Tarix: 15.11.2024 / 12:51
Şahin Şıxlinskiyə qarşı kampaniya aparılır,    yoxsa?!

Şahin Şıxlinskiyə qarşı kampaniya aparılır, yoxsa?!

Son dövrlər Rusiya mediasında azərbaycanlı iş adamlarına və miqrantlara qarşı səlib yürüşü başlayıb. Bütün xoşa gəlməyən proseslərdə “qaralar”, xüsusən də azərbaycanlılar ittiham olunur. Rusiya mediası heç bir ad və soyad çəkmədən ölkədə baş verənlərdə yalnız “azərbaycanlı izi” axtarır. Əlbəttə, bu proses təkcə miqrantlarla bağlı deyil. Zaman-zaman azərbaycanlı iş adamları, diaspor sədrləri də Rusiya mediasının “qara piarı”nın qurbanı olurlar. Son günlər haqqında yayılan informasiyaları araşdıranda onlardan birinin də Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, iş adamı Şahin Şıxlinskinin olduğunu görürük. Məlumatda hələ ötən ilin martında Şahin Şıxlinskinin sahibi olduğu “Baku Plaza” Ticarət Mərkəzində yoxlama aparıldığı və icarədə olan obyektlərin birində qadağan edilən oyun avtomatları və qanunsuz spirtli içkilər aşkar edildiyi barədə xəbərlər tirajlandı. "Ural-Azərbaycan” Sverdlovsk vilayəti Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski ittihamları rədd edərək bu kampaniyanın arxasında rus jurnaslitsləri ilə yanaşı (KRİK-TV), bir nəfər azərbaycanlının da olduğunu bəyan etdi.

Diaspora.TV olaraq biz də yalnız Rusiya mediasında yayılan xəbəri ictimailəşdirdik və tərəflərin mediaya müsahiblərini yaymaqla kifayətləndik. Bu yazıda isə kiçik bir araşdırma apararaq Şahin Şıxlinskinin iddia etdiyi kimi, bu kampaniyanın arxasındakı isimlər haqqında məlumatları birləşdirməyə çalışdıq.

KRİK-TV və Yevgeni Qubkonun azərbaycanlılara nifrəti



KRİK-TV kanalının direktoru Yevgeni Qubkonun Yekaterinburqda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə “isti” münasibətləri var. O, soydaşlarımızla bu “isti” münasibətlərindən sui-istifadə edərək onlardan külli-miqdarda borc alır, sonra isə geri qaytarmır. Pullarını geri istəyən soydaşlarımız isə Yevgeni Qubkonun şantajları ilə üz-üzə qalır.

Aldığımız məlumata görə, Yevgeni Qubko həm də ticarət məqsədilə Azərbaycana taxta-şalban göndərir. Onun bəzi yerli iş adamlarımızla da münasibətləri var.

İddia olunur ki, Yevgeni Qubkonun Şahin Şıxlinskiyə qarşı qərəzi də məhz maddi gəlir əldə etmək məqsədi daşıyıb. Bu barədə Diaspora.TV-yə kifayət qədər sübutlar (yazışmalar, fotolar, səs yazıları) daxil olub, lakin hazırda istintaq prosesi getdiyi üçün onları yaymağı məqsədə müvafiq bilmirik.

Lakin bu qədərini yaza bilərik ki, Yevgeni Qubko müxtəlif vaxtlarda Şahin Şıxlinskiyə müraciət edərək ondan pul istəyib. Sonuncu istəyi geri çevriləndən sonra azərbaycanlı iş adamına və diaspor rəhbərinə qarşı total hücumlar başlayıb. Hücumların arxasında isə KRİK-TV kanalının direktoru Yevgeni Qubko, Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev və Ural Federal Dairənin Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə üzrə layihənin nümayəndəsi Vidadi Mustafayev dayanır. Belə iddia olunur ki, Ş.Şıxlinskini nüfuzdan salmaq üçün son günlər yayılan informasiyalar KRİK-TV-yə Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev və Ural Federal Dairənin Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə üzrə layihənin nümayəndəsi Vidadi Mustafayev tərəfindən ötürülüb. Hər iki şəxsin Yekaterinburq hüquq-mühafizə orqanlarında mövcud olan görüntülərə çıxış imkanları olub. Onlar hələ ötən ilin martında “Baku-Plaza”nın icarədə olan obyektində aparılan reydi bu günlərdə ictimailəşdirərək Şahin Şıxlinskidən qisas almaq istəyiblər.



Ruslarla eyni “cəbhə”də azərbaycanlıya qarşı “vuruşan” azərbaycanlı kimdir?

Diaspora.TV-nin əldə etdiyi məlumata görə, Vidadi Mustafayev Ermənistanın Kalinin rayonundan olan azərbaycanlıdır. Bizə bəlli olmayan səbəblərdən V.Mustafayev azərbaycanlılar arasında Şahin Şıxlinskini nüfuzdan salan şayiələr yaymağa başlayıb.



Araşdırmalarımız zamanı Vidadi Mustafayevin Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərovla görüş keçirdiyi (2019) barədə informasiyalara rast gəlirik. Görüşdə Vidadi Mustafayevə azərbaycanlılardan bu və ya digər həyati vacib məsələlərdə kömək üçün hər gün müraciətlər daxil olduğu iddia edilir. Görüşdə onlar Orta Uralla Azərbaycan arasında qardaşlıq əlaqələrinin dərinləşməsi istiqamətində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin ən perspektivli sahələrini müzakirə ediblər. Maraqlıdır, heç bir rəsmi statusu olmayan bir nəfərlə sabiq baş konsulumuz bu kimi məsələləri niyə müzakirə etsin ki?



Digər maraqlı məqam isə həm Yekaterinburqda yaşayan azərbaycanlılar, həm də Rusiyanın Ural dairəsinə yaxın ərazilərdə fəaliyyət göstərən diaspor sədrlərimizin Vidadi Mustafayev haqqında çox az informasiyaya malik olmallarıdır. Bəziləri isə, ümumiyyətlə Azərbaycan diasporunda belə bir adamın varlığından xəbərsizdirlər. Ədalət naminə qeyd edək ki, bəziləri onu daha çox hansısa kiçik idman yarışları təşkil edən biri kimi tanıyır.

Ural mediasında isə Vidadi Mustafayevi rəhbərlik etdiyi Fondun adına hansısa binanı icarə götürüb təyinatı üzrə istifadə etmədiyi və dövləti 78 milyon rubldan çox zərərə uğratdığı barədə silsilə məlumatlar yayılıb.

Rusiya mediasında yayılan başqa bir məlumatda isə Yekaterinburqda yaşayan azərbaycanlı etnik icmalar cinayətləri ört-basdır etməkdə ittiham olunur. Maraqlıdır ki, həmin məlumatda Vidadi Mustafayev “yanğına görüklə gedərək” Uraldakı Azərbaycan və digər diasporlar haqqında kəskin danışır, soydaşlarımızı ittiham edərək bildirir ki, Azərbaycanda tapança ilə şəhərdə gəzmək, yetkinlik yaşına çatanda gənclərə silah vermək kimi ənənə yoxdur: “Amma Yekaterinburqda nədənsə silahla gəzməyi, onları yelləməyi, hər hansı səbəbdən atəş açmağı normal hesab edirlər”.

Şahin Şıxlinski bu kampaniyanın arxasında da onların durduğunu bəyan edir

Artıq Sverdlovsk vilayəti “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski ona qarşı aparılan böhtan kampaniyası ilə bağlı qubernator və vilayətin hüquq-mühafizə orqanları rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib.

Müraciətdə qeyd edilir ki, 2024-cü ilin oktyabr-noyabr aylarında Sverdlovsk vilayətinin kütləvi informasiya vasitələrində Şıxlinskini nüfuzdan salmaq məqsədi daşıyan məlumat kampaniyasına başlanılıb.

Şahin Şıxlinskinin sözlərinə görə, bu məlumat kampaniyasının arxasında KRİK-TV kanalının direktoru Yevgeni Qubko, Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev və Ural federal dairənin Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə üzrə layihənin nümayəndəsi Vidadi Mustafayev dayanırlar. Bəyanatda vurğulanır ki, yuxarıdakı şəxslər Şahin Şıxlinski haqqında çirkin məlumatlar yaymaqla öz şəxsi maraqlarını güdürlər.

Bununla əlaqədar “Azərbaycan-Ural” təşkilatı yuxarıda qeyd olunan şəxslərin əməllərinin qanuniliyinin yoxlanılmasını xahiş edir.

Diaspora.TV



Şərhlər

Yaz...