Tarix: 24.08.2024 / 09:21

SEPAH yüksək anti-reytinq qazanıb

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

İran parlamentində yeni hökumətin səsverməsi zamanı iki proses baş verdi:

I. Prezidentin təqdim etdiyi hökumət kabinetini bir dəfəyə təsdiq etdi. Bu İran İslam Respublikasının 40 illik tarixində nadir hadisələrdəndir. İran parlamenti özü üçün İslam inqilabının ideoloji keşikçisi rolunu müəyyən edib. Heç bir kabinetin təşkili normal olmayıb. Hətta bəzi hökumətlərdə nazirləri istefaya göndərib. Keçmiş prezident İ.Rəisinin kabinetinin təşkil olunması 6 ay yubandı. Orada təkcə parlamentin rolu olmadı. Həm də ali dini lider İ.Rəisinin kabinetinin formalaşmasına imkan vermirdi. Bundan sonra da daimi olaraq parlament M.Pezeşkian hökuməti ilə bu qaydada unison həmrəy fəaliyyətdə ola bilər. Çünki həm parlamentin rəhbəri M.Qalibafdan, həm də M.Pezeşkiandan ali dini lider razı deyil. M.Qalibaf XII çağırış parlament seçkilərində ilk namaza pişnamaz kimi İran İslam İnqilabının rəhbəri S.R.Xomeyninin nəvəsi Seyid Həsən Xomeynini etdi, parlamentə xeyir-duanı o verdi. M.Qalibaf SEPAH-ın aşkar tərəfini tutdu. Bu İranın ali dini liderinin ən çox xoşlamadığı məsələlərdəndir.

II. Müdafiə naziri Əziz Nəsirzadəyə verilən səslərin sayının ən yüksək olmasıdır. 288 mümkün səsdən 281 səs çox böyük rəqəmdir. Ə.Nəsirzadə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi M.Bagirinin müavini olub. İran Silahlı Qüvvələrin baş qərargah rəisi A.M.Bagirinin yanında aviasiya üzrə müavin olmaq böyük fəaliyyət, səlahiyyət sahibi olmaq deyil. Ə.Nəsirzadənin maksimum səs toplamasının səbəbi onun SEPAH-dan kənar qüvvə olmasıdır və heç vaxt da SEPAH-la bağlı olmamasıdır. Xüsusilə indiki dövrdə bu aktualdır. Deputatların içərisində SEPAH-a bağlı şəxslər çox olsa da SEPAH-la bağlı yayılan məlumatlar İran parlamentini bezdirib. M.Qalibaf da rəhbər SEPAH-çılardan olub. SEPAH-ın İrandakı qonağı qoruya bilməməsi, hətta bəlkə onun qətlində iştirak etməsi, SEPAH -ın içərisində ABŞ, İsrailə satılmış xəyanətkar qüvvələrin çox olması parlamentin deputatlarını iyrəndirdi və ona görə də belə nəticə alındı.

İran parlamentinin işini xarakterizə etmək üçün bir misal kifayət edər: İran parlamentinin son 20 ilində ən aktiv deputatlardan biri Əlauddin Burucerdi idi. Parlamentin Beynəlxalq əlaqələr komissiyasının sədri, ondan əvvəl isə İranın Çinlə münasibətinin kurasiyası ilə məşğul idi. Hətta bir müddət İranın Çindəki səfiri də işlədi. İranın Çinlə strateji əməkdaşlıq barədə müqavilənin hazırlanması, imzalanması onun təşəbbüsü idi. Onun da iştirakı ilə bu baş tutdu. H.Ruhaninin dövründə bu müqavilə hazırlandı və İranın maraqlarına tam cavab verdi. Kiş adası 25 il müddətinə Çinə icarəyə verilirdi, əvəzində Çin Xəzər dənizi qarışıq İranın üzərində qoruyucu çətir qururdu. Hətta Xəzərdə Rusiyanın da təsirini neytrallaşdıra bilirdi. 500 milyard dollar da İrana investisiya qoymaqla bağlı maddə var idi. O müqavilənin parlamentdə ratifikasiya prosesi beş ildən uzun çəkdi. Nəhayət Çin hirsləndi və Səudiyyə Ərəbistanı ilə İranın əleyhinə dörd maddənin olduğu müqavilə imzaladı:

1. Çinin Yaxın Şərqdə bir nömrəli strateji müttəfiqi Səudiyyə Ərəbistanı.
2. Çinin neft alışı üzrə bir nömrəli tərəfdaşı Səudiyyə Ərəbistanı.
3. İran yalnız dinc nüvə texnologiyalarına malik olmalıdır.
4. İran Qonşu dövlətlərin daxili işlərinə qarışmamalıdır.

Parlament İranın dövlət, milli, dini maraqlarını müdafiə adı altında faciəvi vəziyyətə gəlib çıxdı.

SEPAH ancaq anti-Azərbaycan təşkilatdır, strukturdur. İsmayıl Haniya Tehranda SEPAH-ın mehmanxanasında yaxın məsafədən atılan raketlə öldürülür, SEPAH isə yayır ki, İ.Haniya İranın xaricindən - şimalından atılan raket zərbəsi ilə öldürülüb. Yəni Azərbaycan Respublikasını nəzərdə tutur. İ.Rəisinin öldürülməsi də SEPAH-ın boynundadır. Helikopteri Türkiyənin Bayraktar PUA-sının tapması SEPAH üçün çox böyük başıaşağılıq gətirdi. SEPAH o vaxta qədər axtarışa qoşulmuşdu, tapa bilmirdi. Yalnız Türkiyə tərəfi qəzaya düşmüş, yanmış helikopteri tapdıqdan sonra SEPAH elan etdi ki, bizim helikopterlər daha əvvəldən tapmışdılar. Əgər belə idisə niyə məlumat gizlədilməli idi. SEPAH-ın həmin qəza ilə bağlı çox şübhəli əməliyyatlarından biri qəzada yanmış təyyarənin detalından ötrü dərhal ABŞ-a müraciət göndərdi. Bəlkə də Araz çayı ətrafında baş verənlərlə bağlı prosesdə İranın gördüyü işi ABŞ-a məruzə etmək istəyirdi.

İranda normal məntiqli adamlar var və onlar hadisəyə bu nöqteyi-nəzərdən yanaşa bilərlər. Q.Süleymaninin koordinatlarının SEPAH-çının verməsi rəsmən təsdiq olunmuş məlumatdır. Dəməşqdə konsulluqda generalın ölümü ilə də bağlı İsrailin dəqiq məlumatı olub. Onun da ətrafında yalnız SEPAH-çılar olub. İndi haqqında çox az məlumat olan şəxslərdən biri Fuad Şükridür. Hizbullahın komandirlərinin içərisində ən öndə olanı F.Şükrini bəlkə də ikinci Q.Süleymani adlandırmaq olardı. Hizbullahla İsrail arasında 6 günlük müharibədə qələbəni təmin edən onun ideyaları olub. Qəzzada yeraltı tunellərin tikilməsi, Livanda da o cür tunellərin tikilməsi onun ideyaları imiş. O adam özünü çox gözəl qoruya bilirmiş, bəs onun haqqında məlumatlar necə yayıldı?! Bu da SEPAH-a gətirib çıxarır.

SEPAH-ın İranın daxilində təxribat işləri hədsiz çoxdur. İsfahanda raket zavodu raketləri İsrailin çipi ilə hazırlayırmış. O raketlər hədəfi düz vurmurdu. İranda İsrailin bayrağı dalğalandı. SEPAH İranın ərazisində İsrail casuslarını müntəzəm tutduğu barədə məlumatlar yayır. Onlar İran ərazisinə necə keçir, əmələ gəlir. Şahçıraq terror hadisəsi niyə baş verdi, Q.Süleymaninin ildönümündə qəbrinin üstündə baş verənlərin qabağını SEPAH niyə ala bilmədi. Bütün bunların hamısı SEPAH-a qarşı münasibəti dəyişib.

SEPAH özünə, İrana qarşı münasibəti dəyişməlidir. İndi SEPAH-ın baş komandanı H.Səlaminin hərbi rütbəsini mətbuatda general-leytenant kimi təqdim edirlər. İ.Haniyanın ölümündən sonra açılan məlumatların fonunda rütbəsinin artırılması ciddi şübhə yaradandır. İ.Haniyanın ölümü SEPAH üçün mükafat gətirəndir.

Bizim üçün vacib SEPAH-ın anti-Azərbaycançılığıdır. İran XİN-nin mətbuat xidməti ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumatları görmür. ABŞ-ın Ermənistandakı səfiri xanım K.Kuin Ermənistan ərazisində ABŞ-ın HHM və radiolokasiya sistemlərinin olduğunu mətbuat vasitəsi ilə aşkar etiraf etdi. Ən məlumatsız adama da bəllidir ki, ABŞ-ın HHM-ləri İranın HHM sistemlərinə siqnal göndərib, onların ayıqlığını yoxlamaq üçündür. Radiolokasiya qurğuları da İranın raket, HHM sisteminin harada olduğunu müəyyən etməkdir. İran XİN-i bu məlumatları oxuya bilmir.
İ.Rəisinin helikopter qəzası ilə bağlı SEPAH üç dəfə məlumat yaydı: Vuracağıq. Azərbaycanla İsrail hərbçisinin birgə şəklini qoyur və hədəfi Azərbaycan göstərdilər.

İranın daxilində baş verənlər İranı böyük faciəyə doğru aparır. İran üçün yeganə xilas yolu Azərbaycan Respublikası ilə normal münasibətlər, ciddi iş birliyində olmaqdadır. ABŞ hətta İranı Yaxın Şərq regionu üzrə canişini də təyin etsə, üzərindən sanksiyaları götürsə də iqtisadi proseslərin özünəməxsus gedişi var. O gedişi ABŞ müəyyənləşdirə bilməz. Mütləq İran bazar iqtisadiyyatına tədricən qoşulmalıdır. Əks-təqdirdə İranın iqtisadiyyatı birdən-birə çökəcək. İran Azərbaycan Respublikasından başqa heç bir qonşusu ilə dünya iqtisadiyyatına lazımi qaydada qoşula bilməyəcək:

- Azərbaycan İran üçün böyük tranzit-logistika yolu ola bilər.
- Azərbaycan İranın ildə 10-12 m3 qazını, 10 milyon ton neftini dünya bazarına çıxara bilər.
- H.Ruhaninin dövründə Xəzər dənizində iki yatağın işlənməsi ilə bağlı müqavilə var. SEPAH Xəzər dənizində silah oynadınca, bu yataqların işlənməsinə kömək etsin. SEPAH bu qaydada fəaliyyət göstərərsə vəziyyəti yaxşılığa doğru dəyişə bilər.



Şərhlər

Yaz...