Tarix: 23.10.2024 / 11:13
Rusiyada “miqrant ovu” davam edir   - Bu dəfə Nalçik bazarına basqın olub

Rusiyada “miqrant ovu” davam edir - Bu dəfə Nalçik bazarına basqın olub

Şimali Qafqazın Nalçik şəhərində Rusiya güc strukturları bazara növbəti dəfə basqın ediblər.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, basqın zamanı təhlükəsizlik qüvvələri Özbəkistanın iki vətəndaşının üzərində Rusiyada qalmalarını qanuniləşdirən saxta sənədlər aşkar ediblər. Məlum olub ki, miqrantlar onları öz həmyerlilərindən alıblar. Hər üç şəxs qanunsuz miqrasiyanın təşkilində və sənədləri saxtalaşdırmaqda ittiham olunurlar.

Özbəkistan vətəndaşlarına qarşı Cinayət Məcəlləsinin "qanunsuz miqrasiya təşkili" və "bilərəkdən saxta sənəd əldə etmə" maddələri ilə cinayət işi açılıb.

Rus mediası iddia edir ki, guya, bu reydlər qeyri-qanuni miqrantların axtarışı məqsədi ilə keçirilir. Lakin heç kimə sirr deyil ki, basqınlar Ukraynaya işğalçı hucumdan sonra artıb. Rusiya güc bölmələrinin bazarlara basqınında əsas məqsəd müharibəyə göndərmək üçün adam toplamaqdır.

Yaxalanan qeyri-ruslara istintaq zamanı əvvəlcə müharibədə döyüşmək təlif olunur. Rədd cavabı verən şəxslər təhqir edilir, işgəncələrə məruz qalır, həbsə atılır.

Qeyri-ruslara qarşı nifrətdolu şovinist addımları ilə seçilən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantlar arasında cinayətkarlığın artdığı barədə açıqlamasından sonra belə reydlər intensivləşib.

Rusiya hakimiyyəti ölkənin cənub bölgələrində təbliğat kampaniyasına başlayıb. Mərkəzi Asiyadan olan, eləcə də, bu yaxınlarda Rusiya vətəndaşlığını almış miqrantlara Şimal-Qərb bölgəsinə göndərilmək üçün ödənişlər təklif edilir. Əks halda, bu şəxsləri cəzalandırmaqla hədələyirlər.

“Kavkazskiy uzel” nəşrinə müsahibə verən analitiklər qeyd ediblər ki, güc strukturları bu kampaniyada fəal iştirak edir, vaxtaşırı miqrasiya qanunlarının pozulmasını yoxlamaq üçün reydlər keçirir.

İş o yerə çatıb ki, Çeçenistan rəhbəri Ramzan Kadırov belə, dilə gəlib. O, hakimiyyət nümayəndələrinin bu cür davranışlarına etiraz edərək bildirib ki, miqrasiya siyasətini sərtləşdirmək üçün görülən bəzi tədbirlər məyusedicidir. Miqrant problemi kütləvi qovulma yolu ilə həll edilə bilməz. O, “orta əsr yanaşmalarını tərk edib problemin məqsədyönlü həllini axtarmağa” çağırıb.

Şərhlər

Yaz...