Tarix: 10.09.2024 / 21:25
 Rus diasporu Serbiyada mini-Rusiya    yaradıb

Rus diasporu Serbiyada mini-Rusiya yaradıb

2022-ci ilin fevralından bəri on minlərlə rus Serbiyada yaşamaq icazəsi alıb və onlar Belqradda nəzərə çarpan diaspora təşkil edirlər.

Diaspora.TV xəbər verir ki, bu barədə “Reuters”də dərc olunmuş “Minlərlə insan müharibədən qaçarkən Serbiyada mini-Rusiya peyda olur” adlı məqalədə yazılır.

Nəşr bu məlumatı Serbiya Daxili İşlər Nazirliyinin informasiyalarına istinadən yazır. Məlumata görə, 2022-ci ilin əvvəlindən 2023-cü ilin ortalarına qədər 30 min rus Serbiyada müvəqqəti yaşamaq üçün qeydiyyatdan keçib.

Serbiyanın biznes reyestri göstərir ki, ruslar "internet xidmətlərindən tutmuş qonaqpərvərlik və idman məktəblərinə qədər müxtəlif sektorlarda 11081 biznes açıblar.

Serbiyadakı rusların faktiki sayı, məsələn, Almaniyadan az olsa da, "onların mövcudluğu iki milyondan az əhalisi olan Belqradda hiss olunur". Agentlik qurulmuş diasporu “dinamik cəmiyyət” adlandırır və Serbiyanın paytaxtında Rusiyadan gələn mühacirlərə məxsus klubların, uşaq bağçaları və tibb müəssisələrinin yaranmasından yazır.

Agentlik rus diasporunu “mini Rusiya” adlandırıb:

“Ruslar ərzaqları Rusiya mağazalarından alırlar. Rus müğənniləri və komediyaçıları rus klublarında, rusiyalı rəssamlar isə soydaşlarına məxsus qalereyalarda öz əsərlərini nümayiş etdirirlər”.

Qeyd edək ki, sentyabrın 5-də Avropa İttifaqı Serbiyanı Rusiya ilə münasibətləri gücləndirməkdən çəkinməyə çağırmışdı. Aİ mətbuat xidmətinin rəsmi nümayəndəsi Piter Stano xatırladıb ki, Belqrad Avropa İttifaqının dəyərlərinə hörmət etməli və xarici siyasətini ümumavropa siyasətinə uyğun aparmalıdır.

Serbiyanın baş nazirinin müavini isə Belqradın heç vaxt Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirmişdi.

Şərhlər

Yaz...