Tarix: 16.12.2024 / 15:39
Seçkilərdən sonra Gürcüstanda azərbaycanlılar unuduldu?    – VİDEO

Seçkilərdən sonra Gürcüstanda azərbaycanlılar unuduldu? – VİDEO

Yeni ilə artıq geri sayım başlayıb. Marneuli şəhəri tamamilə yeni il abu-havasına uyğun olaraq işıqlandırılıb və bəzədilib. Şəhərin müxtəlif yerlərində böyük bilbordlarda əhaliyə yeni il təbrik mesajları ünvanlanıb. Lakin bir məqam diqqətdən qaçırılıb: Marneulidə xaricilər yaşamır. Şəhər əhalisinin təxminən 85%-ni yerli azərbaycanlılar təşkil edir.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, söhbət bilbordlarda gördüyünüz "Yeni ilinizi təbrik edirik" mesajından gedir. Dövlət dilində təbrik mesajının olması tamamilə normaldır, lakin Azərbaycan dilində analoji mesajın yer almaması anlaşılmazdır.

Maraqlı bir paradoks ortaya çıxır: seçki dövründə hakim "Gürcü Arzusu" partiyası da daxil olmaqla, bütün siyasi partiyalar təbliğat kampaniyalarını dövlət dili ilə yanaşı, Marneulidəki azərbaycanlıların ana dili olan Azərbaycan dilində də aparıb. Bunun əsas səbəbi, etnik azərbaycanlıların gürcü dilini kifayət qədər yaxşı bilməməsidir.

Bəs, əgər seçki dövründə bütün siyasi partiyalar azərbaycanlıların yaşadığı bölgələrdə ana dillərində kampaniyalar aparırsa, niyə Yeni il təbrikləri yalnız bir dildə yazılır? Bu sual doğurur: yoxsa seçkilərdən sonra azərbaycanlılar unudulurmu?

Məsələ ilə bağlı Marneuli meri Kənan Ömərov susur və müsahibə verməkdən boyun qaçırır, mobil telefon zənglərimizə isə cavab vermir.

Müxalifət və vətəndaş cəmiyyəti isə baş verənləri diskriminasiya adlandırır.

Aktual.ge süjeti təqdim edir:



Şərhlər

Yaz...