Ermənistan sərhədləri daxilində Qərbi Azərbaycan bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün yaradılan Qərbi Azərbaycan İcmasının Türkiyədəki ilk ofisi İzmirdə fəaliyyətə başlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun və çoxsaylı qonaqların iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümündə xatirəsi ehtiramla yad edilib.
Qərbi Azərbaycan İcmasının Azərbaycan türklərinin hüquqlarını qorumaq üçün yaradıldığını bildirən Məmmədov, ermənilərin Qarabağda yaşamaq hüququ olduğu kimi, Azərbaycan türklərinin də Qərbi Azərbaycan bölgəsində yaşamaq və öz mülklərinə sahib olmaq hüququnun olduğunu bildirib.
Qərbi Azərbaycan İcmasının Türkiyə nümayəndəsi Asif Qurban Türkiyədə Qərbi Azərbaycan bölgəsindən sürgün edilmiş 5-6 milyon insanın olduğunu qeyd edib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Qərbi Azərbaycana qayıdış soydaşlarımız üçün xəyaldan real müstəviyə keçib. Qayıdış Konsepsiyası ölkəmizin bütövlüyünə, suveren hüquqlarımızın və tarixi ədalətin bərqərar olunmasına xidmət edən milli ideyamızın ayrılmaz hissələrindəndir. Bu reallıq xalqımız qarşısında duran əsas çağırışlardan və ən aktual məsələlərdən biri kimi önəmini qoruyub saxlayır.