Tarix: 30.05.2024 / 13:17
Qorbaçovun siyasətinə etiraz olaraq ölkəni tərk etdim   - İsveçdə yaşayan  azərbaycanlı

Qorbaçovun siyasətinə etiraz olaraq ölkəni tərk etdim - İsveçdə yaşayan azərbaycanlı

“Mənim anam Novxanı, atam isə Xalxallıdan - İranlıdır. 1936-cı ildə 3 uşaqla İrana qayıdıblar. Mən İranda anada olmuşam. Uşaq olarkən anam Bakıya qayıtmaq arzusu ilə yaşayırdı. Nəhayət, mənim 9 yaşım olanda (1953) Bakıya getmək arzusu gerçək olub”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında İsveçdə yaşayan soydaşımız, rəsm və idman müəllimi Fərhad Piraişi deyib.

Müsahibimiz bildirib ki, uşaqlıqdan idmana və rəssamlığa çox həvəsi olub, bu səbəbdən də Bakıda “Dinamo” İdman Cəmiyyətində gimnastika ilə məşğul olub:

“14 yaşında Azərbaycanın yeniyetmələrdən ibarət komandasının tərkibində fəaliyyətim olub. Daha sonralar Azərbaycan Milli komandasının üzvü olmuşam. Orta məktəbi Bakıda bitirib, Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə qəbul oldum. Axırıncı kursda bizi Leninqrada təcrübəyə göndərdilər. Layihə institutunda mənə “Artekde Orlenok Pioner lagirin”in layihəsi üzrə işləməyi təklif etdilər. Layihə çox bəyənildi, mənə institutu bitirəndən sonra Leninqradda qalıb, işləməyi təklif etdilər”.

Fərhad Piraişi qeyd edib ki, 1967-1988-ci illərdə Leninqradda Vasilevski adasında yaşayış kompleksi üzrə xəstəxana, məktəb, hotel, uşaq baxçası kimi layihələrdə yaxından iştirak edib:

“1988-ci ildə Qorbaçovun Azərbaycana qarşı siyasətinə etiraz olaraq Sovetlər ölkəsini tərk etdim. 1988-ci ildən etibarən İsveçdə yaşayıram. Burada əvvəllər memar işləmişəm. Sonra isə gimnastika məşqçisi, məktəbdə idman və rəsm müəllimi kimi fəaliyyətim olub”.

F.Piraişi sonda qeyd edib ki, hazırda Kallheldə azərbaycanlı həyat yoldaşı Səbinə İsmayılova (Piraişi) ilə birgə yaşayır və yaxın zamanda Azərbaycana gələcəklər:

“Azərbaycanlı olduğumuza görə fəxr edirik. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...