Tarix: 10.10.2024 / 08:05
Qərbi Azərbaycan İcması Varşavada ATƏT-in konfransı çərçivəsində yan    tədbir keçirib

Qərbi Azərbaycan İcması Varşavada ATƏT-in konfransı çərçivəsində yan tədbir keçirib

Oktyabrın 8-də Varşavada, ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində, Qərbi Azərbaycan İcması tərəfindən qayıdış hüququ mövzusunda yan tədbir keçirilib.

Bu barədə məlumatı Diaspora.TV-yə Polşa Azərbaycanlıları Şurasından veriblər.

Tədbirin əsas məqsədi Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz şəkildə geri qayıtmaq hüququnun təmin edilməsinə beynəlxalq səviyyədə diqqəti artırmaq olub. Tədbir zamanı qayıdışın hüquqi, humanitar və praktiki tərəfləri geniş şəkildə müzakirə edilib.

Tədbir şərhçi və jurnalist Dr.Harvey Dzodinin moderatorluğu ilə keçirilib.

Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən çıxış edərək, Ermənistanın törətdiyi etnik təmizləmə, icmanın qayıdış hüququ sahəsində gördüyü işlərdən danışıb və bu mövzunu qlobal gündəmdə saxlamaq üçün həyata keçirilən səyləri vurğulayıb.

Bosniya və Herseqovinadan olan məcburi köçkün Erna Yaşareviç köçkünlük ilə bağlı şəxsi hekayəsini bölüşərək, ədalətin təmin edilməsinin barışıq üçün zəruri şərt olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aparat rəhbəri Aydın Səfixanlı Ermənistanın Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoyması və onların qayıdışına imkan verməməsi səbəbindən meydana çıxan insan hüquqları pozuntuları barədə çıxış edib.

Tədbir iştirakçıları arasında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Avstriyadakı səfiri, ATƏT və BMT-nin daimi nümayəndəsi Rövşən Sadıqbəyli həmçinin Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və idarə heyəti üzvləri də olub.

Tədbir beynəlxalq ictimaiyyətin diqqətinin Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların didərgin edilməsi ilə yaranan bir sıra problemlərinə, onların qayıdış hüququnun təmin edilməsi məsələsinə və aidiyyatı qurumların diqqətini bu məsələyə yönəltmək üçün faydalı olub, eyni zamanda, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçün beynəlxalq dialoqa töhfə verib.


Şərhlər

Yaz...