Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində və cinayətə qarşı qabaqlayıcı tədbirlər sistemi üzərində düşünmək yönündə qəti tapşırıqlar verib. Ölkə başçısı sözügedən sahədə vəziyyətin ciddi şəkildə nəzarət altına alınmasının vacibliyini vurğulayaraq, bunun milyonlarla Rusiya vətəndaşını narahat etdiyini bildirib. Bu istiqamətdə qaydaların sərtləşdirilməsi tapşırığından sonra isə Qırğızıstanın 40 vətəndaşı Moskvaya buraxılmayıb. Bəs, Rusiyada miqrasiya sahəsində tətbiqi nəzərdə tutulan məhdudiyyətlər ölkədəki miqrantlara, xüsusilə azərbaycanlılara necə təsir göstərəcək?
Diaspora.tv xəbər verir ki, mövzu ilə bağlı “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov Medianews.az-a danışıb.
O qeyd edib ki, Rusiyanın əmək bazarında miqrantlarla bağlı seqmentdə dəyişikliklər olacaq:
“Rusiya artıq bir neçə müddətdir ki, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsilə bağlı məlumatları dövriyəyə buraxır. Bu təkliflər dövlət qurumları, dumalarda təmsil olunan fraksiyalar tərəfindən irəli sürülür. Bunun da başlıca səbəbi ölkədə nizam-intizamın qurulması ilə bağlıdır. Məsələni ölkə ərazisində olan qeyri-qanuni miqrantların sayı, onların cinayət hadisələrində iştirak etdikləri statistik rəqəmlərlə də əlaqələndirirlər. Bu, anti-miqrant ritorikasının güclənməsinə səbəb olur. Bəlli məsələdir ki, belə olduğu halda yerli əhali ilə miqrantlar arasında gərginliklər yaranır. Bu, siyasiləşmiş şəkildə gündəmə gətirilmiş bir mövzudur”.
A.Allahverənov hesab edir ki, məhdudiyyətlər minlərlə miqrantın əziyyət çəkməsinə səbəb olacaq:
“Azərbaycanlılara gəldikdə, Rusiyanın rəsmi orqanlarının məlumatına görə, 200 mindən çox Azərbaycan vətəndaşı orada əmək müqaviləsi ilə işləyir. Əlbəttə, söhbət qanuni əmək fəaliyyəti ilə işləyən şəxslərdən gedir. Onların böyük bir qismi ticarət, tikinti və digər sektorlarda çalışırlar. Xüsusi ixtisas uyğunluğu tələb olunan işlərdə miqrantlarla bağlanmış əmək müqavilələri dayandırıla bilər. İstənilən məhdudiyyət, sərtləşdirmə miqrantların hüquqi vəziyyətlərinə mənfi təsir göstərir”.
QHT sədrinin sözlərinə görə, Rusiyada qanunvericiliyə düzəliş üçün təklif edilən yeni maddəyə əsasən, perspektivdə işə götürülən miqrantlar yalnız peşələrinə uyğun işlərdə çalışacaqlar:
“Uyğun olduğu təqdirdə həmin şəxslə əmək müqaviləsi rəsmiləşdiriləcək, olmadığı təqdirdə isə yox. Faktiki olaraq, məhdudiyyətlər sərtləşdirilmə ilə müşayiət olunur. Biz bu məhdudiyyətləri daha çox ölkə ərazisində müddətli və müddətsiz əmək müqaviləsi bağlayıb, fəaliyyət göstərən miqrantlar arasında görürük. Belə təklif edilir ki, əvvəlki miqrantlarla müddətsiz müqavilələr bağlanmasın. Bu da onların perspektivlərinə təsir edir”.