“Azərbaycan diasporu vahid qüvvəyə çevrilmək üçün bir sıra çətinliklərlə üzləşir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin qurucularından biri, eyni zamada həmin məktəbin baş təlimatçısı Vüsalə Əhmədova deyib.
V.Əhmədova 20 ildir Kanadada yaşayan və 13 ildən artıq “Qarabağ” Azərbaycan dili məktəbinin baş təlimatçısı kimi bunun bir neçə əsas səbəbini qeyd edib:
“Birinci səbəb, həmvətənlilərimiz müxtəlif səbəblərdən xaricə köçürlər, bu da diaspora daxilində fərqli prioritetlərə gətirib çıxarır. Bəziləri daha yaxşı iş imkanları, bəziləri isə təhsil üçün gəlir. Bu da öz növbəsində vahid gündəliyin formalaşmasını çətinləşdirir. İkinci səbəb isə, əvvəllər resurs məhdudiyyətləri var idi. Bir çox diaspor təşkilatlarının maliyyə və insan resursları çox az idi. Bu da böyük tədbirlər təşkil etməyi və ya uzunmüddətli təşəbbüsləri davam etdirməyi çətinləşdirirdi. Kifayət qədər resurs olmadan məqsədlərə çatmaq çətindir”.
V.Əhmədova qeyd edib ki, əvvəllər effektiv diaspor hərəkatları insanları ümumi səbəblər ətrafında bir araya gətirmək üçün liderlərə və yaxşı təşkil olunmuş strukturlara ehtiyac duyurdu:
“Təbii ki, bu cür liderlik olmadan səylər parçalana və daha az təsirli olurdu. Ancaq son dövrlərdə bu kimi problemlər yox olmasa da azalıb. Əminliklə deyə bilərəm ki, Kanada digər xarici ölkələrə nisbətən diasporamız daha aktivdir. Azərbaycan həqiqətlərinin tanınması uğrunda görülən işlərdə Kanadadakı Azərbaycan icması güclərini birləşdirir. Kanadanın bir çox əyalət və şəhərlərində mərkəzləşdirilmiş diaspora təşkilatları, assosiasiyaları var ki, onlar da birlikdə böyük işlərə imza atırlar”.
Müsahibimizin sözlərinə görə, Azərbaycan diasporu bir çox digər xalqlarla müqayisədə nisbətən yenidir:
“Sərhədlərarası təşkilatlanmada tarixi təcrübənin olmaması güclü şəbəkələrin və vahid hərəkatın qurulmasını çətinləşdirir. Bu şəbəkələrin inkişafı vaxt və təcrübə tələb edir ki, Azərbaycan diasporu bu yolda çox böyük yol qət edərək durmadan irəliləməkdədir. Diasporumuzun gələcəkdə daha da inkişaf etməsi üçün biz nəsillərarası dialoqu təşviq etməliyik, liderliyi və təşkilati çərçivələri gücləndirməliyik, resursları daha da artırmalıyıq. Bununla da Azərbaycan diasporu gələcəkdə həm yerli, həm də qlobal miqyasda öz icmasının maraqlarını müdafiə edən daha vahid və effektiv qüvvəyə çevrilər”.
Həsən Hüseynov
Diaspora.TV