Məni bu işin öhdəsindən gələcəyimə inandırdı. Bundan da ilhamlanaraq məktəbimizi açdıq. Bütün milli tədbirlərimizdə zövq alaraq iştirak edirəm. Çalışıram ki, Vətənimiz Azərbaycanı Sibirdə hərtərəfli şəkildə təbliğ edim. İnanıram ki, uzaq Sibirdə milli dəyərlərimiz soydaşlarımız tərəfindən hər zaman qorunub saxlanılacaq”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...