Tarix: 04.11.2024 / 10:27

Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb?

"Diasporla Gündəm"in növbəti qonağı millət vəkili Aydın Mirzəzadə olub.

Onunla söhbət zamanı ölkəmizdə keçiriləcək COP29 tədbiri öncəsi Qərbin müxtəlif dairələri tərəfindən Azərbaycana qarşı olan ittihamlar və hücumlar, bu yöndə diaspordan gözləntilər və ən aktual məsələlərdən biri kimi dəyərləndirilən Qərbi Azərbaycana qayıdış kimi mövzular müzakirə edilib.

"Sözügedən tədbir ildə bir dəfə keçirilən və bütün dünyanın diqqətində olan məsələdir. COP-un ölkəmizdə keçirilməsi Azərbaycanın siyasi nüfuzunun yüksək olması, ətraf mühitin qorunmasında Azərbaycanın oynadığı rola qiymət verilməsi kimi qəbul edilə bilər. Çox sayda qonaq ölkəmizə gələcək, Azərbaycan dünya mətbuatının diqqətində olacaq. Bu isə Avropada müəyyən anti-Azərbaycan mərkəzlərinin heç də xoşuna gəlmir. Onlar Azərbaycanı gözdən salmağa, ölkəmizlə bağlı mənfi fikir yaratmağa çalışırlar. Amma bu kimi cəhdlərə baxmayaraq COP29 əhəmiyyətli bir tədbir kimi dünyanın diqqətində olacaq. Bu cür anti-Azərbaycan hərəkətləri isə ilk növbədə Avropa Parlamentinin özünün nüfuzuna təsir edəcək. COP29-u isə Azərbaycan yüksək səviyyədə keçirəcək. Ölkəmiz özünün inkişafı, demokratiya və hüquqa bağlılığı isə kiminsə məsləhəti olmadan ilk növbədə dövlətimizin marağı olduğuna görə daima bu istiqamətdə gediləcək”,- o deyib.

Deputat “Azərbaycana qarşı qərəzli mövqe nəyə hesablanıb” sualına cavab verərkən bildirib ki, Avropa İttifaqının (Aİ) aidiyyəti qurumları nədənsə, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə qiymət verməyib:

"Bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlər, artan islamofobiya və ikrah doğuran neokolonial siyasətinə qarşı hansısa bir mövqe sərgilənməyib. Fransada siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər”in aksiyalarda həyatlarını itirməsi kimi faktları belə Avropa Parlamenti (AP) görmək istəmir".

O vurğulayıb ki, Avropa Parlamenti Avropa Birliyinə üzv ölkələrin Parlament Assambleyasıdır, Azərbaycan bu birliyin üzvü deyil.

"Bununla belə Assambleyanın Azərbaycanla bağlı ara-sıra qərəzli qərarlar qəbul etməsi sadəcə olaraq təəccüb doğurur. Səlahiyyətindən və regiondan kənara çıxaraq hansısa bir ölkə haqqında qərar vermək hüququnun onlar üçün əsas olmadığını göstərir. Azərbaycanda hüquq və azadlıqlar ən yüksək səviyyədə təmin edilib. İnsan haqları yüksək səviyyədə qorunur. Demokratik prinsiplər dövlət tərəfindən daima yüksək tutulur. Seçkilərdə, vətəndaşların hüquqlarının qorunmasında bu amillər özünü təsdiq edir”,- deyə A.Mirzəzadə diqqətə çatdırıb.

Şərhlər

Yaz...