Tarix: 18.06.2024 / 11:43
Səudiyyə Ərəbistanı Azərbaycanın təbliği üçün kiçik platforma deyil   - Nigar Xəlilova

Səudiyyə Ərəbistanı Azərbaycanın təbliği üçün kiçik platforma deyil - Nigar Xəlilova

“2002 ilin oktyabr ayında müqavilə ilə öz ixtisasım üzrə işləmək üçün Səudiyyə Ərəbistanının Nəçran şəhərinə köçmüşəm və 22 ilə yaxındır burda çalışıram”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nigar Xəlilova deyib.

N.Xəlilova bildirib ki, həkim olmasına baxmayaraq ədəbiyyatla da yaxından maraqlanır:

“Şeirə, ədəbiyyata həvəsim lap məktəb illərindən yaranıb. Bakıda 175 nömrəli rus dilli məktəbini bitirmişəm, amma Azərbaycan dili mənim ana dilimdir, daha doğmadır. Professional anlamda ədəbiyyatla 1980-1990-cı illərdə Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan "Natavan" klubunda məşğul olmuşam. Ədəbiyyat dərnəklərinə məşhur şairlər və yazıçılar rəhbərlik edirdi. 2011-ci ildən etibarən AYB üzvüyəm, hətta Səudiyyə Ərəbistanında səfirliyimizin təşkil etdiyi tədbirlərdə şeirlərimi səsləndirirəm”.

N.Xəlilova qeyd edib ki, Vətən mövzusu yaradıcılığında qırmızı xətlə keçir:

“Xüsusilə 44 günlük müharibə dövründə xəstəxanada və Nəçran şəhərində işçilərimizə müharibənin səbəbləri, Qarabağın tarixini izah etmişəm. Burda demək olar ki, dünyanın əksər ölkələrindən işləməyə gələnlər var. Yəni bura Azərbaycanımızın təbliğatını aparmaq üçün heç də kiçik platforma deyil”.

N.Xəlilova qeyd edib ki, hazırda mətbuatla da fəal çalışır:

“Yaşadığım ölkədə nüfuzlu ədəbi jurnallarda, qəzetlərdə rus və ingilis dillərində dərc olunuram. M.Dilbazi adına Poeziya Məclisinin üzvüyəm. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində yayımlanan və artıq mənəvi irsimizə daxil olan kəlağayımıza həsr olunmuş layihələrdə iştirak etmişəm. Çox dəyərli kitablarda Azərbaycan dilində yazdığım şeirlər dərc olunub. Hətta xalq mahnılarımızın sözlərini rus dilinə çevirmişəm. Mənə başqa ölkələrdən şairlər, yazıçılar yazır, hansı ölkədən olduğumu soruşurlar. Mən də fəxrlə Ulu öndərimiz Heydər Əliyevin ölməz sözləri ilə cavab verirəm: "Mən Azərbaycanlıyam!".

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...