Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Şuşa şəhərinə həsr olunmuş tədbir keçirilib.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Raida Dərziyeva Şuşa şəhərinin tarixi, mədəni və strateji əhəmiyyəti haqqında məlumat verib.
O qeyd edib ki, Şuşa sevgisi hər bir azərbaycanlının milli-mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olunub.
Şair-publisist Rafiq Hümbət öz çıxışında Şuşanın Azərbaycan musiqisi və mədəniyyətinin beşiyi olduğunu, bütövlükdə Cənubi Qafqazın mədəni inkişafına da töhfə verdiyini vurğulayıb. O şəhərdə aparılan bərpa və quruculuq işləri haqqında məlumat verərək bu qədim şəhərin yenidən canlandığını və Azərbaycan xalqına qürur bəxş etdiyini bildirib.
Rustavi 18 saylı məktəbin müəllimi Savalan Osmanlı şəhərin mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında öz fikirlərini paylaşaraq, şəhərin Azərbaycan mədəniyyətinin və qəhrəmanlıq tarixinin təcəssümü olduğunu bildirib.
Mövzu ətrafında geniş müzakirələr aparan iştirakçılar bu qəbildən olan məlumatlandırıcı görüşlərin keçirilməsini təqdir ediblər.