Tarix: 31.07.2024 / 15:51
Vətənimizin, xalqımızın, Prezidentimizin yanındayıq  -  Firəngiz Bağırova

Vətənimizin, xalqımızın, Prezidentimizin yanındayıq - Firəngiz Bağırova

Bu gün Azərbaycan mədəniyyətinin, xüsusilə milli musiqimizin davamlı olaraq inkişafı istiqamətində böyük əhəmiyyətə malik tədbirlər həyata keçirilməkdədir. Dahi Üzeyir Hacıbəylidən, Qara Qarayevdən, Fikrət Əmirovdan bizlərə miras qalmış milli musiqimizin inkişafına dövlət səviyyəsində yüksək qayğı göstərilir. Milli musiqimizin, mədəniyyətimizin bütün dünyada daha geniş təbliğində xarici ölkələrdə yaşayan, qəlbi Vətən sevgisi ilə döyünən musiqiçilərimiz böyük səy göstərir, respublikamızı uğurla təmsil edirlər.

Diaspora.TV xəbər verir ki, AZƏRTAC-ın növbəti müsahibi milli musiqimizi xarici ölkələrdə müvəffəqiyyətlə təmsil edən Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri, musiqiçi-bəstəkar Firəngiz Bağırovadır.

Niderlandda Azərbaycanı, onun tarixini, mədəniyyətini, hazırkı inkişafını geniş şəkildə tanıtmaq məqsədilə 2002-ci il noyabrın 7-də yaradılmış bu Cəmiyyət ötən 22 ildə öz missiyasını çox uğurla yerinə yetirməklə yanaşı musiqi mədəniyyətimizin bu ölkədə təbliğ və təqdiminə də fəaliyyətində geniş yer ayırıb.

Müsahibimiz bildirib ki, bu illər ərzində müxtəlif musiqi ocaqları ilə maraqlı layihələr həyata keçirilib:

“Belə ki, biz Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini yerli xorlara təqdim etmişik. O əsərlər uzun illər xorların repertuarlarında yer alıb. Niderland Krallığının Groningen şəhərində fəaliyyət göstərən Turmar xoru ilə “Sarı gəlin” layihəmiz bir neçə il gündəmdə qaldı, müxtəlif şəhərlərdə konsertlərimiz də oldu. Bu proyektin son təqdimatı İsveç xorunun dəvəti ilə həmin ölkəyə getdiyimiz zaman keçirildi.“Sarı gəlin” layihəsindən əlavə, “Dünya uşaqların gözü ilə” adlı layihəmiz də böyük maraqla qarşılandı. Bu layihədə milli musiqilərimizdən başqa, Xocalı soyqırımı barədə səhnəciklər də əks olunmuşdu. Tədbirə gələn yerli və xarici vətəndaşlar bu hadisəni ilk dəfə eşitdiklərini bildirib, bu soyqırımı haqqında ətraflı məlumat alırdılar. Bir çox məlumat daşıyan kitabları, Azərbaycan musiqi əsərlərini konservatoriyalara, həmçinin yerli kitabxanalarına təqdim etmişik”.

Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti tək xorlarla yox, müxtəlif musiqi məktəbləri ilə də konsertlər təşkil edir. Ölkə musiqisini xarici və yerli musiqi məktəblərinin şagirdlərinə sevdirə bilən Firəngiz Bağırova artıq məktəblərə müraciət etmədən, onların özündən təklif aldığını bildirir. Cəmiyyətin təşkilatçılığı və iştirakı ilə ölkəmizin əlamətdar günləri, eləcə də anım günləri ilə əlaqədar keçirilən tədbirlər hər zaman böyük maraqla qarşılanır. Hər il Amsterdam şəhərinin Dam meydanında yerli və xarici qonaqlara 20 Yanvar və Xocalı soyqırımına həsr olunmuş tədbirlər təqdim edilib. Həmçinin Cəmiyyətin sədri Frəngiz Bağırovanın Xocalı soyqırımının 15 illiyinə yazdığı “Bir gecənin sirri” adlı hekayəsi Haaqa şəhərində “Theater de Vaillant”da tamaşaçılara təqdim olunub. Hətta Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti bir neçə il Novruz bayramı, 30 Mart - Azərbaycanlıların Soyqırımı Günü və Respublika Gününə aid poçt markalarını da çap etdirib.

Həmsöhbətim qeyd edib ki, Cəmiyyət, eyni zamanda, Azərbaycanın haqlı mövqeyini dəstəkləmək üçün bir sıra mitinqlərdə, dost cəmiyyətlərin tədbirlərində, görüşlərdə iştirak edib, Niderland parlamentinə müraciət də ünvanlayıb.

“Biz hər zaman Vətənimizin, xalqımızın, Prezidentimizin yanındayıq, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.

Respublikamızı xarici ölkələrdə ləyaqətlə təmsil edən Firəngiz Bağırova Azərbaycan xalq mahnılarını və görkəmli bəstəkarların musiqi əsərlərini xarici dövlətlərdə tanıtmaqla yanaşı, özü də bir çox mahnıların bəstəkarı və ifaçısıdır. Onun 20 Yanvar şəhidlərinə bəstələdiyi “Şəhidlər” mahnısı həmyerlilərimiz arasında sevilir və dinlənilir.





Şərhlər

Yaz...