Xəbər verdiyimiz kimi, 13-15 dekabr tarixində Moskva şəhərində, “Kosmos” mehmanxanasının “Neptun” konfrans zalında Rusiya azərbaycanlıları üçün əhəmiyyətli bir hadisə – Rusiya azərbaycanlıları ictimai birliklərinin II Forumu keçirilib.
Diaspora.TV xəbər verir ki, “İnkişaf” Azərbaycanlılarının Regionlararası Alyansı (MAAR) və “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilatının təşəbbüsü ilə keçirilən Foruma Rusiyanın 40 regionundan 70-dən çox iştirakçı qatılıb.
MAAR-ın sədri, “AzerRoss”ın I vitse-prezidenti Ramil Əliyev forumun Rusiya azərbaycanlıları icması üçün əhəmiyyətini vurğulayıb. “AzerRoss”ın prezidenti Xanoğlan Əliyev və Federal Şuranın sədri, Prezidentin Millətlərarası Münasibətlər Şurasının üzvü, Rusiya Xalqları Evinin direktorunun müşaviri Mehriban Sadiqova da tədbirdə çıxış edib.
Forum çərçivəsində “Yeni üfüqlər: Azərbaycan icmasının Rusiya milli siyasəti kontekstində inkişafı” adlı Dəyirmi masa keçirilib. Dəyirmi masanın iştirakçıları birgə iş və ideya mübadiləsi aparmağa, birgə məqsədlərə nail olmaq üçün hazır olduqlarını bildiriblər.
Forumda 2024-cü il üçün “Rusiya azərbaycanlılarının ən yaxşı ictimai təşkilatı” nominasiyası üzrə mükafatlandırma mərasimi keçirilib. Forumda həmçinin fəal vətəndaş mövqeyinə və Rusiyada milli münasibətlərin inkişafı və harmonizasiyasına mühüm töhfə vermiş nümayəndələr də təltif olunublar.
Forumunun təşkilatçılarından olan “İnkişaf” Azərbaycanlılarının Regionlararası Alyansı iştirakçıları "Təşəkkürnamələr"lə təltif edib.
Dəyirmi masa yekununda Rusiya azərbaycanlıları ictimai birliklərinin II Forumunun iştirakçıları tərəfindən Azərbaycan icmasının Rusiya cəmiyyətində inteqrasiya proseslərini dərinləşdirmək və milli birliklərlə dövlət strukturları arasında əməkdaşlığın yeni formatlarını işləyib hazırlamaq məqsədilə konkret tövsiyələr və fəaliyyət planı ilə qəbul edilmiş qətnamə imzalanıb.
Xatırladaq ki, Rusiya azərbaycanlıları ictimai birliklərinin I Forumu 2022-ci il oktyabrın 22-də Moskvada, Milli Xalqlar Evinin təşkilatçılığı ilə hibrid formatda keçirilib və müxtəlif bölgələrdən olan milli-mədəni avtonomiyaların və ictimai birliklərin rəhbərləri iştirak ediblər.