Tarix: 09.10.2024 / 10:01

Qəzza müharibəsinə başlayan İranın bir ili

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

- Oktyabrın 7-də İranın maliyyə, hərbi təlim, texniki dəstəyi ilə HƏMAS İsrailə qarşı hücuma keçdi. Siyasi çəkişmələr İsrail hökumətində dövlət təhlükəsizliyini arxa plana keçirmişdi. HƏMAS böyük uğur qazandı - İsraildən həm ərazi, həm də yüzdən çox vətəndaşını əsir götürdü. Az keçmiş İsrail özünə gəldi və itirdiklərini geri qaytardı.

Qəzza sektoru hazırda bərpasına 10 milyardlarla dollar lazım olan vəziyyətdədir. Beş milyon əhalisi olan İsrailin dövlət büdcəsi 200 milyard dollardır. İran mənbələrinə görə, İsrail dövlət büdcəsinin bir illik vəsaiti qədər itirib. Bu maliyyə itkisi İsrail üçün böyük bir şey deyil. İsrail Şeyx Nəsrullahı öldürən kimi bütün İsrailin siyasi qüvvələri, əhalisi B.Netanyahu hökumətinin başına yığışdı və bir azdan dünya yəhudiləri də yenidən İsrailə maliyyə, siyasi dəstək göstərəcəklər. İndiki İslam həmrəyliyini İranın dağıtması fonunda Qəzza və digər dağıdılmış ərazilərin kimin bərpa edəcəyi bəlli deyil.

İran tək Qəzzada müharibəni başlamadı, çox ciddi geosiyasi həmlə hazırladı, İslam Əməkdaşlığı Təşkilatının Səudiyyə Ərəbistanında konfransını təşkil etdi. Bütün üzv dövlətlərin rəhbərləri orada iştirak etdi. Sabiq prezident İ.Rəisi BMT BA-da etdiyi məlum çıxışdan qat-qat artıq emosional nitq söylədi, lakin İslam dövlətlərinin İsrailə qarşı birliyinə nail ola bilmədi. Əksinə, proseslərin sonrakı gedişi ərəb ölkələrinin İsraillə əlaqəsini gücləndirdi. Husilər İsrailə dəniz blokadası qoyan kimi Ərəb dövlətləri İsrailə quru yol açdılar.

Sonradan ali dini lider Qəzza müharibəsinin başlanmasının səbəbinin Fələstin dövlətçiliyi ideyası deyil, İsraillə Səudiyyə Ərəbistanının arasında olan normallaşmaya imkan verməmək olduğunu açıqladı. Ərəblər İranın Fələstinə dəstəyini bu cür dəyərləndirirlər. İranın Fələstin mövzusunda mövqeyi ilə bağlı müharibənin başlanması səbəbinin sonradan əsl formata keçirilməsi nəticədə İ.Haniyanın Tehranda ölümünə gətirib çıxardı. Hələki İsrail Haniyanı Tehranda necə öldürdüyünü açıqlamayıb. Bütün öldürdükləri ilə bağlı açıqlama verir, İ.Haniyanın ölümü ilə bağlı açıqlama verməyib. Haniyanın ölümü üstündə mükafatı onu qorumalı olan təşkilatın rəhbəri aldı. Hüseyn Səlaminin rütbəsi general-mayordan general-leytenanta qədər qaldırıldı.

Bu bir il ərzində İran ali dini lideri, prezidenti, xarici işlər naziri, parlamentin spikeri və digər vacib strukturların rəhbərlərinin heç birinin dilindən “FƏTH”, Mahmud Abbas, Fələstin dövləti, Ramallah” sözləri çıxmayıb. Bir dəfə də olsun Fələstinin İrandakı səfiri İranın Xarici İşlər Nazirliyində olmadı. Fələstin uğrunda mübarizə aparasan, Fələstinin BMT tərəfindən tanınan legitim rəhbərliyi ilə heç bir əlaqən olmasın. HƏMAS Fələstinə hücum başlayanda Haniyə özünü Fələstin dövlətinin başında görürdü.

İran müharibəni dayandırmaq üçün ABŞ-a müraciətlər etdi, az qala yalvardı. Bu bir il ərzində ABŞ-la İran arasında mütəmadi dialoq olub. İranla ABŞ arasında qeyri-publik dialoqda və davamında İranın maraqlı olduğunu xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini təsdiqlədi. M.Pezeşkianın hökumət iclasında İ.Haniyanın ölümündən ötrü İsrailə müharibə açmamasının səbəbini ABŞ-ın tövsiyəsi olduğunu bildirdi.

İran İsrailə qarşı müharibə edib-etməməyi ABŞ-la müzakirə edir. İran Rusiya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı ilə belə müzakirə aparmadı, yalnız ABŞ-la apardı.

İndi artıq geosiyasi vəziyyət dəyişib. Əgər ABŞ İsrailin təhlükəsizliyini təmin etməklə regional canişin funksiyasını saxlamağı düşünürdüsə, artıq İsrail regionda ABŞ-ın canişini rolunu oynaya bilməz. Ona görə oynaya bilməz ki, regionda Çin ABŞ-la təxminən bərabər təsir gücü yaratmağın bir addımlığındadır. Çin Rusiya ilə xeyli yaxınlaşıb. ABŞ-ın bütün diqqəti Çinlə Rusiyanın yaxınlığına imkan verməmək üstündə idi. Çin və Rusiya birlikdə ABŞ-ın Alyaska ştatı üzərində hərbi aviasiya reydləri keçirirlər. Hind okeanında hərbi dəniz qüvvələri birgə təlimlər keçirir. Çin Yaxın Şərqdə çox irəlidədir. Səudiyyə Ərəbistanı ilə imzaladığı müqavilə Səudiyyə Ərəbistanına hətta İrandan təhlükəsizliyinə təminat verir, açıq maddələr var. Səbəb yalanı dövlət siyasətinə çevirmiş İranın Çini aldatması oldu. Çinlə əməkdaşlıq barədə müqavilə imzaladı, sonradan o müqaviləni 5 il ratifikasiya etmədi. Çin bunun acığına Səudiyyə Ərəbistanı ilə müqavilə imzaladı.

ABŞ bu gün İrana regional canişin gücü ilə baxır. Beş milyon İsrailin əvəzinə 85 milyonluq, təpədən dırnağadək silahlanmış İran ABŞ-ın regional maraqlarını qoruya bilər. ABŞ İsraili də ata bilməz. ABŞ üçün İsraili qidalandıran, hərbisini də İsrailin sərəncamında qoyan İran lazımdır. ABŞ da İranla dialoqda bunu yaratmaq istəyir. İran ərazisinə hücum etməyə İsrailə ABŞ-in icazə verməməsinin də əsas səbəbi bundan ibarətdir.

İranın bütün müsəlman qonşuları ilə müharibə vəziyyətində olması ABŞ üçün cəlbedicidir. İranın hərbi gücü cəlbedicidir, o hərbi gücü İran idarə etməməlidir. ABŞ-ın belə təcrübəsi var. İslam inqilabının əvvəlində də ABŞ siyasi rəhbərliyi şahdan alıb, Xomeyninin tərəfdarlarına verdi, amma hərbi hakimiyyəti öz əlində saxlamaq istəyirdi. Sonradan İranın indiki ali dini lideri, o zaman müdafiə naziri idi və İran hərbisini ABŞ-ın tamamilə nəzarətindən çıxartdı. Paralel olaraq iki dövlətin, İran və ABŞ-ın ehtiyacları fonunda bir-birlərinə kələk gəlməsi mövzusunu da yadımızda saxlamalıyıq.
Livanın Azərbaycana İsraillə vasitəçilik etmək təşəbbüsü reallaşaydı, bəlkə də Şeyx Nəsrullah ölməzdi. Livanın İsraillə dialoq barədə Azərbaycana müraciəti haqqında məlumat yayılan kimi Hizbullah İsrailə raket və PUA zərbələrinin sayını artırdı, bəlkə də İrandan verilən göstəriş idi.
Qəzza müharıbəsində bütün hay-küylü ölümlərdə İran casusları axtarılır.

İranın Rusiya və Çinlə əməkdaşlıq paradiqması çürük bir şeydir. Çinlə İranın əməkdaşlığı 10 il bundan əvvəlki paradiqma üzərində qurulub. O paradiqma indi 1800 dəyişib. Yaxın Şərqdə Çinə lazım olan şeyi özü üçün götürə bilib.

ABŞ İranı vacib testdən keçirdi. Ermənistan ərazisində ABŞ-ın Radioelektron mübarizə, HHM sistemləri, hərbi texnikası akklimatizasiyadan keçdi. İran sentyabrın 19-25-də Ermənistan ərazisində nüvə təhlükəsizliyi mövzusunda ABŞ hərbi təlimlər keçirdi. ABŞ hazırda Ermənistanın İranla sərhədində olan Bərgüşad SES-i (Vorotan SES) yenidən qurur. 2025-ci ilin birinci yarısında Ermənistanın İranla sərhədində yerləşən Amulsar yatağını işə salacağını xatırlatdı.

Yaranmış vəziyyət Rusiyanı İranın hərəkətləri üzərində ciddi fokuslandırdı. İrana qarşı müharibəyə icazə vermədiyi üçün ABŞ-dan narazı qalan İsrail yenidən Rusiya ilə dialoqa can atır. Bəlkə də RF belə dialoqda maraqlıdır. Hələki məsələ V.Putinlə B.Netanyahunun görüşü səviyyəsinə gəlib çıxmayıb. Ola bilər RF diplomatları məhz o istiqamətdə gedirlər. İsrail Rusiya ilə İrana qarşı əməkdaşlıq üçün Rusiyanın hər bir marağını nəzərə almağa, Ukrayna müharibəsinin dayandırılmasında ABŞ-a təzyiq etməyə hazır olduğunu ortalığa qoydu.

Yaranmış vəziyyət İran üçün çox mürəkkəbdir. İran özünə sahib axtarır. İran bu gücdə özü müstəqil siyasət apara bilməyəcək. Qəzza müharibəsinin dayanması üçün ərəblərə müraciət etdi, ərəblər yenə onun sözünə qulaq asmadı. Səudiyyə Ərəbistanı Fələstin üçün koalisiya yaratdı, İran hələ də o koalisiyaya qoşulmayıb. Bu dövr İran, Ərəb dövlətləri tarixi mübarizəsini xeyli şiddətləndirdi. Yaxın Şərqdə vəziyyət sakitləşməyəcək. Ola bilər Qəzza müharibəsinin əvəzinə tamamilə ayrı müharibə aktuallaşsın. İranın bugünkü ərəblərlə bağlı münasibətini tədqiq edən olsa ərəblər bəlkə də bir an da İrana qarşı təzyiqləri yubatmayacaqlar.

İranın ən böyük problemi bunları başa düşməməsidir. İranda siyasi təhlil, normal düşüncə sıfır vəziyyətindədir.

Yaranmış vəziyyətdə:

- İranın qonşuları hədələmə siyasətindən əl çəkməsi həyati əhəmiyyətlidir.

- Ölkədən kənarda analitik mərkəz yaratmalıdır. Analitik mərkəzdə işləyən İran vətəndaşları hicabsız olmalıdır, söhbət qadın hicabından getmir. İranın daxilində kişilərin beynində hicab qoyulub.

- Hətta torpaq güzəşti hesabına da başa gəlsə Azərbaycan Respublikası ilə əlaqələrə getməsi çox vacibdir. Azərbaycan barədə İran başqa şeyi ağlına gətirməsin. Burada hər şeyi görürük. Bir illik Qəzza müharibəsinin nəticəsindən biri də paytaxt Tehranın dəyişilməsidir.

İran azərbaycandilli Tehranı dağıdır. Əksinə, Tehranda sənaye müəssisələrinin Fars körfəzinə çevirməklə Tehran problemini həll etmək olardı. Dünya praktikasında belə misallar çoxdur, İran Yeni Dehlini götürsün.

ABŞ-a İsrail tərəfindən idarə olunan İran ən sərfəlidir. Hadisələrin belə gedişi və ərəblərə İranın maksimal nifrəti onu bu yola salacaqdır.

Rusiya İranı artıq özünə rəqib bilir. Rusiya mətbuatında İranın xəyanətləri barədə artıq bir neçə yazı gedib. İranı tənqidi materiallar çoxalır.

ABŞ-ın Ermənistanın siyasi, coğrafi imkanlarından böyük hərbi məqsədlər reallaşdırmasına İranın nəinki susması, bəlkə də yardım etməsi Rusiyanın diqqətindən yayına bilməz. Artıq Rusiya İranın Ermənistan üzrə planının Ermənistanın işğalı olduğunu başa düşür və belə də qəbul edir. Yəqin ki, cavabları yaxın vaxtda o məntiq üzərində olacaqdır.

Şərhlər

Yaz...