Tarix: 09.05.2024 / 10:47
Səfirin Şuşa "əzabı" -  fransızsayağı baxış

Səfirin Şuşa "əzabı" - fransızsayağı baxış

"Azadlıq" radiosunun ermənilərə bağlı ingilisdilli bölümünün rəhbəri Heghine Buniatyan Fransanın Ermənistandakı səfiri Olivier Decottignies-dən müsahibə götürüb. Səfir deyib ki, Ermənistan (4 kəndlə bağlı) Azərbaycana güzəştə getdi, Fransa gözləyir ki, Azərbaycan da Ermənistana güzəştə gedəcək. Xanım səfir Azərbaycandan Ermənistana konkret olaraq hansı güzəştləri gözləyir?

O, bu suala belə cavab verir: “Ermənistan Almatı bəyannaməsi əsasında müəyyən güzəştlərə getmək iradəsini ifadə edib və biz Azərbaycanın da güzəştə getməsini gözləyirik. Azərbaycan hazırda Ermənistan ərazisinin böyük hissəsini işğal altında saxlayır və o, həmin ərazilərdən çıxmalıdır”.

Erməni jurnalist təkidlə soruşur ki, Azərbaycan mediasının iddiasına görə, Parisə geri çağırılmış Fransa səfiri yenidən Bakıya qayıdıb. Bu, belədirmi?

“Azadlıq” Radiosu: - Xanım səfir hazırda Bakıdadır?

Səfir Dekotinis: - Səfirin Parisdə və ya Bakıda olduğunu sizə deyə bilmərəm, amma sizə dəqiq deyə bilərəm ki, o, Şuşidə (Şuşa) deyil.

Gördüyünüz kimi, Fransanın rəsmi nümayəndəsi bu ölkənin Bakıdakı səfirinin Şuşada olmadığını xüsusi ilə vurğulayır. Üstəlik, Şuşa şəhərin adını erməni variantında dilə gətirir. Əlbəttə, bu, təsadüfi deyil...

ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya səfərindən sonra Fransa tək qalıb.

Fransa səfiri təmsil etdiyi ölkənin rəsmi Bakının Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyaya dəstək verməsindən narazı olduğunu dilə gətirib. Qeyd edək ki, bugünlərdə Fransanın daxili işlər naziri də Azərbaycanın bu məsələyə müdaxiləsinə kəskin etiraz etmişdi.

Bəs bilmirdinizmi ki, erməni separatizminə dəstəyin bu və ya digər formada cavabı olacaq?...

Elbəyi Həsənli, Sürix

Şərhlər

Yaz...