Tarix: 26.05.2024 / 11:37
Səfirliklər, iş adamları, tələbələr səfərbər olunmalı…  - Ekspert

Səfirliklər, iş adamları, tələbələr səfərbər olunmalı… - Ekspert

“Bu gün dil birliyi, əməl birliyi mobilliyin mühüm elementidir. Buna nail olmaqla yeni platformalarda irəliləmək mümkündür və məsələnin daha uğurlu həllini təkcə komitənin fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz. Strateji Yol Xəritəsinin də mahiyyəti məhz buna xidmət edir. Bu məsələnin daha geniş miqyas almasına səfirliklər, imkanlı iş adamları, hər bir vətəndaşımız, o cümlədən də xaricdə təhsil alan tələbələrimiz və qürbətdə yaşayan, işləyən soydaşlarımız səfərbər olunmalı, əllərindən gələni etməlidirlər. Bizim məktəblərlə xaicdəki həftəsonu məktəblər arasında körpü yaradılması da işimizə layiqli bir töhfə olardı”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspert Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan artdığını əlavə edib:

“Bununla yanaşı, ölkəmiz haqqında daha geniş məlumatın yayılması vacibdir. Ölkə başçısının bu çağırışına cavab olaraq dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı çalışmalıdır ki, milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər, hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. Bu məsul və şərəfli missiyanın yerinə yetirilməsində vətəndaşlarımızla yanaşı, xaricdə yaşayan soydaşlarımızın da üzərinə məsuliyyətli yük düşür. Sözügedən məsələlərlə bağlı vəzifələr qanunvericiliyimizdə də kifayət qədər öz əksini tapıb. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə dövlət siyasətinin məqsəd və prinsiplərini, bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir: “Xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgürlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərmək.” Bu Qanuna əsasən Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsi və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərir və bu məqsədlə tədbirlər görür, xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım göstərir”.

Təhsil eksperti qeyd edib ki, dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyllərinin güclənməsi diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir:

“Ölkə başçısının siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr daha da möhkəmlənib. Diasporla əlaqələrin möhkəmləndirilməsi və xaricdə yaşayan soydaşlarımızla etibarlı körpülər qurulmasının mühüm həlqələrindan biri də müxtəlif ölkələrdə Azərbaycan dili məktəblərinin açılmasıdır. Bu məktəblər dilimizi, milli-mənəvi dəyərlərimizi yaşadır və təbliğ edir”.

N.İsrafilov bu gün xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olması məqsədilə müxtəlif ölkələrdə xeyli sayda həftəsonu məktəblərin olduğunu vurğulayıb:

“Xarici ölkələrdə Azərbaycan dilində şənbə və bazar günləri fəaliyyət göstərən bu məktəblərdə uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur. Belə məktəblər ən çox azərbaycanlıların yaşadığı keçmiş MDB məkanındadır. Ümumilikdə Rusiya Federasiyasının 60-a yaxın regionunda Azərbaycan dili, tarixi, mədəniyyətini tədris edən həftəsonu məktəbləri fəaliyyət göstərir. Belə məktəblər hazırda Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda da fəaliyyət göstərməkdədir. Qonşu Gürcüstanda isə bu məktəblərin sayı daha çoxdur və 80-i ötüb. ABŞ və bəzi başqa ölkələrə nəzər saldıqda şahidi oluruq ki, Floridada, Nyu-Yorkda, Bruklində, Kaliforniyada, Torontoda, Ottavada, Londonda Azərbaycan dili məktəbi həmvətənlərimizə doğma dilini, tarix və mədəniyyətini öyrədir. Danimarka, İsveçrə, Niderland, Fransa, Estoniya, Litva, Niderland Krallığı da Azərbaycan dili məktəblərinin fəaliyyət göstərdiyi ölkələr sırasındadır. Bundan əlavə İsveçrə, İsveç, Polşa, Fransa və s. ölkələrdə Qarabağ adlı Azərbaycan məktəbləri fəaliyyət göstərir ki, bu məktəblər yalnız dilimizin, mədəniyyətimizin qorunması və təbliği ilə deyil, həm də Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya çatdırmaqla məşğuldur”.

Xaricdə fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin müasir mənzərəsinə gəldikdə, ekspert qonşu Türkiyədə Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil və Kültür Dərnəyinin nəzdində Azərbaycan məktəblərinin də fəaliyyət göstərdiyini əlavə edib:

“Bütün bunlarla yanaşı, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətləri, Qarabağla bağlı həqiqi informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biridir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...