Tarix: 29 Oktyabr 2024 11:31 | Baxış sayı: 141
Səməd Vəkilovun Qərbi Azərbaycanla bağlı kitabının    təqdimatı keçirilib

Səməd Vəkilovun Qərbi Azərbaycanla bağlı kitabının təqdimatı keçirilib

Oktyabrın 28- də AMEA-nın akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsi çərçivəsində Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri Səməd Vəkilovun "Qərbi Azərbaycandan Etnik Təmizləmənin Sonuncu Mərhələsi (1987-1991) Çalxanqalaya köç"adlı kitabının təqdimatı keçirilib.

Diaspora.TV xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, rəyçi ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix ü.f.d Leyla Calalova, redaktorlar Cəsarət Hüseynzadə və Möhübbət Məmmədovdur.

Kitabda tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabda sonuncu etnik təmizlənmənin başlanması fonunda Qarabağın Ermənistana birləşdirilməsi “hərakatının” ideoloqları və eyni zamanda, bu hadisələr zəminində təşkil edilmiş Sumqayıt təxribatı, Quqark faciəsi, Hamamlı (Spitak) zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılıb. Həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapıb.

Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın hazırkı güclü mövqeyini vurğulayıb və tarixdən dərs alınmasının önəmini diqqətə çatdırıb. O, Azərbaycanın tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyduğunu qeyd edərək, bu mərhələnin dəyərini xalq olaraq bilməyin vacibliyini vurğulayıb:

"Bizim bu günkü Azərbaycanımız çox güclü, tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyur. Biz millət olaraq, xalq olaraq bunun dəyərini bilməliyik. Necə ki, zamanında dəyərləndirmədiyimiz hadisələr sonradan faciə kimi üstümüzə qayıdıb".

Komitə sədri təqdim edilən kitabın Qərbi Azərbaycanda iki dəfə soyqırımına məruz qalan bir kəndin taleyini işıqlandırdığını bildirib. Sadiq Qurbanov kitabda yer alan tarixi faktların ürəkağrısı ilə oxunduğunu vurğulayaraq, günahsız gənclərin faciəvi taleyindən bəhs edib. O, Əhməd Əhmədovun həyat hekayəsini xüsusi vurğulayıb və onun haqsızlıqlara məruz qaldığını ifadə edib:

"Bu kitabda göstərilən bir kənddə iki dəfə soyqırımı törədilir. Göstərilən tarixi faktları ürək ağrısı keçirmədən oxumaq olmur. Əhməd Əhmədovu, bir gənci imperiya necə məhv etdi".

Tədbirdə Əhməd Əhmədovun yaxınları da iştirak edib və onun uğrunda mübarizə apardığı dəyərlər bir daha yad edilib.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycana olan bağlılığını vurğulayaraq, “Qərbi Azərbaycana, doğma yurda qayıdışa şansımızın olduğuna görə cənab Ali Baş Komandana eşq olsun!” dedi.
O, babası İbrahim Mirzəlinin Qərbi Azərbaycanda tanınmış el ağsaqqalı, şair olduğunu qeyd edərək, ailəsinin tarixi irsindən söz açdı. “Dayım Həsən Mirzəyev Qərbi Azərbaycanın ilk araşdırmacılarından biridir. O, araşdırmalarını ərəb əlifbası ilə yazıb, gizlədərək saxlayıb. Dəftərləri cırılıb, pis vəziyyətə düşsə də, onları qoruyuram. Dərələyəz mahalının toponimləri, şivə sözləri və tarixi adları haqqında məlumatları latın əlifbasına tərcümə etdirmişəm” – deyə professor Mahirə Hüseynova qeyd edib.

Mahirə Hüseynova kitabdakı tarixi faktlara toxunaraq deyib:

“Mən hekayələr mövzusunda yaradıcı insanam, lakin "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabındakılar hekayə deyil, həqiqətdir, tarixi faktdır. Burada türkün başına gətirilən oyunlar öz əksini tapıb".

Milli Məclisin deputatı Pərvanə Vəliyeva tarixdə bu günün ermənilər tərəfdən Bərdə şəhərinin mərkəzinə kasetli bombalarla qətliam törətdiyini xatırladıb. Millət vəkili Azərbaycanın sivil vətəndaşlarının ballistik raketlərlə hədəfə alınmasının, insanların ölümü və yaralanması ilə nəticələnən hücumların beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu vurğulayıb.

Pərvanə Vəliyeva Avropa Parlamentinin bəzi dairələrinin bu cinayətləri görməzdən gəldiyini və Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ədalət məhkəmələri qarşısında cavab verməli olduğunu bildirib. Deputat həmçinin Qərbi Azərbaycandan olan azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsizlik şəraitində qayıtmaq hüququnu müdafiə edəcəyini, bu məsələlərin beynəlxalq arenada daha çox işıqlandırılması üçün fəaliyyətlərini artıracaqlarını qeyd edib.

Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan deputat onun beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin yayılmasına töhfə verəcəyinə inandığını ifadə edib və kitabın ərsəyə gəlməsində əməyi olan Səməd Vəkilova təşəkkürünü bildirib.

Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov müəllif tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun apardığı tarixi araşdırmaların önəmindən danışıb:

“Mən hesab edirəm ki, vətəni, xalqı, milləti üçün iş görmək olduqca önəmlidir. Daşı daş üstə qoymaq o millətin, o dövlətin vətəndaşı olmaqdır. Səməd Vəkilovun bir neçə təqdimatında iştirak etmişəm. Bu məsələlər, araşdırmalar doğrudan da önəmlidir. Biz tariximizi bilməliyik. Bu bir həyat hekayəsidir. Biz addım-addım bu məsələləri araşdırmalıyıq, izləməliyik, tarixi bir zəmin yaratmalıyıq”, deyə bildirib.

İltizam Yusifov, həmçinin vurğuladı ki, tarixi yaddaşın inkişafı baxımından yaxın zamanda açıq bir gələcək gözlənilir.

“Biz sülhü də ermənilərə təklif etmişdik, qalib bir xalq kimi,” – deyə sözlərini tamamlayıb.

Azərbaycan Dövlət Televiziyasının Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, tarixə aid yüzə yaxın sənədli filimin müəllifi Mahir Qəribov müəllifə uğurlar arzulamaqla layihənin vacibliyindən danışdı. Azərbaycanda soyqırımılar və deportasiyalar haqqında ensiklopediyaların buraxılmasının zəruriliyini vurğuladı.

Professor, sosioloq Əhməd Qəşəmoğlu Qərbi Azərbaycanla bağlı fəaliyyətin daha da koordinasiya olunması və starteji yol xərtəsi üzərində irəlilləməyin vacibliyini vurğulayaraq hüquqşünas Səməd Vəkilovun kitabının da bu sahədə irəliyə doğru bir addım olduğunu bildirdi.

İdaretmə üzrə eksper Vüsal Alıyev idrarəçilik təcürbəsinin Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı fəaliyyətlərdə tətbiq olunmasını faydalı hesab etdiyini bildirdi. Göyçə mahalında doğulan sonuncu etnik təmizləmə zamanı köçməyə məcbur olan Vüsal Alıyevin şeri aditoruyada maraqla qarşılandı.

AMEA -nın Tarix İnstitunun Qərbi Azərbaycan Şöbəsinin müdiri, tarix üsrə fəlsəfə doktoru Cəbi Bəhrəmov rəhbərlik etdiyi şöbədə çoxsaylı sənədlərin mövcud olmasında və İrəvan şəhərinin ermənilərə verilməsinin Azərbaycan xalqının iradəsinə zidd olduğunu bildirdi.

Kitabın müəllifi, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov təqdimat zamanı fikirlərini bölüşərək, bu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyinin rolunu qeyd etdi. O, layihənin həyata keçirilməsində dəstək olan Agentliyə təşəkkür edərək bildirdi:

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycana qayıdışla bağlı layihələrə dəstək verir. Bu, elə Qərbi Azərbaycana Qayıdış platformasının reallaşmasına olan ən gözəl dəstəklərdən biridir.”



Səməd Vəkilov kitabın mövzusuna toxunaraq, əvvəllər “şəxsi həyat hekayələri” adı altında təqdim edilən bölmənin professor Mahirə Hüseynovanın tövsiyəsi ilə “həyat həqiqətləri və məlumatları” adı altında dəyişdirildiyini bildirdi. “Hekayə bir az bədii çalar gətirir. Bu, insanların həyat həqiqətləridir. Kitabın üz qabığına Dərələyəz, Ələyəz kəndində olan Alban məbədinin şəkli verilib. Bu tarixi, mədəni abidələrimizə sahib çıxmalıyıq. Bu, Azərbaycan xalqına məxsus olan tarixi bir abidədir. Kitabda sonuncu etnik təmizləmə ilə bağlı ermənilərin yaratdığı qurumlar, Qarabağ komitəsi və Sumqayıt hadisələri geniş əksini tapıb” - deyə o, vurğuladı.

Hamamlı zəlzələsi zamanı baş verən böyük faciələrə, 69 nəfərdən 68-nin həlak olması hadisəsinə də toxunan müəllif həmçinin, Yuqoslaviya təyyarəsinin türk təyyarəsi ilə səhv salınması və ASALA tərəfindən həyata keçirilən terror hadisələrindən də bəhs etdi. S.Vəkilov Qərbi Azərbaycana qayıdışla bağlı Ali Sovetin qərarını xatırladaraq, “Rəy sorğusu keçirilsin ki, Qərbi azərbaycanlılar öz yuvalarına qayıtmaq istəyirlər, yoxsa yox?” sualını irəli sürdü. O, bu qərarın bir təəssüf olduğunu vurğuladı, çünki eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Qərbi Azərbaycan ərazilərini dağıtması kimi ciddi məsələlər yaşanırdı.

P.S. Kitabın ayrı-ayrı bölmələrində sonuncu etnik təmizləməyə zəmin hazırlayan Sumqayıt təxribatı haqqında geniş araşdırma aparılmış, həmin hadisələrin qurbanı olmuş Əhməd İmani oğlu Əhmədov haqqında araşdırma yazısı öz əksini tapmışdır. Kitabda Şəxsi həyat həqiqətlərinin xarakterik cizgiləri və ictimai məzmunu adlı bölmədə Qərbi Azərbaycan ərazisində zorakılıqla qovulmuş Azərbaycan türkləri haqqında yüzdən çox bioqrafik məlumatlar və onların həyat həqiqətlərini əks etdirən informasiyalar toplanmışdır. Bu bölmədə adıçəkilən şəxslərin həyat həqiqətlərinin ictimai məzmunu haqqında ayrıca yazı verilməsi çox əhəmiyyətlidir.

Sonuncu etnik təmizləmə fonunda Azərbaycan hökumətinin qəbul etdiyi qərarların xronikası və təhlil adlı bölmədə həmin dövrdə qəbul edilmiş yüzlərlə sənəd incələnmiş, bu sənədlərin bir qrupu isə kitaba daxil edilmişdir.

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov Vartanlı kəndində törədilən sülh və insanlıq əleyhinə olan cinayətlərin hüquqi aspektləri adlı bölmədə baş vermiş soyqırımı cinayətinin beynəlxalq hüquqi aspektlərini araşdırmışdır. Beynəlxalq hüquqa görə etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsinin məhz soyqırımı cinayəti olması qənaətinə gəlmişdir. “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına uyğun olaraq, Vartanlı soyqırımının araşdırılması çox önəmli faktor olmaqla kitabın elmi dəyərini artırır. Metodoloji baxımından araşdırma zamanı tətbiq olunmuş müqaisəli təhlil metodu doğru seçilmişdir.

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.



Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs