Tarix: 25.05.2024 / 09:32

Rəisini 45 illik helikopterə mindirəndə öldürdünüz

Diaspora.TV-də yayımlanan politoloq Mübariz Əhmədoğlu ilə “Cənub vaxtı”nın növbəti verilişində İran prezidenti İbrahim Rəisinin helikopter qəzası, Xudafərin su anbarının açılışı, İran-Azərbaycan münasibətləri, İranın qonşularına qarşı dağıdıcı siyasəti, hakimiyyətdaxili ziddiyyətlər və digər məsələlərdən söhbət açılıb.

M.Əhmədoğlu İ.Rəisinin helikopter qəzası ətrafında baş verənlərə belə aydınlıq gətirib:

“İbrahim Rəisi İranın tarixində birmənalı şəxsiyyət olmayıb, din qarşısında böyük rolu var idi. Əlində səlahiyyət, vəzifə olanda isə çox ciddi qətllər törədib, hətta bir müddət ona “Tehranın qəssabı” deyiblər. Bizim üçün ən maraqlı olan İ.Rəisinin dövründə İran-Azərbaycan münasibətləri idi və onun Azərbaycan Respublikası ilə sərhəddən gedərkən başına belə hadisənin gəlməsinə də iki cür yanaşmaq olar. Təsadüfdürmü, yoxsa məhz Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünə görə sui-qəsdə məruz qalıb. Hər iki versiyanın çox möhkəm dəlilləri var. Rəisi Araz çayında, Xudafərin su layihəsinin açılışında çoxdan iştirak etməyi planlaşdırırdı. Ən azı İran Xarici İşlər Nazirliyi İran İslam İnqilabının ildönümü ərəfəsində və ondan sonra iki dəfə məlumat yaymışdı. İranda “Vəhdət həftəsi” anlayışı var - İranda bayram, şadyanalıq hesab olunur. O ərəfədə də nəzərdə tutuldu, amma sonradan İran tərəfi gəlmədi. İran təxirə saldı və səbəbini də izah etmədi. Niyə görə Rəisi Xudafərin su bəndinin açılışında iştirak etmədi? Bu üçüncü dəfə idi”.

M.Əhmədoğlu bildirib ki, Rəisinin Azərbaycan Prezidenti ilə Xudafərin su bəndinin açılışını etməsi İran üçün ciddi problem yaratdı:

“İran tərəfindən bu qeyri-məqbul addım idi. İran tərəfi Xudafərinlə bağlı 20-30 ilin söhbətindən daha çox danışır. Əslində 1969-cu ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan çox ağır sosial-iqtisadi vəziyyətdə idi və Moskvanın qabağında çox sərt şərtlər qoydu. Çünki o vaxta qədər artıq Heydər Əliyev Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi və müəyyən işlərlə məşğul idi, məsələləri bilirdi. O dövrdə Azərbaycanın kənd təsərrüfatı, tikinti sahəsində ciddi dəyişikliklər oldu. Həmin dövrdə də Heydər Əliyev Azərbaycanın, xüsusilə sərhəd regionlarında su təchizatını yaxşılaşdırmaqdan ötrü Xudafərin su bəndinin razılığını aldı. Heydər Əliyev artıq 2,5 il idi Azərbaycan Respublikasında Mərkəzi Komitənin birinci katibi idi. İndi İranın uzun müddət Heydər Əliyevə münasibəti yaxşı olsa da son 5-6 ildə çox pisdir”.

Politoloq bildirib ki, Azərbaycan dünyanın ən aktiv və öndə gedən dövlətidir:

“Heydər Əliyevin həm bioloji, həm də siyasi varisinin gördüyü işlərə baxın. Avropa Azərbaycanla fəxr edir. Bəli, Avropada bizi qəbul etməyənlər var. Amma Avropa ilə biz necə davranırıq? Fransanın daxilində Azərbaycanın gördüyü işlərə baxın. İlham Əliyev səbrlə, təmkinlə Makronu başa saldı ki, ermənini müdafiə edirsən, çörək, ərzaq, yardım et, kasıbdırlar, acdırlar, yesinlər, amma silah vermə.

Ermənistanın adından mənə hədə gəlmə. Bu səviyyəyə qədər gəlib çatmışdı. İndi Makronun, nazirlərinin Azərbaycanın ünvanına dediklərinə baxın”.

M.Əhmədoğlu vurğulayıb ki, əsl müstəqil, güclü İran hərbdən imtina edib, Allahın yolunu seçməli və Azərbaycanla, qonşuları ilə normal, ciddi münasibətdə olmalıdır.

Şərhlər

Yaz...