“Bu petisiyanın başlamasının əsas səbəbi Tovuz hadisələri zamanı Los-Ancelesdə ermənilərin azərbaycanlılara göstərdiyi zorakılıq zamanı soydaşlarına dəstək olan Fəxri Mirzəquliyevin haqq səsinə Dünya azərbaycanlılarını cəlb edib, öz gücümüzü və birliyimizi nümayiş etdirməkdir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının rəhbəri, tanınmış modelyer Şervin Nəcəfpur bildirib.
Ş.Nəcəfpurun sözlərinə görə, bu hadisədən sonra ermənilər Fəxri Mirzəquliyevin iş yerinə hədələyici məktublar ünvanlayıblar, Los-Anceles Şerif Departamentindəki işindən qovulmasına nail ola biliblər:
“Fəxri Mirzəquliyev tək başına erməni diasporu ilə mübarizə apardı. Biz Dünya azərbaycanlıları imkan verməyəcəyik ki, vətəndən kənarda yaşayan vətənpərvər həmyerlilərimiz nə küsdürülsün, nə də haqq səsləri lazımı qurumlara çatırılmasın”.
Ş.Nəcəfpur qeyd edib ki, ABŞ-da çox çətin vəziyyətdə olan soydaşlarını qoruduğu üçün ağır təzyiqlərə məruz qalan F.Mirzəquliyevin dəstəyə ehtiyacı var:
“Tək bir imza ilə Dünya azərbaycanlıları onun qəhrəmanlıq hekayəsini unutmadıqlarını nümayiş etdirməlidirlər. Toplanan imzalar daha sonra isə rəsmi məktubla Möhtərəm Cənab Prezidentə ünvanlanacaq”.
Xəyalə Zöhrab
Diaspora.TV
Məmmədova Kifayət
Haqq işi uğrunda mübarizəyə qoşuluram. Allah qapısını açsın
18.09.2024 / 06:12