Tarix: 29.08.2024 / 14:33
Rusiyada qazanıb, vətəndə xərcləyirəm   - Afət Fərmanqızı

Rusiyada qazanıb, vətəndə xərcləyirəm - Afət Fərmanqızı

“Azərbaycanda yaşayanda elə düşünürdüm ki, xaricdə yaşayan soydaşlarımız zaman-zaman Azərbaycan mədəniyyətini, adət-ənənələrini unudurlar. Rusiyaya köçdükdən sonra isə tam əksinin şahidi oldum”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Rusiyada yaşayan və fəaliyyət göstərən müğənni Afət Fərmanqızı deyib.

A.Fərmanqızının sözlərinə görə, Rusiyada mədəniyyətin tanıdılıb, yaşadılmasına ikiqat diqqət edilir:

“El məclislərində istər musiqilərimiz, istərsə də milli yeməklərimiz yaşadılır, tanıdılır. Hətta milli bayramlarımız, nişan, xınayaxtı kimi adətlərə qədər hər biri yüksək səviyyədə təşkil olunur”.

“Azərbaycanlıların getdikləri ölkəyə inteqrasiya etmələri individual prosesdir. Mən xaricdə olsam da, olmasam da davranışlarıma diqqət edir, adicə zibili belə qətiyyən yerə atmaram. Bu səbəbdən başqalarına da izah etmişəm ki, olmaz. Biz belə tərbiyə görmüşük. Bunun xariclə, yaxud da öz vətəninlə əlaqəsi olmamalıdır. İnsan ailədə necə tərbiyə görürsə, onu da cəmiyyətə yansıdır”, - deyə o bildirib.

A.Fərmanqıznın sözlərinə görə, dövlət qurumları ilə əməkdaşlığa açıqdır:

“Azərbaycanda yaşayanda da, Rusiyaya köçdükdən sonra da dövlət qurumları ilə əlaqələrim yaxşı olub. İstər mənim, istərsə də sənət yoldaşlarım üçün tədbirlər təşkil olunsun, iştirak edərəm. Heç kəslə problemim yoxdur. Vətənim Azərbaycan olsa da, Rusiya mənim ikinci vətənim sayılır. Çörəyi burada qazanıb, vətəndə xərcləyirəm. Azərbaycanda da pis deyildi, işim yaxşı idi, lakin Rusiya daha yaxşıdır. Burada mənə ehtiyac var. Yaxın 10 il müddətində də burada yaşamağı düşünürəm”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...