Tarix: 23.10.2024 / 09:00
Qonşuda seçki həyəcanı: Soydaşlarımız arasında    siyasi fəallıq artıb

Qonşuda seçki həyəcanı: Soydaşlarımız arasında siyasi fəallıq artıb

“Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Gürcüstanın taleyində mühüm rol oynayacaq. Proseslər göstərir ki, Gürcüstan Qərb ilə Rusiya arasında maraqların toqquşma meydanına çevrilib. Bu seçkilər maraqlar toqquşmasını daha da dərinləşdirəcək, gərginliyi artıracaq. Lakin bizə dayanıqlı siyasi sabitliyini qoruyan Gürcüstan lazımdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın strateji tərəfdaşlarından biridir:

“Bu ölkə Azərbaycan üçün enerji dəhlizi rolunu oynayır. Qərb qapımız sayılan ölkədə uzunmüddətli siyasi xaos bizə sərf etmir. Son dövrlər Gürcüstanda qərbpərəstlərlə rusiyayönümlü qüvvələr arasında gərginlik pik həddə çatıb. Hətta, prezident hakimiyyəti ilə hökumət arasında ziddiyyətlər var. Bu xoşagələn hal deyil. Əlbəttə, mən bəziləri kimi düşünmürəm ki, guya “Gürcüstanda əsən Qərb küləyi bizə təsir edəcək”, orada hakimiyyət qərbyönümlü qüvvələrin əlinə keçsə, bizdə də nələrsə olacaq. Azərbaycan dayanıqlı siyasi sabitliyi olan bir dövlətdir. Bizdə geosiyasi yön axtarışları 90-larda qalıb. Azərbaycan öz yolunu müəyyən edib və bu yolla uğurla addımlayır. Bu yol müstəqillik, dövlətçiliyin gücləndirilməsi, sivil demokratik dünyaya inteqrasiya yoludur. Bundan başqa Azərbaycan Gürcüstandan fərqli olaraq öz ərazi bütövlüyünü bərpa edib”.

E.Cəfərli qeyd edib ki, bizim Gürcüstanda marağımız həm də orada yaşayan soydaşlarımızla bağlıdır:

“Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Son illər soydaşlarımız arasında siyasi fəallıq artıb. Bu seçkilərdə ayrı-ayrı partiyalar üzrə 10-dan çox namizəd mübarizə aparır. Biz tək siyasi kampaniya dövründə yox, aralıq mərhələdə də siyasi cəhətdən fəal soydaşlarımızla iş aparmalıyıq. İş adamlarımız, Gürcüstana yatırım qoymuş şirkətlərimiz onlara dəstək verməlidir. İranda 35 milyon azərbaycanlı yaşayır, son seçkilərdə soydaşımız Məsud Pezeşkiyan ölkənin prezidenti seçildi. 500 min əhali Gürcüstan kimi ölkə üçün böyük rəqəmdir, əhəmiyyətli seçici kütləsidir. Biz artıq Gürcüstan dövlətinin idarə olunmasında iştirak etməyi hədəfləməliyik. Parlamentdə azərbaycanlı deputatların sayı artmalıdır. Məhkəmələrdə azərbaycanlı hakimlər, hökumətdə azərbaycanlı nazirlər olmalıdır. Ümumi mənzərə ondan ibarətdir ki, azərbaycanlıların əksəriyyəti hazırkı hakimiyyəti müdafiə edirlər. Məncə, doğru olan da budur. Çünki hazırki Gürcüstan hakimiyyəti Qərbin də iştirak etdiyi enerji layihələrinin təhülkəsizliyinə məhdudiyyət yaratmır. 44 günlük müharibə zamanı Azərbaycanın haqlı mübarizəsinə dəstək verdilər. Fikrimcə, hazırkı hakimiyyətlə anlaşıb Gürcüstanda azərbaycanlıların vəziyyətini yaxşılaşdırmalıyıq. Qafqaz ümumi evimizdir”.

E.Cəfərli qeyd edib ki, biz Gürcüstdan siyasi xaosun uzun müddət davam etməsini, siyasi sabitliyin pozulmasını arzulamırıq.

Şərhlər

Yaz...