Tarix: 15.05.2024 / 16:06
Romada DABF-ın IV Forumu keçirildi  - Foto/Video

Romada DABF-ın IV Forumu keçirildi - Foto/Video

Xəbər verdiyimiz kimi, mayın 12-də İtaliyanın Roma şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) IV Forumu keçirilib.

Diaspora.TV xəbər verir ki, Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Forumda açılış nitqi ilə DABF-ın baş katibi Hikmət Cavadov çıxış edib. O, Fondun yaranmasından ötən bir il ərzində həyata keçirilən lahiyəhələr və işlər barədə məlumat verib:


“Fond ötən 1 il müddətində bir sıra uğurlara imza atıb, sıralarımız daha da genişlənib. Fondun məqsədi Vətənimiz Azərbaycanın mənafelərini yaşadığımız ölkələrdə hər şeydən üstün tutmaq, Prezident cənab İlham Əliyevin diaspor siyasətinə dəstək vermək, informasiya savaşında onun yanında olmaq, icmalarımızla birgə dövlətimiz və millətimizin tanıdılması istiqamətində layihələr həyata keçirmək, bacarıqlı soydaşlarımızın, xüsusən də gənclərimizin diaspor hərəkatına cəlb olunması prosesini sürətləndirməkdir”.



Fondun fəaliyyət istiqamətlərindən danışan H.Cavadov qeyd edib ki, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, ictimai fikri ölkəmizin xeyrinə dəyişmək, lobbi fəaliyyətini gücləndirmək, xarici media qurumları ilə davamlı əlaqələr qurmaq, dünyada yaşayan azərbaycanlılardan ibarət çevik qüvvələri daha operativ koordinasiya etməklə ümumi məqsədlərə qısa zamanda nail olmaq üçün tədbirlər görməkdə davam edəcəklər.



“Fond bir il müddətində Bakıda, Stokholmda, Varşavada, Münhendə, Kiyevdə ümumilikdə 10-dan çox tədbir keçirib, bəzilərinin təşkil olunmasına dəstək göstərib. 2024-cü ilin fevralından başlayaraq Fond azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək layihəsinə başlayıb. Bu məqsədlə Fonda 225 nəfər müraciət edib. Müsahibədə 30 nəfərin arasından Fondun Təhsil layihəsini qazanan 10 tələbə seçilib. Seçilmiş 10 nəfər dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər”, - deyən H.Cavadov əlavə edib ki, 2024-cü ilin martın 1-də Diaspora.TV Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun YouTube-də fəaliyyət göstərən internet televiziyası kimi fəaliyyətini daha da aktivləşdirib.

H.Cavadov vurğulayıb ki, ötən müddətdə təşkilatın rəhbər heyəti Bakıda və digər şəhərlərdə keçirilən tədbirlərdə iştirak ediblər.

Baş katib həmçinin Fondun İdarə Heyətinin genişləndirilməsi təklifi ilə çıxış edib və bunun gələcək fəaliyyət üçün mühüm addım olacağını deyib.



Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev qeyd edib ki, diaspor fəaliyyətində heç bir təşkilata fərq qoymuruq:

“Məqsədimiz Azərbaycan diasporun gücləndirməkdir. Biz Fonda üzv olan və ya olmayan təşkilatlar arasında fərq qoymuruq. Fəaliyyətimiz şəxslərin deyil, dövlətimiz və Prezidentimizin diaspor qarşısında qoyduğu hədəflərə qısa zaman ərzində çatmaqdır. Prezident İlham Əliyevin hər çıxışı biz xaricdə yaşayan azərbaycanlılar üçün tezisdir. Biz yaşadığımız ölkələrdə təkcə özümüz üçün deyil, həm də Ana Vətən üçün səylərimizi birləşdirməliyik. Əlbəttə, fəaliyyətimiz kimlərinsə xoşuna gəlməyə bilər, onlar vəzifədə əbədi deyillər, əbədi olan Azərbaycandır. Əsas olan həm də odur ki, şəffaf bir Fond yaratmışıq və dövlətimizə xidmət edirik”.

İsveçdə Azərbaycan səfirliyi ilə davamlı təmasda olduqlarını qeyd edən E.Mirzəyev hər gün gücləndiklərini, gücləndikcə də düşmənləri qorxuya saldıqlarını bildirib:

“Bu gün bəzi diaspor təşkilatları istisna olmaqla Azərbaycan diasporu ümumilikdə çox güclüdür. Biz baş verən prosesləri nəzarətdə saxlayır və dərhal reaksiya vermək gücündəyik”.



Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Versal və ADA universitetlərinin müəllimi Günel Səfərova bildirib ki, hərbi münaqişənin başa çatması Azərbaycanın informasiya müharibəsində iştirakının sona çatması demək deyil. Onun sözlərinə görə, əksinə, biz, rəqəmsal aləmdə rəqabətin güclənməsi ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm qoymuşuq.



Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İdarə Heyətinin üzvü, Polşa Azərbaycanlılar Şurasının üzvü Fərid Cəfərli Avropa ölkələrindən birində Fondunun mərkəzinin yaradılmasını təklif edib. F.Cəfərli bildirib ki, bu mərkəzdən Avropa yaşayan və Azərbaycan sevgisi olan jurnalistlər, tələbələr idarə olunsun:

“Mərkəz vasitəsilə ermənilərin törətdiyi vandalizm aktları və digər bu kimi məsələlər yayılsın, təbliğ edilsin. Xüsusən də Dövlətimizə və Prezidentimizə qarşı olan hücumlara Avropadan cavab vermək daha effektiv olacaq. Əlbəttə ki, bu işlər görülür, amma çox istərdik ki, sistemli, koordinasiyalı olsun”.

F.Cəfərli əlavə edib ki, Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatının domeni ilə xarici dildə veb səhifə yaradılmalıdır.

İtaliyanın Milan şəhərində yaşayan diaspor fəalı Diana Məmmədova müzakirlər zamanı səsləndirilən layihələrə böyük ümid bəslədiyini deyib:

“Hamımız əlimizi daşın altına qoymaqla, inanıram ki, nəticə əldə edəcəyik”.



Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət komitəsinin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə (Azərbaycan) çıxışında xalqımızın tarixi, mədəniyyətinin zənginliyindən danışıb.

“Diaspor fəallarımız bu zənginliyi sadəcə düzgün şəkildə göstərməlidirlər. Dünya görmək istəyir, ya da görmək istəmir, biz onu yüksək səviyyədə göstərməliyik. Bunun üçün istək və istedaddan əlavə maliyyə də çox vacibdir. Sevgi ilə, istəklə müəyyən yerə qədər gedə bilərik. Bunu təcrübəmə əsaslanıb deyirəm. Son 8 ildir ictimai fəaliyyətlə məşğul oluram, gördüyümüz işlər göz önündədir. Bunu da çox gözəl anlayıram ki, biz müəyyən yerə qədər belə gedə bilərik. Çox istərdim ki, seçilmiş ölkələrdə Fondun mədəniyyət komitəsinin təmsilçiləri olsun”.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdman komitəsinin rəhbəri, əfsanəvi futbolçu İqor Ponomoryov Fondun 3-cü toplantısından ötən müddət ərzində xeyli iş görüldüyünü bildirdi:

"Xaricdə yaşayan soydaşlarımızdan ibarət uşaq futbol komandası yarada bilərik. Bu komanda həm birliyimizi möhkəmləndirər, həm də sağlam həyatı təşviq edər. Bundan əlavə bizim gənc azərbaycanlılar var ki, onlar Avropa ölkələrinin müxtəlif yerli klublarında oynayırlar. Onları tanıtmaq və təbliğatlarını qurmaq vacibdir. Əlbəttə, təkcə futbolla kifayətlənmək olmaz, məsələn, Niderlandda şahmat turniri də keçirə bilərik".



Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İdarə Heyətinin üzvü Emin Məhərrəmov (BƏƏ) Forumunda "Azərbaycan diasporu qlobal informasiya savaşının ön cəbhəsində: real vəziyyət, vəzifələr və planlar" mövzusunda məruzə edib.

E.Məhərrəmov bildirib ki, bu gün düşmənlərimiz tərəfindən dövlətimizə və ölkə rəhbəriyinə qarşı çoxistiqamətli informasiya savaşı aparılır:

“Bir tərəfdən Ermənistan, erməni diasporu, onlara dəstək verən beynəlxalq güclər və transmilli korporasiyalar Azərbaycana qarşı eyni cəbhədə yer alaraq müxtəlif istiqamətlərdən hücum edirlər, digər tərəfdən həmin qüvvələr və çevrələr mədəni-tarixi dəyərlərimizin saxtalaşdırılması və mənimsənilməsinə cəhd edir, beynəlxalq media platformalarında və hüquq institutlarında, siyasi və ictimai mərkəzlərdə böhtan və qarayaxma kampaniyaları aparırlar”.



Türkiyədə yaşayan Azərbaycanın Əməkdar artisti, dirijor, pianoçu Turan Manafzadə çıxışı zamanı öz fəaliyyəti barədə qısa məlumat verib. Bildirib ki, mədəniyyət vasitəsilə Azərbaycanı təbliğ etmək çox vacib və mümkündür.

O, bunun üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini qeyd edib.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Arzum Məhərrəmov dünyada digər xalqların, xüsusən də ermənilərin və gürcülərin də kifayət qədər fondlarının olduğunu söyləyib:

“Təəssüf ki, azərbaycanlılar bu məsələdə də gecikib. Mənfur qonşularımızın az qala hər ölkədə bir fondu var. Həmin fondlar elə o şəhərlərdə yaşayan ermənilərin ianələri ilə fəaliyyət göstərir. Biz də niyə olmasın? Elə bu sualı özümüzə verib ötən ilin bu günlərində DABF-ı yaratdıq”.


A.Məhərrəmov qeyd edib ki, ötən bir il ərzində həyata keçirilən layihələrə və təşkil olunan tədbirlərə diqqət etsəniz bu faktı açıq-aydın görərsiniz:

“Biz xaricdə yaşayan azərbaycanlılar çox aydın dərk etməliyik ki, hər şeyi dövlətdən istəmək olmaz. Biz bir çox məsələlərdə məhz dövlətə dəstək olmalıyıq. Elə layihələr və ya tədbirər var ki, bizim yaşadığımız ölkələrdə dövlət onu edə bilməz. Amma biz diaspor təşkilatları və qurumları vətəndaşı olduğumuz ölkələrdə o tədbirləri və layihələri asanlıqla həyata keçirə bilərik”.



Forumda çıxış edən Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev bildirib ki, 2-ci Qarabağ müharibəsindən əvvəl Ermənistan dövləti işğal etdiyi Qaqrabağı öz torpağı kimi göstərərək Niderlandda keçirilən beynəlxalq turizm və digər sərgilərdə aktiv iştirak edib:

“Mən 15 ildir Niderland Krallığında yaşayıram və uzun illərdir diaspora fəaliyyəti ilə məşğulam. Bu vaxtlar bir çox aksiya və tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşam. Bizim əsas fəaliyyətimiz erməni diasporuna və Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı antitəbliğatına qarşı olub. Rəhbərlik etdiyim Avropa Azərbaycanlıları Media Qrupu və Niderlandda yaşayan bir neçə həmyerlimizlə birgə erməniləri Utrext şəhərində keçirilən turizm sərgisindən uzaqlaşdırmağa nail olduq. Təbii ki, bu heç də asan olmadı, amma biz bütün gücümüzü istifadə edərək bunu edə bildik. Sərginin 2-ci günü ermənlər məkanı tərk etdilər. Sonradan onlar yenə təxribata əl atdılar, biz də bu barədə təşkilatçılarla təkrar müraciət etdik. Sonda təşkilatçılar ermənilərin stendlərindən Qarabağa aid bütün məlumatları yığışdırdılar, xəritələr çıxarıldı. Bu hadisədən sonra növbəti il Ermənistan nümayəndə heyəti artıq sərgidə iştirak etmədi”.


Çıxışlardan sonra Fondun Təhsil komitəsinin rəhbəri Yusif Məmmədov həyata keçirilən xaricdə təhsil layihəsi, Turan İskəndərov hazırlanmaqda olan proqram tətbiqi, Niyaz Niftiyev isə Diaspora.TV-nin təqdimatını etdi.

Hər üç təqdimat Forum iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

Forumun müzakirə hissəsində çıxş edən İqor Ponomoryov (İsveç), Ruslan Abdullayev (Slovakiya), Aytən Muradova (Fransa), Sevil Aslanova (Böyük Britaniya), İlkin Hüseynov (Belçika), Turan İskəndərov (Hollandiya), Nəriman Cabbarlı (Almaniya) Anaxanım Hüseynova (Danimarka), Rahib Əliyev (Polşa) və başqaları Fondun gələcək fəaliyyətinə dair fikir və mülahizələrini bildirdilər.

Forum iştirakçıları qərara aldılar ki, qarşıdakı bir il ərzində birgə fəaliyyətlə bağlı Dünya Azərbaycanlıları Konqresi ilə Memorandum imzalansın, azərbaycanlıların daha çox məskunlaşdığı Mərkəzi Avropa ölkələrinin birində Fondun ofisi açılsın, Fondun Alimlər Komitəsi yaradılsın və İdarə Heyəti Fonda qəbul olunan yeni üzvlərlə genişləndirilsin.

Sonda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İtaliyanın Roma şəhərində keçirilən IV Forumunun iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.



Şərhlər

Yaz...