Tarix: 04.07.2024 / 15:15
Qurduğumuz platforma minlərlə soydaşımıza xidmət edir  - Fərhad Ələkbərzadə

Qurduğumuz platforma minlərlə soydaşımıza xidmət edir - Fərhad Ələkbərzadə

“Amerikada əsasən azərbaycanlıların sıx yerləşdiyi şəhərlərdə koordinasiya daha funksionaldır. Məsələn, Nyu-York, Hyuston, Boston, Çikaqo, San Fransisko, Los Anceles və s. kimi şəhərləri misal gətirmək olar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında "Azərbaycanlılar Birliyi" ("Azerbaijani Union") təşkilatının həmtəsisçisi Fərhad Ələkbərzadə deyib.

F.Ələkbərzadənin sözlərinə görə, 5 il öncə "Azərbaycanlılar Birliyi" olaraq mövcud struktura yenilik gətiriblər:

“Biz onlayn platforma quraraq fərqli ştatlarda, hətta ölkələrdə olan azərbaycanlıları bir yerdə topladıq. Öncədən tanış olmayan insanlar da artıq tanış olmağa, iş birliyi qurmağa, bir-birinə dəstək göstərməyə başladılar. Ən əsas birliyi isə İkinci Qarabağ müharibəsi dövründə gördük. Amerikada və ümumiyyətlə ingilisdilli sosial şəbəkə platformalarında dezinformasiya ilə mübarizədə məhz bizim təşkilatın fəaliyyəti ən yüksək səviyyədə idi. Bunu sizə Amerikada və digər ölkələrdə yaşayan insanlar da təsdiqləyə bilər”, - deyə F.Ələkbərzadə bildirib.

Həmtəsisçi qeyd edib ki, "Azərbaycanlılar Birliyi" platformasının hazırda veb versiyası da fəaliyyətdədir:

“Ancaq passiv istifadə edirik, əsas hədəf mobil versiyanı işə saldıqdan sonra insanlara mobil xəbərdarlıq göndərərək aktivliyin yüksəldilməsidir. Lakin əsas müzakirə platformamız hələ də facebook qrupumuz olaraq qalır”.

"Azərbaycanlılar Birliyi" platformasında bu illər ərzində çox işlər görülüb. Nə etmişiksə, gördüyümüz işlərin hər biri üzvlərimiz üçün təmənnasız olub. Qurduğumuz platforma minlərlə insana xidmət edir və onlar bu yaradılmış imkana görə hər zaman təşəkkür edirlər. Qeyd edim ki, bizim təşkilatın Amerikanın 20-dən çox ştatında nümayəndələri var. Bu ştatlarda yaşayan azərbaycanlılara nə lazım olduqda, nümayəndələrimiz əllərindən gələni etməyə çalışırlar”, - deyə o bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...