Tarix: 26.09.2024 / 21:00
Səfirliklərlə diasporun əməkdaşlığını artıracaq    10 TƏKLİF

Səfirliklərlə diasporun əməkdaşlığını artıracaq 10 TƏKLİF

“Diplomatik nümayəndəliklərlə diaspor qurumları arasında işin səmərəliliyinin artırılması milli maraqların müdafiəsi, xarici siyasətin gücləndirilməsi və mədəni, iqtisadi, siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın effektivliyi həm diaspor təşkilatlarının daha təsirli fəaliyyət göstərməsinə, həm də diplomatik nümayəndəliklərin fəaliyyətlərinin diaspor icmalarına daha yaxşı inteqrasiyasına kömək edə bilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında hüquq müdafiəçisi, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Onun fikirincə, səmərəli və effektiv əməkdaşlığın qurulması üçün aşağıdakı istiqamətlərdə fəaliyyətlər gücləndirilməlidir:

1.Diplomatik nümayəndəliklər və diaspor qurumları arasında vaxtaşırı məlumat mübadiləsi üçün effektiv kanallar yaradılmalıdır. Bu görüşlər, videokonfranslar və e-poçt vasitəsilə ola bilər.

2.Diplomatik nümayəndəliklər yanında diaspor təşkilatları ilə iş üzrə məsləhət qurumları təşkil edilə bilər. Bu qurumlar diaspor fəaliyyətləri ilə bağlı təkliflər vermək və diplomatik missiyalara strateji tövsiyələr təqdim edə bilər.

3.Diplomatik nümayəndəliklər, diaspora liderləri ilə birlikdə yaşadıqları ölkələrdəki mühüm sosial, siyasi və biznes şəbəkələrinə daxil olmalı, onların dəstəyi ilə işgüzar əlaqələri genişləndirməlidir.

4.Diaspor təşkilatları və diplomatik nümayəndəliklər Azərbaycanın milli maraqlarının müdafiəsi məqsədilə birgə kampaniyalar keçirə bilər.

5.Diaspor və diplomatik nümayəndəliklər Azərbaycanın mədəniyyətini və iqtisadi potensialını tanıtmaq məqsədilə sərgilər, biznes forumları, mədəni gecələr və təbliğat kampaniyaları keçirə bilər. Bu diasporun fəaliyyəti və diplomatik missiyaların resursları arasında enerji yarada bilər.

6.Azərbaycanın milli bayramları və vacib tarixi hadisələr birgə qeyd oluna bilər, bu da həm ictimai dəstəyin artırılmasına, həm də Azərbaycanla bağlı təbliğatın gücləndirilməsinə kömək edər.

7.Diplomatik nümayəndəliklər diaspor təşkilatlarına maliyyə, hüquqi inzibati və logistik dəstək verə bilər.

8. Diplomatik nümayəndəliklər və diaspor təşkilatları birlikdə Azərbaycanın maraqlarını beynəlxalq arenada müdafiə etmək üçün lobbiçilik fəaliyyəti ilə məşğul ola bilər. Bu həm yerli siyasətçilərlə əlaqələr, həm də beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində işləri əhatə edə bilər. Diaspor qurumları yaşadıqları ölkələrin siyasi həyatına daha aktiv şəkildə inteqrasiya edilməli və həmin ölkələrin siyasi mühitində Azərbaycanın maraqlarını təmsil etməyə təşviq edilməlidir.

9. Diplomatik nümayəndəliklər və diaspor təşkilatları Azərbaycanla bağlı məsələləri beynəlxalq mediada və ictimaiyyətdə geniş işıqlandırmaq üçün birgə kommunikasiya strategiyaları hazırlaya bilərlər. Bu müasir media alətləri, sosial şəbəkələr və digər rəqəmsal platformaların fəal istifadəsini nəzərdə tutur.

10. Diaspor təşkilatları və diplomatik nümayəndəliklər arasında əlaqələrin sürətləndirilməsi və məlumat mübadiləsi üçün rəqəmsal platformalar və onlayn tədbirlər təşkil etmək mümkündür. Bu, həm işin səmərəliliyini artıracaq, həm də coğrafi məhdudiyyətləri aradan qaldıracaq.

Əliməmməd Nuriyev əlavə edib ki, sadalanan istiqmətlər üzrə hazırda bəzi fəaliyyətlər var:

“Lakin bir çox hallarda fraqmentar xarakterli görünür. Düşünürəm ki, qeyd edilən istiqamətlər üzrə sistemli iş geniş miqyasda qurularsa diplomatik nümayəndəliklərlə diaspor qurumları arasında daha sıx və məhsuldar əməkdaşlığın təmin edilməsinə kömək edər və milli maraqların beynəlxalq miqyasda daha effektiv şəkildə müdafiəsinə töhfələr verməsinə yeni imkanlar yaradar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...