Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.
M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:
- Türkiyə Yeni il başlayan kimi İran maşınlarının öz ərazisindən istifadəsinə müəyyən məhdudiyyətlər qoydu. Dizelin qiymətini təxminən 3-4 dəfə artırdı. Buna müvafiq olaraq Azərbaycan tərəfi də Culfadan keçən maşınlara bir bak dizelin qiymətini 20 dollardan 80 dollara qaldırdı. İran indidən tədarükünü görsün və Zəngəzur koridoru vasitəsilə Ermənistana, Gürcüstana və oradan da Avropaya keçə bilər.
2020-ci ildən İran üçün Zəngəzur koridoru mövzusu aktualdır. Şimal-Cənub dəmir yolunu Azərbaycan ərazisindən çəkmədi, Ermənistanın ərazisindən çəkmək istəyirdi, vəsait tapa bilmədi. Fars körfəzi - Qara dəniz ideyasını gündəliyə gətirdi. Hələki belə bir şey alınmayıb. İndi də Azərbaycanla əlaqəli bütün layihələri İran təkzib edir. Xəzər vasitəsilə reallaşdırmaq istəyir, təki Azərbaycan olmasın.
Türkiyənin ötən ilin oktyabrında verdiyi vədi yerinə yetirdiyinə başladığını iddia etmək olar. TRT-nin rəhbəri İranı yerində oturdacaqlarını vəd vermişdi. Çünki İran Türkiyənin daxilində çox güclənib və Türkiyə dövlətini daxildən zəiflətməklə məşğuldur.
Vaxtilə Azərbaycanda da belə bir iş aparmışdı.
Azərbaycan hökumətinin gördüyü iş bunun qarşısını aldı. İndi İran 15-20 il özünə, Azərbaycana, Türkiyəyə əziyyət verib, Zəngəzur koridoruna “nağara çaldığı” halda Türkiyə dizelin qiymətini qaldıran kimi İranın XİN-nin sözçüsü Zəngəzur koridorunun siyasi deyil, sırf texniki məsələ olduğunu bildirdi və iki ölkə (Azərbaycan və Ermənistan) arasında spesifik tarixə malikdir. Yəni Zəngəzur koridorunun erməni tarixini də İran rəsmi inkar etdi, Zəngəzur koridorunun tarixində Azərbaycanın payını etiraf etdi.
Bu yaxınlarda İran Türkiyəyə nümayəndə heyəti göndərib, Zəngəzur koridoru ilə bağlı danışıq aparacaq. İran Zəngəzur koridorunda iddiasından əl çəkir, əvəzində isə Türkiyə İran maşınlarının öz ərazisinə daxil olmağa, Türkiyə vasitəsilə Avropaya getməsinə imkan yaradır. İldə 200-250 min ton İran yükü Türkiyə ərazisinə daxil olur və bunun da böyük əksəriyyəti Avropaya gedir.
Rəşt-Astara dəmir yolunun tikintisinə təxminən 7 ildir İran maneçilik edir. Ortaya xeyli çaşdırıcı variantlar qoydu. Nəhayət, RF prezidentinin Şimal-Cənub marşrutu üzrə xüsusi nümayəndəsi, Baş nazirin müavini V.Savelyevin rəhbərlik etdiyi nümayəndə heyəti İrandan çox konkret işlər tələb etdi. Rəşt-Astara dəmir yolunun çəkilməsi üçün torpaq alınmasının qrafikini dəqiqləşdirdi və VTB-nin bank kreditinin açıldığını bildirdi. Qısa müddət ərzində çox maraqlı proseslər baş verdi. M.Pezeşkian Rusiya ilə əlaqəni Parsabad-İmişli yolu ilə əlaqə saxlanılacağını bildirir və bu zaman da “Azərbaycan Respublikası” termini işlətmədilər, Rusiya ilə İran Parsabad vasitəsilə region dövlətlərinin ərazisindən əlaqə saxlayacaqlar.
Rəşt-Astara dəmir yolu tikilməsin. İranın Yol və Şəhərsalma naziri F.Sadeqi bir gün sonra rusiyalı həmkarı V.Starovoitlə video formatda əlaqə saxladı və Rəşt-Astara dəmir yolunun tikiləcəyini bildirdi. Əcaib arqument də gətirdi. Əgər Şimal-Cənub marşrutunun Şərq qolu aktivləşirsə, Qərb qolu da aktivləşməlidir. Əslində Rəşt-Astara dəmir yolunun tikilməsinə İranın maneçiliyi Azərbaycan Respublikasının geoiqtisadi gücünün, İran-Azərbaycan arasında olan layihələrin sayının artmasına etiraz məqsədli idi. İranın birdən ağlına gəldi ki, Rəşt tarixən rus şəhəri olub. Xəzər dənizinin sahilində Rəşt Rusiyanın oylağı olub. Vaxtilə Stepan Razin Xəzər dənizindən Bakıya etdiyi hücumlar kimi ondan da əvvəl 4-5 rus Xəzər dənizindən çıxıb İranın şimal sahillərində quldurluq edirmiş. İranın ağlına bu gəldi. Başa düşdü ki, Azərbaycanı Rəşt mövzusundan uzaqlaşdırmır, əksinə Rusiya ilə Xəzər dənizindən bağlanmaqla Rəşt vasitəsilə Rusiyanın qədim İran tarixini daha aqressiv formada yada salır. Bütün bunların hamısı slavyan görünüşlü V.Savelyevin RF nümayəndə heyətinə başçılıq etməsindən sonra baş verdi.
Talış mövzusu da yadına düşdü. Rusiya Azərbaycanda talışları dəstəkləyir, İran bunu RF-nin adı ilə əlaqələndirir və ərazisindəki talışları da bu adla Rusiyaya bağlamışdır. Hollandiyadan Boris Talışinskinin gətirilib İran Astarasında başına böyük sayda camaatı toplamasının tarixi uzaqda deyil. İrandakı talışlar da Rusiyanı hamisi bilir.
İran özünü çox çətin vəziyyətə salıb. Ali dini lider Suriya hadisələrindən sonra ilk çıxışında daha çox çar Rusiyanın və SSRİ-nin İrana düşmənliyini vurğuladı. Əslində İranın düşməni özüdür. İran bu gün Zəngəzur koridoru adı ilə ABŞ-la vasitə qurmaq istəyir.
ABŞ istənilən qədər ermənini İranın daxilində yerləşdirib və yaxud ələ alıb. İran rəsmiləri, imkanlıları da Ermənistan vasitəsilə ABŞ və Kanadaya gediblər, var-dövlətlərini aparıblar. Bu gün Ermənistanla İran arasında gömrükdə baş verənləri yoxlamağa Tehranın imkanı yoxdur. Bəlkə sənədləri də məhv ediblər. Əgər hansısa bir qaydada son 10 il ərzində gömrükdə baş verənləri, İran-Ermənistan sərhədini keçənləri öyrənə bilsə, bu İranın, xüsusilə ali dini liderin yalnız faydasınadır.
Əksinə, SEPAH ora 45 minlik ordu yığıb və “müqəddəs müharibənin başlanmasının yaxınlaşdığını” vurğulayıb. Təsəvvür edin, İranın ordusu Ermənistanın Sünik regionuna yaxın ərazidə yerləşib, Azərbaycan və Türkiyəyə qarşı müharibəyə hazırlaşır. Bu müharibəni “müqəddəs müharibə” adlandırır. İlkin orta əsrlərdə xaçpərəstlərin başladığı Səlib müharibəsi yenidən başlanacaq. Səlib müharibəsinin xaçpərəstlər rolunu da İran oynayacaq.
İranın Ermənistan tərəfində Sünik koridoru ilə bağlı mövqeyi ABŞ və İsraili İrana qarşı müharibə etməyə həvəsləndirdi. ABŞ qoşunları Ermənistanda hərbi təlim keçirdikdən sonra ABŞ-ın İrana qarşı münasibəti tamamilə dəyişdi. Bu gün Ermənistan İrana yalnız özünün nökəri kimi baxır. Başqa variant mümkün deyil. Səfir Möhsün Sübhani “New York Times”ə müsahibə verdi: Rusiya İranın müttəfiqi deyil. Ondan sonra Ermənistanın daxilində baş verənləri İran tədqiq etsin. İranla ABŞ arasında əsas fiqur ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. A.Qriqoryan Litvaya səfər edib, İranın sözünü ABŞ-a çatdırıb və bu fikri “New York Times”ə səfirinin dili ilə yerləşdirəndən sonra A.Qriqoryan Ermənistanın siyasi mühitində görünmür. A.Qriqoryanın Litvadakı tərəfdaşı, məşhur nəslin təmsilçisi Xİ naziri V.Landsbergis də işdən uzaqlaşdı. İran bunun mahiyyətini başa düşə bilməyəcək. İranın başına son dövrlərdə gələn təxribat və xəyanət planlarından daha çox İranın siyasi elitasının savadsızlığına söykənən vəziyyətdir.
Bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya-İran üçtərəfli sammiti təklifini irəli sürdü və Bakıda reallaşdırdı. Məqsəd İranla Rusiya arasında tarixi problemlərdən qaynaqlanan gərginliyin yumşaq güclə aradan qaldırılması və Azərbaycana zərər toxundurmaması idi. İran təşəbbüs göstərib bu sammiti Tehranda da keçirdi. Beləliklə, Rusiya da keçirməli idi. Sonradan bu sammit ərəfəsində Rusiya İranın şimalına qazını Azərbaycan Respublikası ərazisi ilə svop etmək niyyətinə düşdü. İranın şimalında azərbaycanlılar yaşayır. Rusiyanın İran vətəndaşı olan azərbaycanlılar arasında hörmətinin artmasından Tehran çəkindi və bu svopa icazə vermədi. Nəticədə, V.Putin üçtərəfli sammitin Moskva iclasını yubatdı. Sonra isə COVİD-19 pandemiyası başladı və sammit ideyası unuduldu.