Tarix: 15.06.2024 / 12:38
Rotterdamda “Beynəlxalq eko-sosial iş” adlı  konfrans keçirilib

Rotterdamda “Beynəlxalq eko-sosial iş” adlı konfrans keçirilib

Azərbaycan Sosial İş İctimai Birliyi Niderlandın Rotterdam şəhərində İFSW və InHolland Universitetinin birgə təşkil etdiyi “Beynəlxalq eko-sosial iş” adlı emi konfransda iştirak edib.

Bu barədə məlumatı Diaspora.TV-yə Azərbaycan Sosial İş İctimai Birliyi Məsləhət Şurasının üzvü, Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” təşkilatının təsisçisi İlkanə Qoca verib.

İ.Qoca qeyd edib ki, eko-sosial iş sosial işin nisbətən yeni formasıdır:

“Bu yanaşma sosial və ekoloji problemlər arasında olan daxili əlaqəni araşdırır. Avropada və bütün dünyada sosial işçilər iqlim dəyişikliyinin sosial nəticələri ilə üzləşirlər. Eko-sosial iş adətən ənənəvi sosial iş prinsipləri və onun "ətraf mühitdə insan yanaşması" ilə əlaqələndirilir. Yoxsulluq, sosial təminat, icma quruculuğu sahəsindəki təcrübələrinə görə sosial işçilər iqlim böhranının təsirlərini araşdırırlar və bununla birlikdə ənənəvi sosial iş anlayışını tənqid edirlər. Eko-sosial iş cəmiyyəti insanlarla təbii mühit arasında bir əlaqə olaraq görür, bütün canlı aləmdəki varlıqların ləyaqətini və dəyərini qoruyaraq sosial və iqtisadi bərabərlik prinsiplərini təşviq edir”.

İ.Qoca qyd edib ki, 13-14 iyun tarixlərində keçirilən “Beynəlxalq eko-sosial iş” adlı konfransında eko-sosial işə yeni paradiqma kimi yanaşılıb, sosal işin ekoloji problemlərə və ekoloji ədalətə olan töhvəsi və eko-sosial işin dünyada inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb:

“Konfransda iştirak edən nümayəndə heyətinin məqsədi eko-sosial işin dəyərlərinə uyğun olaraq Qarabağ ərazisinin florası və faunasına vurulan ziyan və oradakı çayların çirkləndirilməsi iştirakçıların nəzərinə çatdırıldı. Eyni zamanda Qarabağın minalanmış ərazilərinin ekologiyaya vurduğu ziyan və yaratdığı sosial və iqtisadi fəsadlar haqqında fikirlər səsləndirildi. Bundan başqa Azərbaycanda sosial işin inkişafı və Qarabağda post münaqişə dövründə istifadə edilə biləcək sosial iş sahələri IFSW Avropa üzvlərinin diqqətini çəkdi və müəyyən konstruktiv müzakirələr aparıldı. Konfrans iştirakçılarına Azərbaycanda COP29 tədbirlərinin keçiriləcəyini bildirdik”.

Qeyd edək ki, Beynəlxalq konfransda Azərbaycanı Azərbaycan Sosial İş İctimai Birliyinin sərd müavini Tural Mirzəyev, Məsləhət Şurasının üzvü İlkanə Qoca, Gənclərlə iş Departamentinin rəhbəri Ləman Əliyeva, İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Pakizə Məsimova təmsil edib.


Şərhlər

Yaz...