Tarix: 13 İyul 2024 09:50 | Baxış sayı: 685

SEPAH və Ali dini liderin ofisi Azərbaycana qarşı...

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nda İranın yeni seçilmiş azərbaycanlı prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətilə gözlənilən siyasəti, formalaşdıracağı kabinetin Azərbaycanı sevən qüvvələrdən ibarət olacağı ehtimalı, Ali dini liderin və SEPAH-ın bu yanaşmaya göstərəcəkləri aqressiv münasibətdən bəhs edib.

Politoloq qeyd edib ki, İranın ümumilikdə siyasətini nəzərə alsaq M.Pezeşkian İranın Ali dini liderinin ofisi və SEPAH tərəfindən qoyulan yükləri daşıya bilməyəcək. Belə olan təqdirdə də o, nəinki 4 il, bəlkə də İ.Rəisinin işlədiyi 3 ildən az müddətə prezidentlik edəcək.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

“Azərbaycan türkü” ifadəsi SEPAH və Ali dini liderin ofisini həm Pezeşkiana, həm də Azərbaycan Respublikasına qarşı qızışdırıb.

SANKİ ARI PƏTƏYİNƏ ÇUBUQ SALINIB

Bu prosesdə istiqamətverici hadisələrdən biri M.Pezeşkianı ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik etməsi də ola bilər. R.T.Ərdoğanın M.Pezeşkiana zəngindən sonra “Turkish Airlines”in Tehran ofisi bağlandı. Səbəb kimi kiminsə orada hicabsız gəzməsi olub. Səsvermə günləri kadrlarına baxsaydılar İran anlamında hicab anlayışının milyon dəfə pozuntusunu görə bilərdilər. Tək hicab deyil, qadınla kişilərin bir-birinə toqquşması, hətta əl-ələ toxunması və s. bunlar da hicab qaydasının pozuntusudur. İlk dəfə idi ki, İranda qadın və kişi eyni bir sırada növbəyə dayanmışdılar. “Azərbaycan türkü” sözü gözlənilməz vəziyyət yarada bilib. İranda artıq Pezeşkiana qarşı mübarizə aparmaqda konseptuallıq müşahidə olunur.

PEZEŞKİAN ERMƏNİSTANI DƏSTƏKLƏSƏ SOSİAL BAZASINI İTİRƏCƏK

Pezeşkianı ilk növbədə Ermənistanla məşğul olmağa, Ermənistana kömək etməyə (sınmağa) yönəldirlər. Paşinyanın Pezeşkiana təbrik telefon zənginin məzmunun İran versiyası, İranın Ermənistandakı səfirinin müdafiə naziri S.Papikyanla görüşü və İran XİN-nin Qafqazda problemlərin həllində İranın bu vaxta qədər gördüyü işi vacib adlandırması suayrıcı xətt kimi qəbul edilə bilər. Səfir Mehdi Sübhani Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Q.Sanosyanla köhnə layihələrin yenidən reallaşmasını müzakirə etdilər. Əsas diqqət İranla Ermənistan arasında III yüksək gərginlikli elektrik xəttinin tikintisindədir. Bu xətt prezident Xatəminin dövründə gündəliyə daxil oldu. Əhmədnejad, Ruhani tikə bilmədi, Rəisinin dövründə məşğul oldular, yenə tikə bilmədilər. İndi isə M.Pezeşkianın boynuna qoymaq istəyirlər. Yaxın vaxtlarda bu layihənin tikintisi başa çatmalıdır. Bu, asan tikilən idisə, bu vaxta qədər niyə tikilməyib?! Burada Aİ-nin investisiya mövzusu var, Aİ İran faktoruna görə o xəttə ayırdığı 109 milyon avro investisiyanı dayandırdı. İran 109 milyon avronu özünün qoyacağını bildirdi ki, onu tikmək üçün tikintini vaxtilə İran-Ermənistan qaz kəmərini tikən “Sanir” şirkətinə tapşırdı. Ermənistanın daxilində digər iqtisadi layihələrin reallaşması, İran-Ermənistan-Gürcüstan qaz kəmərinin tikintisi, əslində bunlar ağlagəlməz mövzular idi. İndi İranın əhalisi nəinki hakimiyyətdən, İslami quruluşdan, hətta dindən imtina edir. İran hökumətinin apardığı siyasətə görə, seçkidə iştirakçıların sayı getdikcə aşağı düşür, 40% idi. Prezident seçkisinin ikinci turunda yalnız bütün inzibati resurslar işə düşdükdən sonra səsverməyə gələnlərin sayı 49,8% oldu. İran əgər yenə HƏMAS-ı Hizbullahı, İraq və Suriyadakı bəlli qüvvələri maliyyələşdirəcəksə, növbəti seçkidə iştirakçıların sayı 30%-dən da aşağı düşəcək. Ermənistanı dəstəkləsə, Pezeşkian sosial bazasını itirəcək.

AZƏRBAYCAN BARƏDƏ NEQATİV İNFORMASİYANIN MƏNBƏYİ SEPAH-DIR

İranın Pezeşkiana müraciəti ölkə tarixində ən böyük anormallıqlardan biridir. İran İslam Respublikasının tarixində anormallıqlar çox olub, hamısı bağlı qapı arxasında baş verir. İnternet, mətbuatın aktiv dövrü olmadığı üçün böyük məlumat yayılmayıb. İndi artıq hər şey dərhal yayılır və bəlli olur ki, Pezeşkianı xüsusi çətin vəziyyətə qoymaqdan ötrü hamı eyni qaydada addım atır. İndiki vəziyyətdə tək Pezeşkianın vurulması görünsə də İranın Ali dini lideri və ətrafı, SEPAH-ın atdığı addımlar Azərbaycan Respublikasını da hədəfə götürüb. İranın Ali dini lideri Azərbaycan Respublikası ilə bağlı yalnız neqativ informasiyaya meyllidir, obyektiv informasiya qəbul etmək fikri yoxdur. Azərbaycan barədə neqativ informasiyanın mənbəyi SEPAH-dır. İndiki hal İran üçün tək Pezeşkianı deyil, Azərbaycan Respublikasına və Prezidentinə də zərbə vurmaqdan ötrü bir fürsət kimi qəbul edilib. İran Azərbaycana qarşı bütün resurslarını səfərbər edəcək.

TÜRKİYƏDƏKİ İRAN PLATFORMALARI AZƏRBAYCANA QARŞI

Türkiyədə İranın platformaları 2-3 gündür yalnız Azərbaycanın üzərində fəaliyyətlərini qurublar. Birləşmiş Ərəb Əmirliklərinin rəsmisi açıq şəkildə bildirdi ki, İsraillə iqtisadi, ticari əlaqələrimizi dayandırmamışıq. İran onun adını çəkə bilmir. Hətta İran bəhanə də edə bilərdi ki, bax görün üç adanı məndən istəyən dövlət İsrailə, yəhudilərə xidmət edən dövlətdir. Belə bir tezis də ortalığa qoya bilərdi.

İran Səudiyyə Ərəbistanı ilə İsrailin münasibətlərinin normallaşmasının əleyhinə çıxıb, indi də Azərbaycanla İsrailin əlaqələrini kəsmək istəyir. Çünki bizə hərbi hücuma keçmək istəyir.

İsrail Azərbaycanın Livan mövzusunda vasitəçiliyini də qəbul edib. Bütün bunlar İranı dəli edir. Dövlətimizə, Prezidentimizə qarşı ən kəskin addımlarını atacaq.

SEPAH çoxdan unudulmuş anti-Azərbaycan, anti-Türkiyə taktikasını yenidən aktivləşdirdi. İkinci gün səhər anti-inqilabi terrorçu qruplar İranın Şimal-Qərb sərhədlərindən İrana doğru keçmək istəyiblər. Aparılan dəqiq monitorinq və informasiya nəzarətinə görə dərhal müəyyən olunaraq məhv ediliblər. İranın Şimal-Qərbi bizim Naxçıvandan başlamış Türkiyə ərazisini İraq sərhədinə qədər olan ərazisini əhatə edir. İran bizim Naxçıvanda ərazimizdə, Türkiyə ərazisində hərbi əməliyyatlar üçün informasiya şəraiti yaradır.

PEZEŞKİANIN ƏTRAFINDA AZƏRBAYCANI SEVƏN ADAMLAR VAR

Yaranmış vəziyyətdən siyasi mübarizə vasitəsilə çıxmaq mümkündür. M.Pezeşkianın ətrafında Azərbaycansevər, ağıllı, həm Azərbaycana, dünya siyasətinə bələd adamlar var. Bizim tərəfimizdən də lazımi izahlar gedən kimi həmin insanlar, M.Pezeşkianın ətrafı İranın da daxilində izahı görən kimi komplementarizm yaranacaq. Onlar dərhal bütün mənzərəni təsvir edəcəklər. Bəlkə də Pezeşkianın düşmənləri ilə özləri münasibətlərini həll edəcəklər. Bizim tərəfimizdən həqiqət deyilməlidir. Əraqçının Xxarici işlər naziri olacağı ilə bağlı deyilənlər M.Pezeşkianın indi daha düzgün yolda olduğunu göstərir. Ola bilər Cavad Zərif onun komandasında bəlkə də daha böyük vəzifədə olsun. Xarici işlır naziri olmağa məhz Abbas Əraqçı layiqlidir. Azərbaycana münasibəti yaxşıdır. Regionu İranın bütün diplomatlarına nisbətən ən yaxşı bilən şəxsdir, təmkinlidir. C.Zərifin isə Azərbaycana nifrəti heç də o biri farslardan az deyil. C.Zəriflə şəxsən mübahisədə olan adam kimi bu sözü deyirəm. Əlavə təfərrüatlara getməyəcəyəm.

M.Pezeşkian getdikcə vəziyyəti bilir və qərarları da doğruya tərəf yönəlib.

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?