Tarix: 10.10.2024 / 15:00
Səfirliyin və “Azərbaycan evi”nin olmaması ciddi problem yaradır     - Diaspor fəalı

Səfirliyin və “Azərbaycan evi”nin olmaması ciddi problem yaradır - Diaspor fəalı

“Danimarkada artıq 17 ildir aktiv fəaliyyət göstərən Azərbaycan Danimarka Vətən Cəmiyyətinin problemləri var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Danimarka Vətən Cəmiyyəti İdarə Heyətinin üzvü Leyla Qasımova deyib.

L.Qasımova bildirib ki, yaşadığımız cəmiyyəti Azərbaycan haqqında maarifləndirmək məqsədilə Kopenhagenin müxtəlif bələdiyyələrində kitabxanalara ölkəmizin istər tarixi, mədəniyyəti, incəsənəti, istərsə də yaşadığı acı həqiqətləri özündə əks etdirən kitablar, broşürlər paylayıblar:

“Erməni terrorunu özündə işıqlandıran nəşrləri nümayiş etməyi bizə qadağan etsələr də, biz ruhdan düşməyib yaranmış ilk fürsətdə xalqımızın məruz qaldığı zülmləri faktlarla insanların diqqətinə çatdırmağa çalışmışıq. Danimarkanın bir neçə bələdiyyəsi - Frederiksberg, Lyngby bələdiyyələri hər il təşkil etdikləri “İnteqrasiya Günləri”nə bizi dəvət ediblər. Bizim yaratdığımız guşələr rəngarəngliyi və gözəlliyi ilə hər zaman digərlərindən seçilib”.

Diaspor fəalı qeyd edib ki, üzv olduğu Cəmiyyətin fəaliyyəti dövründə Danimarkada “Azərbaycan evi” açmağa nail olublar:

“Azərbaycan evi”nin mövcud olduğu illərdə orada “Ana dili” məktəbi fəaliyyət göstərib. Danimarkada doğulub böyüyən azərbaycanlı uşaqlar hər şənbə iki qrup halında bu məktəbdə Ana dili dərsləri alıblar. Eləcə də “Azərbaycan evi”ndə yaranmış “Cırtdan” rəqs qrupu da fəaliyyət göstərib. Rəqs qrupunun hazırladığı çox gözəl və maraqlı rəqs nömrələrini uşaqlarımız müxtəlif tədbirlərdə həvəslə nümayiş etdiriblər. “Azərbaycan evi” bizim ad günlərini, irili-xırdalı bir çox tədbirlərimizi, vacib görüşlərimizi keçirdiyimiz önəmli bir məkan idi. Təəssüflə bildirmək istəyirəm ki, müəyyən səbəblərdən “Azərbaycan evi” 3 il fəaliyyət göstərdikdən sonra bağlanıb. “Azərbaycan evi” azərbaycanlı uşaqların Azərbaycan dili dərslərinin keçirilməsi, Azərbaycandan gəlib Danimarkada təhsil alan tələbələrlə buradakı azərbaycanlı gənclərin görüşüb tanışlığı, cəmiyyət üzvlərinin irili-xırdalı bir çox tədbirləri, toplantıları məhz burada görüşüb həyata keçirmələri üçün olduqca böyük əhəmiyyət kəsb edir”.

L.Qasımova hazırda müəyyən problemlərinin olduğunu bildirib:

“Azərbaycan və Danimarka arasında heç bir diplomatik münasibətlər olmadığı üçün Danimarkada Azərbaycan səfirliyi mövcud deyil. Bu isə Danimarkada yaşayan azərbaycanlılar üçün ciddi bir problemdir. Vaxtilə Danimarkada yaşayan azərbaycanlılar Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə tabe idi. Ora gediş- gəliş viza baxımından çox da asan başa gəlmirdi. Buna baxmayaraq Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov cəmiyyətimizin ən böyük dəstəkçilərindən biri idi. Zamanında cəmiyyətimizi milli geyimlərlə, tədbirlərdə istifadə etdiyimiz texniki avadanlıqlarla məhz Fəxrəddin Qurbanov təmin etmişdir. Hazırda Danimarkada yaşayan Azərbaycanlılar Azərbaycanın İsveçdəki səfirliyinə tabedir. Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovla may ayında səfirliyin təşkil etdiyi Emil Afrasiyabın möhtəşəm caz konsertində görüşdük”.

L.Qasımova əlavə edib ki, bu kimi problemlər həll olunarsa ətraflarına daha çox soydaşımızı toplayaraq Danimarkada Azərbaycan adına uğuru işlər görəcəklərinə ümid edirlər.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...